Məşhur boksçu Holifild İlham Əliyevdən danışdı - Özəl/VİDEO

Axar.az Bakıda səfərdə olan məşhur boksçu Evander Holifildlə eksklüziv müsahibəni təqdim edir:

- Cənab Holifild, ilk sualım Mayk Taysonla məşhur döyüşünüz haqqında olacaq. Tayson qulağınızdan dişlədikdən sonra siz qulağınızı tutaraq şok halda geri çəkildiniz. Məşqçinizə tərəf getdikdə isə Tayson sizi arxadan yumruqladı və sizə nə isə qışqırdı, səhv etmirəmsə, təhqiramiz sözlər idi. Sizin o anda düşüncələriniz nə idi? Və özünüzü necə cilovladınız?

- O məni qulağımdan dişlədikdən sonra çox əsəbiləşmişdim. Və mən də cavab olaraq onu dişləməyi qərara almışdım. Lakin bizə bildirildi ki, bu hal bir də təkrarlansa, cəzası diskvalifikasiya olacaq. Mənim belə şeyləri anlayacaq qədər kariyeram var idi ki, onlar bunu tələ olaraq istifadə edib, ikimizdən birini döyüşdən kənarlaşdıracaqlar. Buna görə də mən Taysonun bu hərəkətinin intiqamını elə rinqdəcə döyüşlə almağa qərar verdim.

- Bu hadisə baş verdiyi anda siz döyüşü dayandıra, etiraz edə bilərdiniz. Lakin tibbi müdaxilədən sonra siz də, məşqçiniz də döyüşə davam edəcəyinizi dediniz. Bu çox təsirlidir: nəyə görə belə qərar verdiniz?

- Birinci səbəb bu idi ki, mən döyüşdən çəkilməyi, rinqdən çıxmağı qəbul etmirəm. İkinci və əsas səbəb bu idi ki, mən ona çox əsəbi idim və bu hərəkətin cavabını rinqdə vermək istəyirdim. Ona sübut etmək istəyirdim ki, hətta sən məni dişləsən belə, mən səndən qorxmuram və sənə qalib gələcəm.

- Peşəkar kariyeranıza başlamazdan öncə sizin boks kumiriniz kim olub? Sizi həvəsləndirən, sizi boksa yönəldən məşhurun adını çəkə bilərsiniz?

- Məhəmməd Əli! 8 yaşım olanda mənə “Məhəmməd Əli kimi ola bilərsən” deyirdilər. Bir gün məşqçim bu haqda nə düşündüyümü soruşdu, mən isə “anamdan soruşmalıyam” dedim. Evə gəlib anama deyəndə ki, ana, məşq yoldaşlarım və məşqçim mənə deyirlər ki, sən Məhəmməd Əli kimi ola bilərsən, anam cavabında mənə sual verdi: “Bilirsən sənə nə edəcəklər?” Mən soruşduqda, anam “onlar səni vuracaqlar” dedi. Və mən gülməyə başladım. Çünkü mən böyük qardaşlarım tərəfindən tez-tez vurulurdum və bunun problem olmayacağını düşündüm. Anam isə davamında, “amma sən də onları vura biləcəksən” dedi. Və beləliklə, mən boks karyerama başladım.

- Müasir dövrdə insanlar şou xarakterli döyüşlər təşkil edirlər. Məsələn, bunlardan biri bu yaxınlarda baş verən Floyd Meyvezer Konor MakQreqor döyüşü idi. Bu döyüşə getmişdinizmi? Kimin qalib gələcəyini düşünürdünüz?

- Bəli, mən o döyüşə getmişdim, döyüşü canlı olaraq arenadan izləyirdim. Floydun qalib gələcəyini bilirdim, lakin Konorun da çətin rəqib olduğunu bilirdim. Döyüş boks qaydalarında təşkil edilməsinə baxmayaraq, Konor yaxşı mübarizə apardı.

- Sizcə, karyeranız ərzində belə döyüşlər təşkil edilsəydi, UFC qaydalarında qalib ola bilərdinizmi?

- UFC qaydalarında yox. Amma boks qaydalarında düşünürəm ki, qalib ola bilərdim.

- Əgər boksçu olmasaydınız, nə ilə məşğul olardınız?

- Mən yaxşı futbol oynamağı bacarıram. Fikrimcə, mən boksla məşğul olmasaydım, amerikan futbolu oyunçusu olardım.

