Bakının dərdi var, Bakı xəstədir...

“Bakının dərdi var, Bakı xəstədir...

Sentyabrın 28-də yağan güclü yağış paytaxtı yenə də iflic vəziyyətinə saldı. Yolları su basdı, tıxaclar yarandı. Artıq illərdir ki, hər yağış sonrası eyni mənzərəni görürük. Bu mövzu ətrafında illərdir danışılsa da, problemin qarşısını almaq istiqamətində heç bir əməli iş görülmür.

Qafqazinfo” xəbər verir ki, musavat.com-un yazdığına görə, bir çoxları paytaxt küçələrinin gölü xatırlatmasının səbəbini kanalizasiya sistemlərinin yaxşı qurulmamasında görür, kimisi isə bu problemin qaynaqlanma səbəbinin şəhərsalmada edilmiş səhvlərdə olduğunu düşünür. Bir sıra insanlar isə yağıntının miqdarı çox olduğu üçün paytaxtın bu dərəcədə iflic vəziyyətə düşdüyünü deyir.

Maraqlıdır, hər yağışdan sonra paytaxtda həyatın iflic olmaması üçün çözüm nədir? Nə etmək lazımdır ki, paytaxt yollarını su basmasın?

Hüquqşünas və yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bunun səbəbini yağış sularının axıdılması sistemində problemlərin olması ilə izah edir: “Yağış təbiətin bir hadisəsidir. Dünyanın demək olar ki, hər yerinə yağış yağır. Şəhərin arxitekturası dünyanın hər yerində olduğu kimi, bizdə də elə qurulmalıdır ki, yağan yağıntıları ötürə bilsin. Bakıda gölməçələr ona görə yaranır ki, bəzi yol sahələrində, bəzi küçələrdə düzgün planlaşdırılmama var. Tutaq ki, tuneldə ümumi səviyyədə yol aşağı enəcək. Ancaq aşağıda bu suyu ötürəcək nasos lazımdır. Hətta öz hesabına, ağırlıq qüvvəsinin təsiri ilə axan su kanalları yox, nasos lazımdır ki, suyu yuxarı qaldırıb başqa yerə ötürsün. Bax, problem buradadır. İkinci problem isə kanalizasiyalarla bağlıdır. Kanalizasiya şəbəkəsi, tullantı sularını ötürən şəbəkə normal deyil. Hətta mənə elə gəlir ki, bu, sovet dövründəkindən də aşağı səviyyədədir.

Sovet dövründə olan kanalizasiya şəbəkəsinin bir hissəsi dağılıb gedir. Bir hissəsini isə böyük ehtimalla yeni tikinti işləri aparanlar dağıdıb bərpa etməyiblər. Hər bir halda Bakı şəhərində son 24 ildə tikinti işləri getdi və bu şəbəkə ona uyğunlaşdırılmadı. Nəticədə isə həmin gölməçələr yaranır”.

Ə. Hüseynov yağış yağan zaman yaranan tıxaclarla bağlı da fikrini bildirdi: “Tıxac yaranmasının səbəbi birbaşa olaraq həm mədəniyyət məsələsidir, həm də insanların belə şəraitdə necə etməklə bağlı təsəvvürünün olmamasıdır. Sürücülər mədəniyyətsizlikləri ilə seçilirlər. 3 zolaqlı yolda 5-6 zolaqlı yol kimi hərəkət edirlər. Maşının burnu hara sığırsa, ora da sürürlər. Yağışlı havada da maşının şüşələri, güzgüləri islanır və görmə məhdudlaşır. Görə bilmədiyi halda maşını hara gəldi sürür, tıxac yaradır. Tıxacların yaranmasının tək səbəbkarı sürücülərdir. Tıxacların qarşısını almaq üçün təfəkkürümüzü dəyişməliyik”.

Deputat Fazil Mustafa bu problemə artıq ironik yanaşmaqdan başqa bir çarə olmadığını dedi: “Bu məsələdə ciddi təklif vermək yerinə düşmür. Çünki bunu şəhərin infrastrukturu salınanda müvafiq qurumlar nəzərə almalı idilər. Mən bir az zarafatyana da olsa təklif edərdim ki, şəhərin ortasında böyük bir göl üçün çalalar qazmaq lazımdır. Elə ki, yağış yağdı, nə qədər su varsa, ora buraxmaq lazımdır ki, yollarda su qalmasın. Çünki şəhərin infrastrukturu, kanalizasiya normal çəkilməyibsə, yollar su axıntısı üçün normal nəzərdə tutulmayıbsa, hər şeyi yenidən söküb milyonlarla xərc çəkib yenidən çəkməyəcəyik. Bunu edənlər doğrudan da vicdan əzabı çəkməli idilər ki, bütün dünyada bu qədər yağış yağır, hadisələr olur, niyə insanlar bu qədər əzab çəkmir. Bakıda 2 saat tıxac olub. Nə var ki, yağış yağıb. Nə olsun, yağış dünyanın hər yerində yağır və heç kim iki saat tıxacda qalmır. Bu problemə artıq ironiya ilə yanaşmaqdan başqa çarəmiz qalmır”.

 






Fikirlər