KEÇMİŞ DEPUTATIN ADI ZAVOD QALMAQALINDA – VİDEO

Haqverdi Məmmədov Sumqayıtda yerləşən Ağac Emalı Zavodunun səhmlərinin 43 faizinə sahib olub.
 Yoldaşı Elmira Məmmədova danışır ki, onlar öz qazanclarını, qohum-əqrəbadan topladıqları 1 milyon yarım vəsaiti zavoda yatırıblar. Daha sonra Haqverdi Məmmədov bank sistemindən tanış olduğu keçmiş deputat, “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin köməyi ilə bankdan 5 milyon kredit götürüb. Bu kreditin hesabına Almaniyadan yeni texnikalar gətirib zavodda quraşdırıb.
Xanımın sözlərinə görə, Çingiz Əsədullayev xammalın alınmasında da köməklik göstərəcəyini deyib, amma iş vədə çatanda sözündən çəkilib. Elmira xanım bildirir ki, Çingiz Əsədullayev hədə-qorxu ilə zavodun səhmlərini yoldaşından alıb. “Zavodun işi dayanmışdı. Çingiz Əsədullayev yoldaşıma dedi ki, işləyirsən işlə, işləmirsən səhmləri ver biz işlədək. Bir nəfər gəlsin bankın da borcun ödəsin, zavodu abadlaşdırsın. Zavodu verməsən, sənin üçün, uşaqların üçün problemlər yaranacaq. Səhmlər də uşaqlarımın adına idi. Orada Eldar Mahmudovun adını çəkdi. Bilmirəm, onun buradakı rolu nədən ibarət idi. Dedi, bu sənə göstərişdir, zavodu verməlisən. Zavodu verməsən, özün də, övladların da içəri gedəcək”.
2006-cı ildən zavodda işləyən Haqverdi Məmmədov 2010-cu ildə oğlunun adına aldığı səhmləri Burhan Həmidov adlı şəxsə satır. O söz verir ki, zavoda görə götürülən kredit borclarını ödəyəcək. Notarius sənədindən göstərilir ki, səhm 104 min 750 manata alqı-satqı edilib. Elmira xanım bankın 18 milyon manat dəyərində qiymətləndirdiyi zavodun 43 faiz səhminin 104 min manata alqı-satqı edilməsinin bunun yalnız təzyiq qarşılığında olmasını göstərdiyini deyir: “İki evimiz var idi, onların ikisini də borc sahiblərinə verdim. Zavoda borca verilən pullar var idi, heç biri kömək eləmədi, qaldım küçələrdə… O biri borclular da üstümə gəldilər. Biri dedi, uşağını öldürəcəm, biri dedi nəvəni aparacam, hətta bizi izləyirdilər, hədə-qorxu gəlirdilər. Qorxumuzdan uşağımın evini də girov qoyduq pul götürdük qalan borclulara verdik”- Elmira Məmmədova deyir.
Aldadılaraq səhmlərini əllərindən dəyər-dəyməzinə alındığını deyən qadın Baş Prokurorluğa, Prezident Administrasiyasına, Milli Məclisə şikayət məktub yazıb. Respublika Prokurorluğundan yazıblar ki, müraciətiniz Mərkəzi Banka göndərilib, araşdırılır. “Bu ailəni övladları ilə sınağa çəkdilər. Bu ailəni övladları ilə qorxudub zavodlarını əllərindən aldılar. Mən inanmıram ki, bu işdə Eldar Mahmudovun əli var. Bu, birbaşa Çingiz Əsədullayevin özünün fırıldaqlarıdır, ssenariləridir. Bu gün də qaçıb gizlənir. Nəyə arxayındır, bilmirəm. Deyir ki, kimə şikayət edirsiniz edin”- Elmira Məmmədovanın qardaşı Aslan Mazanov deyir.
“Azəriqazbank”ın problemli kreditlərin idarə edilməsi üzrə baş direktoru Rizvan Baxşıyev deyir ki, 2013-2014-cü il aralığında Nərimanov rayon Məhkəməsinin qərarı ilə zavod kredit borclarını 3 ildir ödəmədiyinə görə səhmlər ondan götürülüb. O bildirir ki, zavod hələ də banka borcludur. Amma ödənişlər də edirlər. “Kredit öhdəliklərini yerinə yetirmədiklərinə görə bank olaraq onları məhkəməyə vermişik. Məhkəmə qərarı ilə səhmlər alınıb banka keçirilib”- Rizvan Baxşıyev bildirir.
Rizvan Baxşıyev deyir ki, Burhan Həmidov hazırda zavodda səhm sahibi deyil. Amma Çingiz Əsədullayevin zavodda səhmi var. Bank işçisi bildirir ki, Çingiz Əsədullayev təzyiq vasitəsilə səhmləri götürməyib.” Çingiz müəllim onu necə məcbur edə bilər ki, səhmləri satsın? Heç kim heç kimi məcbur eləməyib. Heç kim heç kimdən səhmləri almayıb”.
Keçmiş deputat Çingiz Əsədullayev mobil telefonuna cavab vermədi.
Aslan Mazanov deyir ki, o və digər qohumlar da zavoda görə evlərini girov qoyub Məmmədovlar ailəsinə kömək ediblər. Ümumilikdə 10 ailə zavodun səhmləri alınandan sonra müflisləşiblər. “Çingiz Əsədullayev ən azı 10 ailəni məhv eləyib. Mən bildiyimə görə Çingiz Əsədullayev cənub bölgəsindəndir. O, bu dövlətin qanunlarından qorxmurdusa, heç olmasa Allahdan qorxaydı. Allahdan qorxaydı, bu ailəni məhv eləməyərdi”.
arqument.az






Fikirlər