DÜNYA idmanının qorxulu röyası - DOPİNQ

Dünya idmanının qorxulu röyası - dopinq

Onun ziyanı xeyrindən daha çoxdur və ... 

 

Bu günlərdə dünyadakı ən səs-küylü qalmaqallardan biri ən güclü xanım tennisçilərindən olan Mariya Şarapovanın qanında dopinq akarlanmasıdır. Gözlənilir ki, idmançı xanım yaxınlaşmaqda olan Rio Yay Olimpiadasında iştirakdan kənarlaşdırılsın. Rusiyalı tennisçi 10 ildir bu dərmandan istifadə etdiyini və meldoniya preparatının dopinq siyahısına salındığından xəbərsiz olduğunu etiraf edib.
Və bu mövzu tez-tez mediada müzakirə olunan, idman saytlarının manşet xəbərinə çevrilən dopinq mövzusunu aktuallaşdırdı. Çox adamın bu məsələnin təfərrüatlarından xəbəri olmadığı, dopinqin detalları ilə bağlı bilgisinin azlığını nəzərə alıb, bu istiqamətdə bir gəzişmə etdik. Necə deyərlər, dopinq “pozuntu” sözü ilə bərabər anlamı daşıyır? Hər dopinq etdirən idmançı pozuntuya yol verir? 
Dopinq xeyirlidir, amma ölüm də yarada bilər 
Dopinq-(ingiliscə dope - narkotika vermək deməkdir )qadağan olunmuş farmakoloji vasitə və metodlarla (məsələn, qan köçürülməsi yolu ilə), eyni zamanda analizlərin verilməsindən imtina, yaxud götürülmüş analizlərin dəyişdirilməsi məqsədi ilə yüksək idman nəticələri əldə etməkdir.
20-ci əsrin əvvəllərindən etibarən fiziki işgörmə qabiliyyətini yuksəltmək, bərpa prosesini sürətləndirmək, idman nəticələrini yaxşılaşdırmaqdan ötrü müxtəlif stimullaşdırıcı maddələrdən geniş istifadə olunmağa başlamışdır. Bura müxtəlif hormonal, farmakoloji və fizioloji preparatlar - dopinq adlanan maddələr aiddir. Dopinqlərin qəbul olunması nəinki idman mübarizəsində qeyri-bərabər şərait yaradır, həm də idmançıların səhhətinə mənfi təsir göstərir. Dopinqlərin qəbulu orqanizmdə bir sıra xoşa gəlməyən dəyişikliklər yaratmaqla yanaşı, insanın ölümünə də səbəb ola bilir. Dopinqlərin müntəzəm qəbul olunması (xüsusilə də hormonal preparatların) orqanizmin bir sıra fizioloji funksiyalarında pozğunluqlar yaradır:
- ürək-damar;
- daxili sekresiya (xüsusilə də vezilərin atrofiyası) və hipofızin funksiyalarına təsir edir, doğuş funksiyasının pozulması, qadınlarda ikincili kişi cinsiyyətinin (virilizasiya) meydana gəlməsi, kişilərdə süd vəzilərinin böyüməsi (ginekomastiya) və s. kimi hallar baş verir;
- qara ciyərin serrozuna, sətəlcəm və hepatit (sarılığın) yaranmasına səbəb olur;
- immun sistemin zəiflənməsinə, tez-tez soyuqdəyməyə, viruslarla xəstələnməyə səbəb olur;
- sinir sisteminin psixoloji pozğunluqları (aqressivlik, depressiya, yuxusuzluq);
- borulu sümüklərin böyüməsinin dayanması (inkışafda olan orqanizmlər üçün daha təhlükəlidir) və s;
Dopinqlərin qəbulundan sonra pozğunluq dərhal baş vermir. Pozğunluq 10-20 il ötdükdən sonra, bəzən də idmançının  nəslində özünü büruzə verə bilər. Ona görə də 1967-ci ildə xüsusi tibbi komissiya yaradaraq, idmanda qəbul oluna biləcək zərərli preparatların adları tərtib olunub, dopinq əleyhinə yoxlamaların aparılması təşkil edilib və bütün beynəlxalq yarışlarda həyata keçirilir. Hər bir idmançı, məşqçi, həkim qəbulu qadağan olunmuş preparatları bilməlidir.
DOPİNQLƏR BEŞ CÜR OLUR, AMMA... 
 
