Paytaxt Bakıda Qurban bayramı mənzərələri: “Heyvan bol, alıcılıq da yüksək səviyyədə...” - VİDEOREPORTAJ

Sentyabrın 1-2 –ə müsəlman dünyasında, o cümlədən Azərbaycanda Qurban bayramı qeyd edilir. İmkanı olanlar qurbanlar kəsib, ətini imkansız ailələrə paylayırlar. Bu bayramın missiyası da yoxsul insanları bayram günündə sevindirməkdir.

Hazırda paytaxtın hər yerində sərbəst şəkildə qurbanlıq heyvanların satışı həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarla yanaşı fərdi sahibkarlar da bazara heyvanlarını çıxarıblar.

Musavat.com-un müxbiri qurbanlıq heyvanların çıxarıldığı bazaralara baş çəkərək paytaxtdakı bayram mənzərələrini işıqlandırmağa çalışıb. Yol kənarlarında qurbanlıq qoyunların satışı ilə məşğul olan satıcılar bu il alıcılıqdan razı qaldıqlarını bildiriblər: “Bu il bazara heyvan boldur, qiymətlər də münasibdir. O baxımdan alıcılıqdan razıyıq”.

Diri heyvanların çəkisinin 5-5.50 manatdan, təmiz ətin isə 11 manatdan hesablandığını deyən satıcılar əsasən 14-15 kiloqramlıq qoyunlara üstünlük verildiyini bildirdilər.

Müşahidələrimiz zamanı aydın oldu ki, fərdi sahibkarların bazara çıxartdığı heyvanların qiyməti Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalardakı qiymətlərdən o qədər də fərqlənmir. Lakin yemin bahalaşması, son zamanlar ətin qiymətində olan artım bazarlara təsir edib və qiymətlər ötən ilki ilə müqayisədə diri heyvanlarda 15-20 manat, ətin kiloqramında isə 0,5-1 manat fərq edir.

Daha ətraflı təqdim etdiyimiz videosujetdən izləyə bilərsiniz.

 






Fikirlər