Son döyüşünüzdən sonra siz Kliçko qardaşlarından biri ilə döyüşəcəyinizi elan etmişdiniz. Amma bu döyüş baş tutmadı. Səbəb nə idi?

- Onlar dedilər ki, biz səni bəyənirik, bizim sənə hörmətimiz var və səninlə döyüşmək istəmirik. Buna görə də döyüş baş tutmadı.

- Mayk Taysonla indiki dövrdə rinqə çıxardınızmı? Şou xarakterli bir döyüş edərdinizmi?

- Xeyr. Oyun mənim üçün bitib (gülür). Mən artıq boks məsləhətçisiyəm. Və fikrimcə, hər bir insanın parlamaq vaxtı və işığını söndürməli olduğu vaxt olur.

- Prezidentimizlə görüşünüz oldu. Bu görüş haqqında təəssüratlarınız necədir?

- Məndə çox gözəl təəssüratlar yarandı. Mən onun öz ölkəsinə, öz millətinə yanaşma tərzini çox bəyəndim. Onun idmana qayğısını, bütün çətinliklərlə necə mübarizə aparmağını, həyata baxışını yüksək qiymətləndirirəm. Bilirsiniz, həyat budur, nə olursan ol, kim olursan ol, çətinliklər daima olur, əsas olan sənin çətinliklərlə necə mübarizə aparmağındır. Və mən düşünürəm ki, Prezidentiniz çox uzaqgörən və dünyagörüşlü şəxsdir və çətinliklərlə necə mübarizə aparmaq lazım olduğunu çox yaxşı bilir.

- Bu sizin Bakıya ilk səfərinizdi. Bakı haqqında təəssüratlarınız necədir?

- Mən insanları çox sevdim. Bilirsiniz, bu binalardı, parklardı, əyləncə mərkəzləri və s. bunları hər yerdə tikmək olar, amma şəhərin necə olması oranın insanlarından asılıdır. Sizin insanlarınız isə həqiqətən möhtəşəmdir və gözəl tikililər, parkları gözəl insanlarla yan-yana gətirdikdə, Bakı kimi gözəl şəhər formalaşır.

- Son döyüşünüzdən sonra siz elan etmişdiniz ki, bu mənim üçün yolun sonudur və mən karyeramı bitirməyi düşünürəm. Lakin rəsmi olaraq karyeranızı 3 il sonra bitirdiniz və bu 3 il ərzində heç bir döyüşə çıxmadınız. Buna səbəb nə idi?

- Mən o döyüşdən sonra bir çox boksçuya rinqə çıxmağı təklif etdim, lakin onların heç biri mənimlə döyüşə çıxmaq istəmirdi. Bəziləri hörmət xatirinə, bəziləri qorxusundan. Bundan sonra düşündüm ki, mən 7 fərqli vaxtda 2 fərqli çəkidə dünya çempionu olmuşam, bundan sonra boks üçün nə edə bilərəm axı? Və mən də karyeramı rəsmi olaraq bitirmək qərarına gəldim.

- Hamımız bilirik ki, boks döyüşçüləri arasında özünəməxsus nifrət olur. Lakin Tayson, Levis kimi əfsanəvi boksçular da daxil olmaqla, siz bütün rəqiblərinizin hörmətini qazanmışdınız. Bunun sirri nədə idi?

- Bir şeyə inanıram ki, bir insanın özünə olan hörməti ətrafdakı insanların da ona olan hörmətini müəyyən edir. Yəni Tayson, Levis, mən - biz hamımız fərqli yerlərdə eyni məqsədlə böyümüşük: Mən çempion olacam. Bir insan özü ilə eyni məqsədlə yaşamış birinə necə hörmətsizlik edə bilər? Ona görə də mən daima özümə və rəqiblərimə hörmət etmişəm.

- Son olaraq fanatlarınıza, həvəskar boksçulara bir sözünüz varmı? Onlara nə məsləhət görürsünüz?

- Məni dinləyən və məni izləyən dostlarıma tək məsləhətim budur ki, məqsədlərinizi bilin, onlardan heç vaxt əl çəkməyin və ən əsası döyüşü heç vaxt yarımçıq qoyub çıxmayın, əgər bunları etsəniz, siz bir gün həqiqətən də çempion olacaqsınız.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi