SPACE-TV hərbi sirrimizi necə yayır və kimə yayır?

image here

...Adı çəkilən TV-nin bu gün efirə gedən “Zəhmətkeş ulduzlar” verilişində hərbi hissələrimizdəki son durum, hətta hərbi sursatımız-raketlərimiz belə düşmənə göstərilirdi... 
Düşmən neçə vaxtdır informasiya müharibəsinə başlayıb. Bunun üçün Azərbaycan mətbuatında (TV-lər, saytlar və digər KİV-lər-də) dərc olunan bütün məlumatlardan, hətta telefon danışıqlarından belə öz xeyrinə istifadə edir. Məsələn, bu günlərdə ermənilərin yootube-də yayılmış bir video-kadrlarına baxdım. Goranboy və Gəncədən olan vətəndaşlarımızdan bir neçəsinin telefon danışığını tutaraq olduğu kimi internetdə yaymışdılar. Yalandan əsgərlərimizin çoxsaylı ölümləri, konkret ərazilər göstərilməklə ermənilərin kəndlərimizi dağıdıb bizi qorxuya salmaları və s. barədə telefon danışığı edən soydaşlarımızın məsuliyyətsiz söhbəti düşmənə hərbi siyasətini müəyyənləşdirməkdə yaxşıca fürsət və şans vermişdi...

Niyə mətbuatla və vətəndaşlarla hər gün hərbi vəziyyətə uyğun profilaktik iş aparılmır?

Bəli, Azərbaycan Müdafiə Nazirliyi, həmçinin Mətbuat Şurası son günlər cəbhə bölgəsində yaranmış vəziyyətlə bağlı KİV nümayəndələrinə müraciət edib. Müraciətdə təsdiqlənməmiş və rəsmi orqanların, həmçinin MN-nin icazəsi (təsdiqi) olmadan cəbhə xəbərlərinin yayılması qadağan edilirdi, məsləhətlər və tövsiyələr verilirdi. Amma təəssüflər olsun ki, hələ də naşılıqdan, təcrübəsizlikdən düşmənə hərbi məzmunlu informasiyalar ötürülür... Hətta bu günlərdə Müdafiə Nazirliyi qəflətən vətənpərvərlik hissi coşub cəbhə xəttinə getmiş və şəkil çəkdirmək, veriliş hazırlatdırmaq... istəyən müğənnilərə xəbərdarlıq da etmişdi ki, hərbi xarakterli məlumatlar və kadrlar, xüsusən də düşmənlə təmas ərazilərimizdəki səngərləri, hərbçilərimizin dislokasiya yerini, hərbi sursat və avadanlıqların yerləşmə trayektoriyasını... çəkib göstərmək yolverilməzdir. Halbuki MN ən azından TV-lərə həm də çağırış edə bilər ki, hər gün dayanmadan efirə verdikləri əttökən şou xəbərlərindənsə, əhaliyə, sosial şəbəkə istifadəçilərinə, KİV nümayəndələrinə tövsiyə xarakterli müraciət edilsin ki, müharibə şəraitinə uyğun hərəkət etsinlər-hərbi sirr və ya məlumat sayılan faktların telefon danışıqlarında, internet yazışmalarında istifadə edilməsi qadağandır. Amma... 

SPACE-dən təxribatlı məlumat...


Bu gün Space-TV-də, saat 19:00-da “Zəhmətkeş ulduzlar” adlı bir veriliş növbəti buraxılışını efirə verdi. Verilişin aparıcısı Ülviyyə Əliyeva bir neçə mədəniyyət işçisi ilə Füzulinin adını yazmağı məsləhət görmədiyimiz və bu ilin aprelində ordumuzun ermənilərdən təmizlədiyi kəndlərin birindən sujet çəkmişdi. Aparıcı düşmənlə üz-üzə olan hərbçilərimizin işğaldan azad etdiyi bir yüksəkliyin döşündə dərin səngər (bunker) qazaraq gizlədilmiş raketərimizi işarə verərək özü ilə orada olan Arzu adlı müğənni və digərləri ilə söhbət edir, Ağdamdan, son döyüşlərdən, Cıdır düzündən... danışırdı. Bu zaman aparıcı əli ilə dəqiqliklə göstərirdi və operator da raketlərimizi iri planda,açıq şəkildə göstərib tamaşaçıya, yəni həm də ermənilərə kəndin adını, yerləşdiyi coğrafiyanı... sadalamaqla danışırdı. Bu kadrlar dəfələrlə təkrarlandı.
*** 
Bəli, ola bilsin əməkdar artist Ülviyyə Əliyevanın hərbi savadı, təcrübəsi yol vermir ki, belə kadrları efirə verir, ya da MN-nin məlum xəbərdarlığından xəbəri yoxdur... Bəs Space-TV-nin bu verilişi efirə ötürən, yayımına icazə verən, montajını aparan... personalı niyə belə kadrların efirə verilməsinə imkan verirlər??? Allah eləməsin ki, düşmən məhz bu gün gecə həmin “pozisiya”nı mərmi atəşinə tutsun, amma bu baş versə bəri başdan bilməliyik ki, bu adı çəkilən TV-nin səriştəsiz aparıcısının və bu dussuz verilişin efirə verilməsinə cavabdehlərin “xidmətidir”.
*** 
Onu da deyim ki, verilişdəki bu ciddi qüsur və təxribat xarakterli kadrlar barədə aidiyyəti qurumlara şəxsən özümün tərəfimdən məlumat verildi. Tədbir görüləcəyinə söz verdilər. Təki tədbir görülsun.
Sonda, təbii ki, bu təxribat xarakterli halın TV rəhbərliyinə qətiyyən aidiyyatı yoxdur. Amma bu verilişi efir vəziyyətinə gətirən cavabdehlər var, onların məsuliyyəti müəyyənləşdirilməlidir. Çünki mövcud vəziyyətdə bir əməkdar artistin və bu verilişə icazə verən TV cavabdehlərin naşılığı bizə hərbi sahədə böyük bir itki və düşmən təxribatı bahasına başa gələ bilər...






Fikirlər