Trampla Harrisi birləşdirən TƏK “dəyər” – Azərbaycana dəxli həm var, həm də yox...

Bu gün Gürcüstanda kritik parlament seçkiləridir. O dərəcədə ktirik ki, baş nazir İrakli Kobaxidze bunu hətta referendum adlanıdırıb. Yəni seçicilər deputatlarla yanaşı, ölkənin 26 oktyabrdan sonrakı inkişaf vektorunu da seçəcəklər.

Səsvermə kollektiv Qərbin, xüsusən də onun əsas dövləti ABŞ-ın qərb qonşumuzla bağlı siyasəti üçün də ciddi sınaq kimi yadda qalacaq. Gürcüstanın konservativ, milli-mənəvi dəyərlərə sadiqliyi ilə tanınan cəmiyyəti sözsüz ki, öz seçimini həm də bu faktora nəzərən edəcəklər.

Bu məsələdə isə məlum ki, hakim partiya bir addım öndə olduğunu artıq təsdiqləyib. Cinsi azlıqlarla bağlı təbliğatı və üzdəniraq “evliliyi” qadağan edən, ənənəvi ailə institutunun qorunmasına töhfə verən qanunu qəbul etməklə. Hansı ki, Qərbdə isterik reaksiya doğurmuşdu...

Bu və digər səbəblərdən gözlənilir ki, Gürcüstandakı seçkilər ümumən Güney Qafqazdakı geosiyasi abı-havaya təsirsiz ötüşməyəcək. Daha güclü təsirləri isə yəqin ki, 10 gün sonra – noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkisi müəyyən edəcək.

Hazırda iki rəqib – sabiq prezident Donald Trampla hazırkı vitse-prezident Kamala Harrisin qələbə şansları təxminən eyni qiymətləndirlir. Bu xüsusda Amerikanın nüfuzlu “The Washington Post” nəşri maraqlı bir ilkə imza atıb. Nəşr 36 ildə ilk dəfə olaraq prezident seçkisində hansısa namizədi dəstəkləməkdən imtina edib. Bu barədə qəzetin icraçı direktoru Uilyam Lyuis bildirib.

Onun sözlərinə görə, qəzet gələcəkdə olacaq prezident seçkiləri ilə bağlı da analoji mövqedən çıxış edəcək. Lyuis habelə deyib ki, belə bir imtina ilə “The Washington Post” oxucuların namizəd seçimi ilə bağlı qərarlarını sərbəst vermək qabiliyyətinə inam ifadə etmək istəyib. Əlavə edib ki, nəşrin işi - oxucuları qərəzsiz xəbərlərlə təmin etmək, onları düşündürən, nəticə çıxaran materiallar dərc etməkdir...

Əslində isə bu həm də hər iki namizədə laqeydliyi ifadə edən bir yanaşma, onlara verilən eyni qiymət, eyni dəyərdir. Seçki marafonunun parlaq favoritinin olmadığının etirafıdır.

Əlbəttə, bu bizim problem deyil, amerikanlarındır. Ancaq ABŞ sıradan bir dövlət yox, dünya gücü olduğu üçün istənilən halda biz də sövq təbii daxilən seçim etmək zorundayıq. Bir növ “iki pisdən ən yaxşısını” seçmək anlamında. Niyə?

Çünki artıq bəllidir ki, seçki marafonun sonuna yaxın Tramp da “erməni məsələsi”ndə “büdrəyib”. Bir neçə gün öncə sabiq prezidentin paylaşdığı və “etnik təmizləmə”, “xristian dəyərləri” ifadələrinin yer aldığı anti-Azərbaycan statusunu nəzərdə tuturuq.

Şübhəsiz, bu, onun öz ağlının diktəsi, məhsulu deyil. Böyük ehtimalla Tramp, sadəcə, 3-5 erməni səsinə görə seçki texnoloqlarının kənardan gətirdiyi hazır mətinin altına imza atıb. Bəlkə heç onu oxumayıb da...

Amma söz, vəd ayrı, əməl və iş tamam ayrı. Ağ Evə dövlət rəhbəri kimi daxil olan şəxs əlbəttə ki, hansısa erməni lobbisinin deyil, ABŞ-ın, “dərin dövlət”in maraqlarından çıxış edəcək. Bu onun boyun borcu. Odur ki, çox təlaşlanmağımıza da dəyməz.

Elə ermənilər də D.Trampın məlum anti-Azərbaycan paylaşımından çox məmnun qalmayıblar. Çünki göz gördüyünə inanır. Hayların gördükləri, şahid olduqları gerçək isə belədir ki, Azərbaycan məhz Ttamp dönəmində işğalçı Ermənistanın dərsini verib, başını əzib, Bayden-Harris cütlüyünün hakimiyyəti dövründə isə 24 saatlıq antiterror əməliyyatı ilə Qarabağda separatizmin kökünü kəsməklə işğala birdəfəlik son qoyub.

O səbəbə bədxah toplum ABŞ-ın reməni lobbisinə bağlı Harrisə də bir elə etibar etməməkdə yanılmırlar. Eyni səbəbə onlar, məsələn, Avropa Parlamentinin ölkəmiz əleyhinə iftira, qərəz dolu qətnamələrini daha “dəyərli” sənəd, “ümid yeri” hesab edirlər. Hərçənd həmin qətnamələr tövsiyə xarakteri daşıyır və bir azdan heç onlara səs verənlərin özlərinin də yadına düşməyəcək...

Ümid edək ki, Tramp Ağ Evə dönərsə, Güney Qafqazla bağlı əvvəlki siyasətinə ziyanımıza düzəliş etməyəcək. Həmin siyasət isə Qafqazın daxili işlərinə qarışmamaq, erməni lobbisinin havasına oynamamaqdan ibarət idi. Harris isə Baydendən artıq olmayacaq ki.

Siyasət şöbəsi,
Musavat.com






Fikirlər