Bu gün ilk çərşənbədir - Su çərşənbəsi

Bu gün ilk çərşənbədir - Su çərşənbəsiFevralın 24-ü Novruzun ilk çərşənbəsi – su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır.

Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir.

Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan Su, Od, Yel və Torpaq çərşənbələri yaranıb.
Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Əzəl çərşənbədə el arasında su ilə bağlı ayinlər, mərasimlər keçirilir.
Su çərşənbəsi suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir.


İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da var.
Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir
.


Əzəl çərşənbəniz mübarək! Ömrünüz su qədər uzun və pak olsun!






Fikirlər