Amma dopinqlər də növbənövdür. Belə ki, idmanda işgörmə qabiliyyətinin yüksəldilməsi üçün istifadə olunan vasitələrə dopinqlər, dopinq metodları, psixoloji metodlar, mexaniki amillər, istifadə olunması məhdudlaşdırılan farmakoloji vasitələr, qida əlavələri aiddir. İnsan orqanizminə xüsusi zərər vuran və nəzarətə ehtiyacı olan vasitələrə dopinqlər və dopinq metodları (manipulyasiya) aid edilir.
Farmakoloji təsirinə görə dopinqlər 5 sinfə bölünür:
1. psixostimulyatorlar (amfetamin, efedrin, kofein, kokain və s.);
2. narkotik vasitələr (morfin, alkoloidlər - opiatlar, promedol, fentanil və s.);
3. anabolik steroidlər (testosteron və onun törəmələri, metan-drostenolon, retabolil, androdiol və s.), həmçinin anabolik peptid hormonallar (somatotropin, qonadotropin, eritropoetin);
4. betta-blokatorlar (anaprimin, propranolol, oksprenalol, nadolol, atenolol və s.);
5. diuretiklər (novurit, dixlotiazid, mrosemid (laziks), klopamid, diakarb, veroşpiron və s.).
Dopinqlər bioloji fəal maddələr olub, heyvan və bitki orqanizmlərdən alınır və ya süni surətdə sintez olunur (təbii dopinqlərin analoqu şəklində). Bir çox dopinqlər qrip, soyuqdəymə və s. xəstəliklərin əleyhinə dərmanların tərkibində olur, ona görə də idmançılar dərman qəbul edən zaman komandanın həkimi ilə hökmən məsləhətləşməlidirlər (xüsusilə de beynəlxalq yarışlar ərəfəsində).
Kişilərin 90, qadınların isə 20 faizi... hansı dopinqi qəbul edir? 
Dopinq metodlara müxtəlif manipulyasiyalarda qan dopinqləri aid edilir (qadınlarda ovulyasiyanın sıxışdırılması və s.).
Ayrı-ayrı siniflərə aid dopinqlərin orqanizmdə bioloji təsiri müxtəlifdir. Belə ki, psixostimulyatorlar idman işgüzarlığı MSS-nin, ürək-damar və tənəffüs sisteminin fəaliyyətini aktivləşdirmək yolu ilə yüksəldir. Bu zaman skelet əzələlərinin aktivliyi, energetikası yüksəlir, idmançının öz gücünə inamı artır, yorğunluq aradan götürülür, nəticədə bu orqan və sistemlərin funksiyaları həddən artıq gərginləşir, enerji ehtiyatları tükənir. Narkotik maddələr ağrı hissini sıxışdırır, yorğunluğun baş verməsini uzaqlaşdırır. Anabolik steroidlər zülalların sintez prosesini gücləndirir, parçalanmasını isə azaldır. Ona görə də bu, əzələlərin inkişafına təkan verir, eritrositlərin miqdarının artmasına, fiziki yükə qarşı orqanizmin adaptasiyasının sürətlənməsinə, bərpa proseslərinin yüksəlməsi və bədənin kompozisiya tərkibinin yaxşılaşmasına səbəb olur. Beta - blokiatorlar adrenalin və noradrenalin hormonlarının effektinin əksinə təsir göstərir, idmançını sakitləşdirir, fiziki yükə qarşı orqanizmin adaptasiyası yüksəldir. Diuretik hormonlar və ya sidikqovucu vasitələr orqanizmdən suyun, duzların və digər kimyəvi maddələrin qovulmasını gücləndirir, bədən kütləsini azaldır və qadağan olunmuş maddələrin orqanizmdən qovulmasına şərait yaradır.
Qeyd etmək lazımdır ki, sadalanan dopinq sinifləri arasında ən çox anabolik steroidlər qəbul olunur. Ağır atletikada, pauerliftinqdə, bodibildinqdə onları kişilərin 90%-i, qadınların isə 20%-i qəbul edir. Digər idman növlərində bunlar nisbətən az dərəcədə qəbul olunur (futbolçular 78%, sprinterlər 40%). Bu zaman qəbul olunan dozalar dəfələrlə artırılır və 5-10 mqr əvəzinə, 300 mqr, hətta 2 qr çatdırıla bilər.
Dopinq varsa, onunla mübarizə də var 
Dopinqlə mübarizə sahəsində müasir konsepsiya Ümumdünya Antidopinq Agentliyinin Antidopinq Kodeksinə salınıb. Bu gün qəbul edilib ki, dopinqdən istifadə - normal orqanizmin funksiyasının artırılması üçün yüksək dozada dərmanın, yaxud nəyinsə şüurlu şəkildə yeganə məqsəd üçün - idman yarışlarında müvəqqəti süni fiziki aktivliyin və gümrahlığın artması üçün qəbuludur.
1993-cü ildə Tibbi komisiya növbəti farmakoloji preparatların istifadəsini qadağan etdi: təhrik edici vasitələr, narkotik, ağrıkəsici, sidikqovucu vasitələr və s.
Onlar ən səs-küylü dopinqçilərdir... 
 
