Rusiya-Ukrayna müharibəsi bitir, yoxsa geriyə yollar yoxdur...

Rusiya-Ukrayna müharibəsi bitir, yoxsa geriyə yollar yoxdur...

Son iki gündə Ukrayna müharibəsinin 2024-cü ildə bitəcəyi barədə müxtəlif rəylər, proqnozlar daha çox müzakirə olunur. Əgər bundan əvvəl Ukraynaya Qərbin yardımı daha çox müzakrə hədəfi idisə, yardım qərarı veriləndən sonra bir neçə variantda müharibənin bitmə şərtləri hər iki tərəfdən səslənməyə başlayıb.
Ukrayna prezidenti Zelenskinin növbəti sülh sammitinə Rusiyanın da dəvət olunacağını və müharibəni bitirəcəyini deyən ABŞ prezidentliyinə namizəd Trampla fikir mübadiləsi aparmaq üçün görüşməyə hazır olduğunu bildirməsi, radikallıqdan uzaqlaşmanın detalları kimi dəyərləndirilə bilər.  Şanxay Əməkdaşlıq Təşkilatının Astana görüşündə RF prezidenti Vladimir Putinin də Ukrayna ilə bağlı dediklərində əhəmiyyətli geriçəkilmə hiss olunmasa da, əvvəlki sərtlik də yox idi. Müharibə tərəfləri bezdirirmi? Əlbəttə, ilk növbədə Ukrayna daha çox fəlakət içindədi. 
Rusiya da cəbhədə böyük itkilər hesabına üstünlüklər qazansa da, iqtisadiyatın çətin vəziyyətə düşməsi, əhali arasında narazılıqların sürətlə artması, cəbhədə itkilərin artması, iqtidar komandasında narazılıqların getdikcə hiss olunması Kremli də tükəndirir və danışıqlar aparmağa hazır olduğunu hiss etdirir. Amma, Putinin çıxışından məlum oldu ki, kompromisə getmək niyyəti yoxdur.
Müharibənin bitməsini ən çox Qərb istəyir desək yanılmarıq, çünki birləşmiş Qərb ayırdığı yardımların ölkələrində yaratdığı bahalaşmanın və bununla əlaqədar əhalinin narazılığının fərqindədir. Amma, qeyd etdiyimiz kimi, sadəcə müharibə tərəfləri, xüsusilə sadə insanları bezdirib, yorub. Siyasilər isə ayrılqda yenə əvvəlki mövqelərində qalırlar. Rusiyanın şərti çox ağırdır. İşğal etdiyi əraziləri, üstəlik hələ Donetsk, Luqansk, Xerson, Zaporojye vilayətlərinin ələ keçirə bilmədiyi ərazilərindən Ukrayna ordusunun geri çəkilməsini istəyir. Bu ərazilərin və Krımın RF-yə məxsus olduğunun tanınmasını, Ukraynanın NATO-ya üzv olmayacağını və Rusiyanın üzərindən sanksiyaların götürülməsini şərt kimi irəli sürür.
 
 Bu, Rusiyanın qəbuledilməyən rəsmi mövqeyidir. Ukrayna da Qərb də razılaşmır. Vladimir Zelenskinin baş müşaviri Andrey Yermak dünən bəyanat verdi ki, bəzi Amerika və Avropa müttəfiqləri Kiyevdəki rəsmilərə Rusiya ilə danışıqların məqsədəuyğunluğu barədə pıçıldasalar da, Ukrayna “komromislərə hazır deyil”. Kiyev yalnız on bəndlik sülh formulu əsasında danışıqlara hazırdır və Yermakın fikrincə, bu, ölkəsi üçün “ədalətli sülhə” gətirib çıxaracaq. 
 Dünya siyasi ictimaiyyətinin əhəmiyyətli bir hissəsi də barışıq imkanlarının mövcud olduğunu, iki tərəfin ( Ukrayna və Rusiya) hələlik fərqli şərtlər irəli sürməsinə baxmayaraq, bu şərtləri müzakirə etməyə hazır olduğunu son günlər tez-tez səsləndirirlər. Burada Trampın müharibəni dayandıracağı barədə dediklərini pozitiv mövqe kimi qəbul edənlərin də rolu var.
 
