Mərkəzi Bank “Texnikabank”ın bağlanmasını təsdiqlədi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, “Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl “Qafqazinfo” “Texnikabank”ın lisenziyasının ləğv olunması ilə bağlı məlumat yaymışdı.






Fikirlər