Ən səs-küylü dopinq qalmaqallarının siyahısında isə ilginc adlar var. Bunlardan birincisi Lens Armstronq - Amerikalı velosipedçidir.  Bu idmançıya 1996-cı ilin oktyabrında idman karyerasını dayandırıb iki il ərzində mübarizə apardığı dəhşətli xərçəng diaqnozunu qoydular. Onun ən səs-küylü uğurları idmana qayıdandan sonra reallaşdı. 1998-ci ildə o, “Vuelte”də dördüncü oldu, növbəti mövsümdə isə karyerasında birinci dəfə “Tur de Frans”ın qalibi oldu və 7 il qələbə taxtından düşmədi. 2012-ci ilin fevralında velosipedçinin əleyhinə tədqiqata başlanıldı. Nəticə isə gözlənilməz oldu: 1999-cu ildən başlayaraq onun bütün göstəriciləri ləğv edildi. Armstronq bütün titullardan, üstəlik, Fransanın “Fəxri legion ordeni”ndən məhrum oldu, ömürlük idmandan uzaqlaşdırıldı. Keçən ilin əvvəlində teleaparıcı Opr Uinfinin verilişinə qonaq olarkən məhz nə zaman dopinq qəbul etdiyindən danışdı, o vaxtlar özünü günahkar bilmədiyini etiraf etdi və ona inanan insanlardan üzr istədi.
 
Ben Conson -Kanada, yüngül atlet 
Seulda keçirilən Olimpiya Oyunlarında Conson dünya rekordunu yenilədi - 9,79 saniyə. Lakin üç gündən sonra stanozolol anabolik steroid qəbuluna görə diskvalifikasiya olundu. Finişə ikinci çatan əfsanəvi Karl Luis də dopinq testindən keçə bilmədi. İlk beş finalçıdan yalnız bürünc mükafatçı Kalvin Smit bütün karyerası ərzində bir dəfə də olsun qadağan olunmuş preparat qəbuluna görə tutulmadı. KİV bunu “tarixin ən çirkli” qaçışı adlandırdı. Bir ildən sonrakı məhkəmə prosesində Conson artıq 8 ildir ki, dopinq qəbul etdiyini boynuna aldı. Onun rekordları ləğv edildi, titulları əlindən alındı. 1991-ci ildə kanadalı idmançı yenidən yüngül atletikaya qayıtdı, sanki yalnız ondan ötrü ki, yenidən tutulsun və ömürlük diskvalifikasiya olunsun.
Aleks Rodriges - ABŞ, beysbolçu
Tarixin ən yaxşı beysbolçularından biri, 3 dəfə mövsümün ən yaxşı oyunçusu, 14 dəfə bütün ulduzlar matçının iştirakçısı olan Rodriges uzun illər əzələlərin şişirdilməsi vasitələrindən istifadə edib. Rodriges 2007-ci ildə “Nyu-York Yankiz” komandası ilə beysbol tarixində rekord müqaviləyə imza atdı. 10 il ərzində o, 279 milyon dollar almalı idi. 2013-cü ildə idmançı səs-küylü dopinq hadisəsinin əsas fiqurantlarından biri kimi 211 matç diskvalifikasiya edildi. 11 yanvar 2014-cü ildə Rodrigesin cəzasını 162 matça qədər azaltdılar.
AzerTaym.az






Fikirlər