Əli İnsanov hakimiyyətlə anlaşıbmı...

Əli İnsanov hakimiyyətlə anlaşıbmı...

Sabiq nazirin susqunluğu mülahizələrə yol açıb; politoloq: “Düzgün hərəkət etdi” 

 

Həbsdə olan sabiq səhiyyə naziri, bir müddət öncə barəsində yeni cinayət işi başlanan Əli İnsanovun referendum öncəsi susqunluğu, xüsusilə ölkə müxalifətinin referendum əleyhinə keçirdiyi mitinqlərə dəstək verməməsi müzakirələrə yol açıb. Məsələ ətrafında müxtəlif iddialar səslənir.
İttihamlardan biri odur ki, sabiq nazir gizli şəkildə hakimiyyətlə anlaşıb, yəni susqun mövqe sərgiləməklə, 11 illik cəza müddəti başa çatan kimi azadlığa çıxmaq istəyir. Bu fikirlərdə müəyyən qədər həqiqət çalarları var. Çünki azadlığa çıxmasına 53 gün qalanda barəsində 3 yeni cinayət maddəsi açılan sabiq naziri əlavə 10 ildən çox həbs cəzası gözləyir. 70 yaşlı bir şəxs üçün növbəti dəfə uzunmüddətli həbsi gözə almaq o qədər də asan məsələ deyil. 
Daha bir iddia isə İnsanovun müxalifətdə perspektiv görmədiyinə görə susmasıdır. O, boşuna qəzəbə tuş gəlmək istəmir.
Xatırladaq ki, bundan öncə İnsanov dəfələrlə ölkə müxalifətinə ciddi dəstək verib. Hətta 2013-cü ilin  prezident seçkilərində bütün tərəfdarlarını Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə səsverməyə çağırmış və onun bu müraciəti geniş əks-səda doğurmuşdu.  
Politoloq Qabil Hüseynli bildirdi ki, sabiq nazir indiyə qədər müxalifətə verdiyi dəstəyə görə özünə ciddi problemlər yaradıb: “Həbsxanadan nəyəsə etiraz etməklə baş vermiş proseslərin qarşısını almaq mümkün deyil. Üstəlik də, indiyə qədər verdiyi dəstəyə görə özü üçün yaratdığı problemlər hər kəsə məlumdur. Bu problemləri indi aradan qaldırmağın vaxtıdır. Bəli, mitinqlərə münasibət bildirmədi, zənnimcə, düzgün hərəkət etdi. Referenduma da münasibət bildirmədi, yenə də düzgün hərəkət etdi. Yəni siyasətçidir, Heydər Əliyev məktəbinin yetirməsidir. Bu məktəbdə siyasətin ən azından bir çox sirlərinə yiyələnib. O, siyasətçi kimi hərəkət etməlidir. Əgər həbsxana həyatını yaşamaq istəyirsə, oranın qayda-qanunları ilə yaşamalıdır. Bir sözlə, hakimiyyətlə həbsxanada konfliktə getməyin mənası yoxdur. Hesab edirəm ki, bu, həm də İnsanova rəğbət bəsləyən insanların ürəyincədir”.
Ekspert hesab edir ki, İnsanovun susqunluğunun sonda xeyri olacaq: “Buna ümidim var ki, müsbət tərəfləri olacaq. Əli İnsanov həqiqətən yaşlı və xəstə bir adamdır. O, bundan sonra həbsxanadan çıxsa - ümidvaram ki çıxacaq-hakimiyyətə heç bir ziyanı dəyməz. Çünki hakimiyyət kifayət qədər güclüdür, ideal dayaqları var, ölkə uğurla idarə olunur, xalq arasında prezident İlham Əliyevin reytinqi yüksəkdir”.
Q.Hüseynli müxalifətin zəif olmasının İnsanovun susqunluğuna səbəb olması qənaətində deyil:“Müxalifətin zəif və ya güclü olmasının ona heç bir dəxli yoxdur. Əli İnsanov artıq siyasətçi kimi hərəkət etməyə başlayıb. Eyni zamanda öz mövcud statusunu başa düşür və buna uyğun da hərəkət edir”.
Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub.






Fikirlər