Məmurlar “MERSEDES”dən düşəcəklərmi?

Bəli, həftə birmənanlı olaraq ölkənin iqtisadi durumu ətrafında cərəyan etdi – bəyanatların və maraqlı xəbərlərin azlığından şikayət etmək üçün əsas qalmadı. 
Əvvəlcə prezident iqtisadi islahatlar üzrə köməkçisini təyin etməklə böyük islahatların daha bir anonsunu verdi. Bu il multikulturalizm ili elan olunsa da bir daha aydın oldu ki, əsas proseslər iqtisadi islahatlar ətrafında cərəyan edəcək.
İnsanlar narahatdır. İş adamları özlərinin sərəncamında olan məhsulların və xidmətlərin qiymətini artırmaqla məşğuldur. Qiymətlər o qədər artıb ki, bunu kompensasiya etmək üçün maaşlara və təqaüdlərə əlavə edilən 10 faizlik artım  da çətin ki, bu missiyanın öhdəsindən gələ  bilsin...
Etiraf etmək lazımdır ki, prezident çox ciddi şəkildə vəziyyətdən çıxış yolu, büdcədə qənaət üçün imkanlar axtarır. 
Bu günlərdə sahibkarlarla və nazirlərlə görüşündə o, bizim məmurları “Mersedes” markalı avtomobillərdən düşməyə, yerli maşınlardan istifadə etməyə, hətta öz iş yerləri üçün yerli mebellər almağa çağırdı.
Belə bir qərar vaxtilə BorisYeltsinin dövründə Rusiyada olmuşdu. Yerli avtomobil sənayesini qorumaq üçün o, dövlət qulluqçularına yalnız yerli məhsullar almağı tapşırmışdı. Təbii ki, qərar yalnız məmurlara aid idi, digər insanlar isə istədikləri avtomobilləri ala bilərdilər...  
Ona görə də islahatların növbəti mərhələsində bizim məmurlardan çox şey asılı olacaq. Onlar hamıdan əvvəl islahatlara psixoloji cəhətdən hazır olmalı, qənaəti özlərindən başlamalı və ictimai nəzarətə dözümlü olmalıdırlar.
Bəlkə də yerli mallardan istifadə etmək çağırışı bir az populizm kimi görünə bilər. Amma niyə də yox? Məmurlar “Mersedes”ə minməsə dünya dağılacaqmı?..   
Hələlik hökumət qiymətləri cilovlamağa çalışır. Amma alınırmı? Güman etmirik. Bu vəziyyət daha çox psixoloji inflyasiya sindromunu xatırladır. Mən onu hələ yaz aylarında müşahidə etmişdim – panika hamını bürümüş, daha  “cəsarətlilər” qiymətləri dərhal artırmış, digərlərisə xidmətləri dayandırmışdı ki, görsün, prosesin axırı necə olacaq?
Bu dəfə də belə oldu. Diqqətimizi həm də belə detal çəkdi ki, panika adi adamlara – istehlakçılara da yol tapmışdı. Onlar da hər dəfə aldıqlarından daha çox mal almağa çalışır, sanki bununla bahalaşmanın təsirini azaltmağa cəhd edirdilər...
Desək ki, panika tamam çəkilib, bu, düzgün olmaz. Amma insanlar yavaş -yavaş özlərinə gəlirlər. Təbii ki, bahalaşmaya alışmaq çox çətindir. Amma nə etmək olur? Görünür, qiymətlərin də “üzməsinə” alışmaq lazım gələcək...
Hökumət daha nə edir? Etiraf etmək lazımdır ki, iş gedir. Az qala iki gündən bir toplantı keçirilir...
Fəqət, toplantılarla və iclaslarla məsələ həll olunsaydı, sovet hakimiyyəti 70 il yox, bəlkə də 170 il çəkərdi...
Amma ali hakimiyyətin davranışında, prezidentin siyasətində bir sistem müşahidə olunur. Çinə səfər, Gürcüstana səfər, İranla aparılan son danışıqlar göstərir ki, prezident və hökumət həqiqətən də ölkənin tranzit imkanlarının inkişafına təkan verməyə cəhd edir...
