“VƏTƏNDAŞLARIN müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanından irəli gələn VƏZİFƏLƏR GENİŞ MÜZAKİRƏ OLUNDU.

23 fevral 2016-cı il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunmuş “Vətəndaşların müraciətləri haqqında”  Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı  qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sədrliyi ilə keçən müşavirədə aparatın kollektivi, aidiyyəti sahəyə məsul şəxslər, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişdir. Müşavirəni açan İcra başçısı cənab Prezidentin müvafiq fərmanı ilə  təsdiq olunmuş “Vətəndaşların müraciətləri haqqında”  Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrdən geniş danışmış və Qanunun icrası ilə bağlı şəhər İcra hakimiyyətinin xətti ilə həyata keçirilən təşkilati-nəzarətedici tədbirlər barədə ətraflı məlumat vermişdir. Natiq çıxışında Qanunun hər bir dövlət məmuru tərəfindən diqqətlə öyrənilməsinin vacibliyini qeyd etməklə yol verilən nöqsanların təkrarlanmaması üçün hər bir vəzifəli şəxsin rəhbərlik etdiyi sahədə kompleks tədbirlər görməsini və cavabdeh şəxslərin məsuliyyət hissinin artırılmasını tələb etmişdir. İcra başçısı cənab  Prezident İlham Əliyevin rəhbərliyi ilə həm ölkədə, həm də regionlarda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin ölkə vətəndaşlarının rifah-halının yaxşılaşmasına, insanların narahatçılığına səbəb olan problemlərin həllinə xidmət etdiyindən  əhali tərəfindən rəğbətlə qarşılandığını bildirməklə Lənkəran şəhərinin, bütövlükdə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə görə sakinlərin cənab Prezidentə minnətdarlıqlarını ifadə etdiklərini, bununla bağlı ölkə başçısına, yüksək dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə təşəkkür və razılıq məktubları ünvanladıqlarını vurğulamışdır. Son illərdə rayonda həyata keçirilən sosial layihələr, məktəb, xəstəxana, yol-körpü tikintisi, kütləvi qazlaşma, içməli su xəttinin çəkilişi, çoxmərtəbəli yaşayış binalarının əsaslı təmirinin vətəndaşın çoxillik arzusu olduğunu, bunların cənab Prezident İlham Əliyevin ardıcıl səyləri, yaxından diqqəti və qayğısı ilə başa gəldiyini və dövlətin öz vətəndaşlarına xidmətinin bariz nümunəsi olduğunu söyləmişdir.

 Müşavirədə şəhər İcra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri və digərləri çıxış edərək vətəndaş müraciətlərinə baxılması, bu sahədə işin daha da yaxşılaşdırılması ilə bağlı fikirlərini söyləyiblər.

AzerTaym.az






Fikirlər