Bayıldakı sürüşmə zonasında MÜƏMMALI vəziyyət

Related image

Sürüşmə sahəsində aktivlik müşahidə olunmasa da, ərazidə yaşayan sakinlər evlərinə buraxılmır

Bayıl yamacında sürüşmənin baş verdiyi ərazidə artıq 10 günə yaxındır ki, vəziyyət stabil olaraq qalır. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, fevralın 6-da da əməkdaşları ərazidə olublar və qoyulan mayaklarda hansısa bir dəyişiklik müşahidə etməyiblər.

Əziz Qaralovun sözlərinə görə, hazırkı vəziyyətdə ərazidə təhlükə yoxdur: “Ərazidə hazırda mütəxəssislərimiz tərəfindən heç bir aktivlik müşahidə olunmayıb. Hava şəraitinin, qar yağmasının ərazidə vəziyyətə təsirinə gəlincə isə burada da müxtəlif məqamlar var. Əvvəla, baxır qar nə qədər yağır. Sürüşmə ona görə qar yağan zaman aktivləşir ki, hopma baş verir. Yağış yağır, özünə çuxur taparaq axıb gedir. Qar yağdıqda isə yerə hopma baş verir. Ancaq bir şey də var ki, yarğan əmələ gələn zaman orada biz heç bir nəmlənmə müşahidə etmədik. Proseslər səthdə deyil, müəyyən dərinlikdə gedirdi. İndiki məqamda nisbi sakitlikdirsə, deməli, camaat üçün təhlükə yoxdur. Sabah necə olacaqsa bunu demək olmaz. Təbiətdir, dəyişikliklər olur. Çox güman ki, müəyyən tədbirlər görüləcək. O mənada ki, müvafiq qurumlar tərəfindən tədqiqat işləri aparılıb və sonda bütün nəticələrə baxılıb, tədbirlər görüləcək. Ya torpaq qatını götürəcəklər, ya başqa nə isə edəcəkləri nəticələr məlum olduqdan sonra bilinəcək”.

Əziz Qaralov ile ilgili görsel sonucu

Mütəxəssis sürüşmənin yay aylarında davam edib-etməyəcəyi ilə bağlı aşağıdakıları söylədi: “Şəhidlər Xiyabanına yaxın, əbədi məşəlin önündə çökmə prosesi baş vermişdi, nəticədə 35 metrə yaxın kütlə oturdu. Həmin zaman mart ayı idi və havalar da yağmurlu deyildi. Ancaq orada bu cür hadisə baş verdi. Ona görə də yağış da yağan kimi ərazinin sürüşməsi baş vermir. Bunun üçün müəyyən zaman lazımdır. Sürüşməyə meylli ərazilərdə bu cür olur. Sadəcə olaraq, hazırkı sürüşmə baş verən yerdə yamacın istiqaməti aşağı hissələrdə 40-45 dərəcədən yuxarıdır. Laylar da həmin istiqamətdə olmaqla bir-birinin üstündə yatır. Yəni bir-birini tamamlayır. Təbii olaraq aşağıda isə yamac vertikal formada kəsilib və nəticədə kütlənin dayanıqlığı azalıb. Bu da sürüşmənin baş verməsi üçün səbəblərdən biridir. Eyni zamanda orada olan yağış suları nəticəsində kütlə ağırlaşıb, süxurlar arasında olan müqavimət nəticəsində bir-birinə birləşici qüvvələr itib. Ağırlıq nəticəsində sürüşməyə meylli ərazidə bu cür hallar olur. Həmin ərazi də sürüşməyə meyllidir. Hələ bizim 2004-cü ilin hesabatımızda coğrafi koordinatlarla birlikdə konturları biz vermişdik. Göstərmişdik ki, bura sürüşməyə təhlükəli ərazidir. Bu gün gedən proseslərin proqnozunu hələ biz illər öncə vermişdik”.

Sürüşməyə yaxın ərazidə yaşayan əhalinin isə vəziyyəti dəyişməz olaraq qalır. Hələ də onların bir qismi sığınacaqda, digərləri isə qohumlarının evlərində yaşayırlar. 

“Yeni Müsavat”a danışan sakin Zahid Aslanov bildirib ki, camaatın bir qismi gündüzlər evlərinə gəlirlər: “Gecələr isə soyuğun, şəraitsizliyin əlindən yenə də qohum evinə gedirik. Kirayə çıxarılmağımızla bağlı heç bir xəbər yoxdur. Ümumiyyətlə, artıq ərazidə rəsmi nümayəndələrə rast gəlinmir. Bu gün ərzində sürüşmə baş verən yerə heç bir rəsmi şəxs gəlməyib. Burada yalnız camaat və polislər dayanıb. Camaat da evinə ona görə gəlir ki, birdən hansısa oğurluq və ya başqa bir hadisə olar. Çox çətin vəziyyətdəyik. Ancaq bizə konkret söz deyən yoxdur”.

Sakinlər həmçinin qeyd ediblər ki, kommunal xətləri hələ də şəbəkəyə qoşulmayıb.

Qeyd edək ki, Bayıl yamacında sürüşməyə meylli, riskli ərazidə 67 ev müəyyənləşib. Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb. APA-nın xəbərinə görə, Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvardan müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib. Hazırda isə həmin sakinlərdən yalnız 42 nəfəri məktəbdə məskunlaşıb.“Yeni Müsavat”

 
 






Fikirlər