Elə iqtisadçılar da proqnozlar səsləndirirlər ki, ölkənin tranzitdən ala biləcəyi gəlirlər neft gəlirlərilə müqayisə olunmasa da onlardan kəskin şəkildə fərqlənməyəcək...
Təbii, bu, bir qədər toxtaqlıq verir. Bahalaşmaya gəldikdə isə, qiymətlərin aşağı düşməsinin ən yaxşı yolu bazarda təklifin artırılmasıdır. Təklif çox olsa, qiymətlər də düşə bilər....
Xarici ekspertlər də Azərbaycan iqtisadiyyatı ilə bağlı daha nikbin fikirdədirlər. Onlar belə hesab edir ki, Azərbaycan böhrandan daha tez vaxtda qurtula biləcək...
Yerli ekspertlər də bir il, il yarım vaxt göstərirlər. Fəqət, hamı iqtisadi islahatların ən çətin mərhələsini – özəlləşdirməni gözləyir. Qəzetlər, saytlar bu məsələ ilə bağlı yazılar dərc edir, hətta özəlləşdiriləcəyi ehtimal olunan sahələrin siyahısını da göstərirlər...
Ən birinci yerdə də kommunal sfera gəlir. Açığı, biz də bununla bağlı bir az narahatlıq keçiririk. Amma əvvəlcə onu deyək ki, ideal özəlləşdirmə olmur və bu sahədə müəyyən narazılıqların olacağı şübhə doğurmur. İlkin kapital yığımı dövrü kimi özəlləşdirmə də müəyyən qüsurlarla müşaiyət olunur. Gəl ki, başqa çıxış yolu da yoxdur...
Kommunal sferada özəlləşdirməyə əvvəllər də cəhd olunmuşdu. Fəqət, həmin cəhdlər nə ilə bitdi, bu, hamının yadındadır. Yox, buna etiraz kimi hər hansı bir aksiya müşahidə olunmadı. Ümumiyyətlə, Azərbaycanda iqtisadi islahatlar heç bir vaxt sosial etirazlara səbəb olmayıb. 
Amma bu, o demək deyil ki, onu istənilən şəkildə keçirmək və insanların mənafeyini nəzərə almamaq olar. Söz yox ki, belə deyil. Azərbaycanda sosial etirazların olmaması daha çox başqa səbəblərlə bağlı olub – onlar bir çox hallarda sadəcə, ona görə olmurlar ki, buna icazə verilmir...
Bir məsələni qeyd etmək lazımdır ki, ölkənin birinci özəlləşdirmə mərhələsindən fərqli olaraq indi start vəziyyəti fərqlidir. Bunun özü prosesin mülayim keçə bilməsinə dəlalət edir. Fəqət, bütün hallarda hökumətdən daha çox şəffaf işləmək və ictimai rəyə daha diqqətli olmaq tələb olunacaq...
İnsanları düşünmək lazımdır. Bunun üçün imkanlar da var. Təxminən 40 milyard dollarlıq valyuta ehtiyatı buna imkan verir. Elə toxtaqlıq verən daha bir xəbər də onunla bağlıdır ki, hökumət sosial proqramların axıra qədər icra olunacağını bildirir...
Qərəz, hökumət də, cəmiyyət də növbəti bir sınağın ərəfəsindədir. Bu sınaqdan hamılıqla çıxmağa cəhd etmək, cəmiyyəti, insanları, kiçik və orta biznesi  düşünmək lazımdır...
Adətən böhran gücə həssas olur, onu yalnız güclülər dəf edə bilir. Amma biz biologiyanın qanunlarını cəmiyyətə gətirə bilmərik. Cəmiyyəti düşünmək elə də mübahisəli deyil. Kiçik və orta biznesə gəldikdə isə, onlarsız bazar iqtisadiyyatı olmur, onlar varsa, deməli sağlam rəqabət və sağlam iqtisadiyyat var. Düşünürük ki, hökumət də bunun fərqindədir...   (musavat.com)

 

 






Fikirlər