Azərbaycan HOTELLƏRİNDƏ turistlərə dollar kələyi - QONAQLARIN ciblərinə belə girirlər

Azərbaycanın bölgələrində fəaliyyət göstərən hotel, SPA, istirahət və müalicə mərkəzlərinin bir çoxunda xarici valyuta (dollar) ilə ödəniş etmək mümkün olsa da, bir çoxlarında müştəridən alış məzənnəsi Mərkəzi Bankın gündəlik təqdim etdiyi rəsmi məzənnədən xeyli aşağı göstərici ilə hesablanır.

Qeyd edək ki, AMB-nin bu günə olan rəsmi məzənnəsi ABŞ dolları üçün 1,5737 AZN/USD təşkil edir və icazə verilən 4%-lik marja nəzərə alınmaqla alış məzənnəsi minimum 1,5108 manat ola bilər. Bu məzənnədən ucuz qiymətlə valyutanın qəbulu isə qanunsuz sayılır.
Regionlarda bəzi turizm obyektlərində ödəniş vasitəsi kimi xarici valyuta qəbul olunsa da, digər obyektlərdə yalnız manatla ödəniş etmək mümkündür.
Belə ki, Qəbələ rayonunda yerləşən "Qafqaz Termal Hotel&Spa"dan bildirilib ki, burada alış məzənnəsi 1,49 AZN/USD təşkil edir və hotel rəhbərliyi tərəfindən müəyyənləşdirilən bu məzənnə hər zaman aşağı olduğu bildirilib: "Hələ dollar 0,78 manat olanda da hotellər onu ucuz alırdı. O vaxt təxminən 0,76 qəpiyə alınırdı. Hotellərdə məzənnə siyasəti başqadır və həmişə burada dollar ucuz olub".
"Qafqaz Hotel"ləri şəbəkəsinə daxil olan və Qəbələdə yerləşən "Qafqaz Sport Resort Hotel", "Qafqaz Tufandag Mountain Resort Hotel" və "Qafqaz Riverside Hotel"də də dollarla ödəniş 1,49 AZN/USD məzənnəsi ilə qəbul edilir.
"Ramada Plaza Gence"də (Gəncə şəhəri) dollarla ödəniş qəbul edilir və hesablaşma 1,50 AZN/USD məzənnəsi ilə aparılır.
"Rixos Quba Azerbaijan"da (Quba) yalnız manatla ödəniş etməyə imkan olmadığı halda müştəridən Mərkəzi Bankın rəsmi məzənnəsi ilə xarici valyuta qəbul olunur: "Bizim hotelin nəzdində valyutadəyişmə şöbəsi yoxdur. Yalnız işlək vəziyyətdə olmayan ATM var".
"Samaxi Palace Platinium by Rixos"da (Şamaxı) rəhbərliyin icazəsi olmadığı üçün ödəniş yalnız manatla aparılır: "Hotelin nəzdində valyutadəyişmə şöbəsi yoxdur, yalnız işlək vəziyyətdə "Rabitəbank"ın ATM-i var".
"Chinar Hotel and Spa"da (Naftalan) xarici valyuta nağd ödəniş üçün qəbul edilmir, lakin beynəlxalq ödəniş sistemlərinə aid plastik kartların istifadəsi mümkündür: "Bizim hotelin nəzdində "AtaBank"ın filialı fəaliyyət göstərir".
"Karvansaray Hotel"də (Şəki) dollarla ödəniş etmək mümkündür. Burada hesablaşma 1,50 AZN/USD məzənnəsi ilə aparılır: "Rəsmi məzənnə neçə olursa olsun, biz bu qiymətə alırıq. Çünki sonra pulu xırdalamaq lazımdır, bunun yol pulusu və digər xərcləri var. Hoteldə nə ATM, nə də valyutadəyişmə məntəqəsi var. Yalnız rəhbərlik və şəhərdə fəaliyyət göstərən banklar vasitəsilə xarici valyutanı dəyişmək olar".
"Excelsior Hotel" (Şəmkir) də ödəniş üçün dollar qəbul edirlər: "Bizim hotelin nəzdində valyutadəyişmə şöbəsi var. Bütün mübadilə əməliyyatları da bank məzənnəsi ilə həyata keçirirlir".
Qeyd edək ki, hotellərin ödənişi xarici valyutada qəbul etməsi yalnız onların nəzdində hər hansı bir kommersiya bankının valyuta mübadiləsi şöbəsi olduğu təqdirdə mümkündür.
Xatırladaq ki, Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən, valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları üzrə nəzarəti vergi orqanları həyata keçirir.
Vergilər Nazirliyindən bildirilib ki, hotellərin bu formada ödəniş qəbul etməsi qanun pozuntusudur: "Mövcud qanunvericilik valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsini qadağan edir".

 






Fikirlər