Mirzoyan Bakıya dəvət olunub: Sülh müqaviləsi imzalaya bilərmi? (ŞƏRH)

Mirzoyan Bakıya dəvət olunub: Sülh müqaviləsi imzalaya bilərmi? (ŞƏRH)

"Hesab edirəm ki, sülh müqaviləsi gələn il bağlana bilər".
Bunu politoloq Azər Qasımov Bakıda keçiriləcək COP29 tədbirində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla təmsil olunacağını şərh edərkən deyib.
"COP29-da Ermənistanı XİN-nin təmsil edəcəyini bəyan etməsi Azərbaycanı tədbirin təşkilatçısı kimi elə də ciddi maraqlandırmır. COP29 beynəlxalq tədbirdir və burda bütün dünyanı maraqlandıran, narahat edən məsələlər müzakirə edilir, qərarlar qəbul edilir. Bu məsələlər hər bir dünya dövlətlərini maraqlandırmalı olan məsələlərdir. Odur ki, Ermənistanın bu tədbirdə hansı dövlət rəsmisilə iştirakı öz işidir. XİN ilə təmsil olunacaq Ermənistanın bu addımı onu deməyə əsas verir ki, tədbir müddətində qeyd edildiyi və istənildiyi kimi sülh müqaviləsi imzalanmayacaq. Bunu Ermənistanın baş naziri Paşinyan edə bilərdi", deyə Azər Qasımov bildirib.
 
Amma ekspert qeyd edir ki, tədbirdə Azərbaycan və Ermənistan XİN rəhbərləri səviyyəsində hansısa görüş və müzakirələrin olması mümkündür:
"Ola bilər ki, hansısa məsələdə razılıq əldə olunduğu da elan edilsin. Amma Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, əksər bəndlər razılaşdırılıb. Bu durumda açıq qalan tək məsələ Ermənistanın konstitusiya dəyişikliyi etməsidir ki, bu istiqamətdə görünən odur ki, addımlar atmaqda tələsmirlər".
Həmsöhbətimiz sülh müqaviləsinin imzalanmasının hələlik mümkün olmadığı qənaətindədir:
"Bu, tək bəlli olan məsələlərdən ibarət deyil. Müəyyən məqamlar vardır ki, hələlik iki ölkə arasında sülhü ləngidir. Bura beynəlxalq oyunçuların maraqlarından tutmuş hər iki ölkənin gözləntiləri də aiddir. Beynəlxalq konyuktur bu məsələləri həll edəcək. Hesab edirəm ki, sülh müqaviləsi gələn il bağlana bilər".
Qeyd edək ki, Ermənistan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün xarici işlər naziri Ararat Mirzoyanın adına dəvət alıb. Ermənistan mətbuatının yazdığına görə, bunu adıçəkilən ölkənin xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib. /Qaynarinfo






Fikirlər