Dövlət Komitəsinin səlahiyyəti ləğv OLUNDU
Nazirlər Kabineti “Patent müvəkkilləri haqqında Əsasnamə”də dəyişikliklər edib. APA-nın məlumatına görə, dəyişiklik patent müvəkkilinin attestasiyası və qeydiyyata alınması ilə bağlıdır. İndiyə qədər attestasiya komissiyasının tərkibi ilə bərabər aparılma qaydasını da SMPDK tərəfindən müəyyən edilib. Dəyişikliyə əsasən SMPDK-nin attestasiyanın aparılma qaydasını müəyyən etmək səlahiyyəti ləğv olunub. Bundan sonra namizəd üzrlü səbəb olmadan attestasiyaya gəlmədikdə və bu barədə məlumat vermədikdə, attestasiyadan keçməmiş hesab ediləcək. Namizəd üzrlü səbəbdən attestasiyada iştirak etmədikdə, attestasiya komissiyası tərəfindən attestasiyanın keçirilməsi üçün yeni vaxt təyin ediləcək və namizədə məlumat veriləcək. Attestasiya zamanı şəxsə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərlə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə və qeyd olunan obyektlərə dair hüquqların mühafizəsinin İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və Cinayət Məcəlləsi ilə tənzimlənməsinə dair suallar veriləcək Verilmiş suallar və namizədin cavabları attestasiya vərəqəsində yazılacaq. Attestasiyanın aparılması zamanı namizədin etirazı olmadığı halda videoçəkiliş aparılacaq. Əsasnaməyə əsasən attestasiya və səsvermə nəticəsində namizədin patent müvəkkili kimi attestasiyadan keçməsi və ya keçməməsi haqqında qərar qəbul olunub. Səsvermənin nəticələrinə dair qərar isə Attestasiya komissiyası üzvlərinin səs çoxluğu ilə qəbul edilib. Dəyişikliyə əsasən səsvermənin keçirilmə proseduru müəyyənləşib. Səsvermə namizədin iştirakı olmadan keçiriləcək və nəticələr protokolla rəsmiləşdiriləcək. Attestasiya Komissiyasının sədri tərəfindən imzalanan attestasiya nəticəsində qəbul edilmiş qərar barədə bildiriş səsvermədən sonra dərhal namizədə təqdim olunacaq. Attestasiyanın nəticələri ilə razı olmayan şəxs Attestasiya nəticəsində qəbul edilmiş qərar barədə bildirişi aldığı vaxtdan 30 gün müddətində SMPDK-nın Apellyasiya şurasına yazılı formada etirazını təqdim edə bilər. İndiyə qədər attestasiyadan keçən fiziki şəxs, attestasiya komissiyasının qərarına əsasən, qərarın verildiyi tarixdən bir ay ərzində patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınır və müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra ona şəhadətnamə verilib. Dəyişikliyə əsasən bundan sonra attestasiyadan keçmiş şəxs patent müvəkkili kimi attestasiyadan keçməsi barədə qərarla bağlı bildirişi aldıqdan sonra 1 ay müddətində “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq patent müvəkkillərinin qeydiyyata alınması, şəhadətnamə verilməsi və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədləri SMPDK-ya təqdim etməlidir. Qeyd olunan müddətdə dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədlər SMPDK-ya təqdim olunmadıqda, attestasiyanın nəticələri ləğv edilmiş hesab olunur. Dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra 3 gün müddətində şəxs patent müvəkkili kimi patent müvəkkillərinin dövlət reyestrində qeydiyyata alınacaq və şəhadətnamə veriləcək.
Qüvvədə olan Əsasnaməyə əsasən patent müvəkkili statusu almaq istəyən fiziki şəxs attestasiyadan keçmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) ərizə ilə müraciət edir. Ərizəyə ali təhsil haqqında diplomun surəti, Azərbaycan ərazisində daimi yaşayış yeri haqqında arayış, xüsusi kursu bitirməyə dair sənəd, iki il iş stajı barədə müvafiq arayış, şəxsiyyət vəsiqəsinin surəti və patent müvəkkillərinin müvəkkilliyinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün müəyyən edilən dövlət rüsumu ödənilməsi təsdiqləyən sənəd əlavə olunur.