Arayik Azərbaycan xalqından üzr istədi ...

Arayik Azərbaycan xalqından üzr istədi

“Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Harutyunyan Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsində bəyanatla çıxış edib.

AzerTaym.az xəbər verir ki, o, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı bəyanatının olduğunu və buna görə təəssüfləndiyini bildirib.

“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”, - Araik Harutyunyan əlavə edib.

Qeyd edək ki, yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi keçirilib və məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.






Fikirlər