  Yuxarıda qeyd olunanları nəzərə alsaq, müharibənin davam edəcəyi şübhə doğurmur. O zaman müharibənin daha kəskin xarakter alacağı daha inandırıcıdır, nəinki barışığın yaranması. Rusiya Ukraynanın canlı qüvvə sarıdan kritik durumda olduğunu səsləndirsə də, müasir müharibənin yeni metodları təkmilləşmə yolundadır. İki ildən artıq davam edən müharibə getdikcə daha çox canlı qüvvələrin deyil, PUA-ların, raketlərin hücumu ilə seçilir. 2023-cü ildən başlayaraq Ukrayna qarşı tərəfin ordusuna, o cümlədən Rusiyanın içərilərinə zərbələri, hücumları əsasən Ukrayna MN Kəşfiyyat Baş İdarəsinin uğurlu əməliyyatları ilə davam edir. Ümumiyyətlə, mütəxəssislər bu müharibədə Kəşfiyyat Baş İdarəsinin və onun rəhbəri gənc general Kirill Budanovun xüsusi fəallığını xüsusi qeyd edirlər. Analitiklər müasir müharibədə Ukrayna kəşfiyyatının yeni metodlar tətbiq etdiyini, hətta gizli deyil, kütləvi kommunikasiyalardan açıq şəkildə istifadəsini vurğulayırlar.
 
Rəqibi demoralizasiya etmək məqsədilə kəşfiyyat idarəsi sosial şəbəkələrdə xüsusi təyinatlı dəstələrin fəaliyyətini işıqlandırır. Məsələn, Rusiya hərbi donanmasının gəmilərinin məhv edilməsini “Group 13” xüsusi dəstəsi həyata keçirib, əməliyyatı videoya çəkərək paylaşıb və məxvi yolla ələ keçirilən rus hərbiçilərin təlaşını, müzakirələrini yayaraq düşmənə informasiya zərbəsi də vurub. Bu və ya digər əməliyyatlar kəşfiyyat rəhbəri Kiril Budanovu ukraynalılar arsında pərəstiş edilən şəxsiyyətə çevirib. Rusiyanın daxilində, hətta cəbhə bölgəsindən uzaq dərinliklərdə Ukrayna Kəşfiyyat Baş İdarəsinin hədəfləri vurmasının nəticəsidir ki, Vladimir Putin kəşfiyyatın rəhbəri Kiril Budanovu bir nömrəli düşməni hesab edir. Ona görə ki, Rusiyanın daxilinə, hətta Moskva ətrafına PUA-ların zərbələri intensiv xarakter aldıqca Rusiya cəmiyyəti içərisində narazılıqların artması və perspektivdə kütləvi forma alması tamamilə mümkündür və bu hal xüsusi xidmət orqanının keçmiş zabiti kimi Putinin ən çox ehtiyat etdiyi, çəkindiyi faktordur.
 
 Kəşfiyyatın sosial şəbəkəlr vasitəsi ilə apardığı təbliğat nəticəsində Rusiya hərbiçiləri belə, könüllü olaraq “haqlı tərəfə” keçiblər.
 
  Kəşfiyyatla bağlı məsələləri ona görə vurğulayırıq ki, Putin Ukraynanın canlı qüvvəsinin tükəndiyini səsləndirsə də, bu müharibədə getdikcə ordudan çox, onun kəşfiyyat idarəsinin apardığı əməliyyatlar Rusiyaya daha çox itkilər verir və gələcəkdə daha da təkmilləşəcək. Odur ki, Ukraynanın tezliklə ağ bayraq qaldıracağını proqnoz edənlər yanılırlar. Rusiyanın təklif etdiyi variant atəşkəs deyil, kapitulyasiya aktıdır və Ukrayna da, Qərb də o ovqatda deyil. 
 
 İlham İsmayıl






Fikirlər