Bu kreditlərə güzəşt tətbiq oluna bilər – Layihə

Son günlər kredit borclarının bağışlanacağı ilə bağlı xəbərlər yenidən gündəmə gəlib.

Axar.az xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov kredit borclarının bağışlanması ilə bağlı ona ünvanlanan sualları cavablandırıb:

“Nəzəri və praktik baxımdan müəyyən kredit borclarının bağışlanması mümkündür. Təbii ki, söhbət heç də bütün borcların bağışlanmasından getmir. Hazırladığım təkliflər paketində 3 növ kredit güzəşti təklif etmişdim:

1. Kredit portfelinin yenidən qiymətləndirilməsi aparılsın və ailə başçısını itirən, işləmək qabiliyyətindən mərhum olan, eləcə də dünyasını dəyişən şəxslərə kredit amnistiyası tətbiq edilsin;

2. Beş min dollaradək olan kreditlərdə ödəniş məzənnəsi 1 dollar 1.05 manat kursu ilə hesablansın;

3. Beş min dollardan çox və 10 min dollardan az olan kreditlər üçtərəfli olaraq dövlət, bank və müştəri arasında bölüşdürülsün.

Birmənalı şəkildə təklif edilən mexanizm üzrə kreditlərə güzəştin verilməsi yalnız vətəndaşlar üçün deyil, eləcə də banklar üçün vacibdir. Bu problemli kreditlərin həcminin azalmasına və bankların sağlamlaşdırılmasına yardım etmiş olar”.

Kredit güzəşti və ya amnistiyası ilə bağlı qərarın olub-olmayacağına, yəni təkliflərin nəzərə alınma ehtimalına gəldikdə isə iqtisadçı bildirib ki, bu, dövlət qurumlarının səlahiyyətində olduğu üçün nə isə demək çətindir:

“Bu, daha çox Mərkəzi Bankla Maliyyə Nazirliyinin anlaşmasından asılı olacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası heç şübhəsiz, bu iki qurumun anlaşmasını dəstəkləyəcək. Ona görə də sözügedən maliyyə-kredit qurumlarının səlahiyyətində olduğundan, hansı qərarın veriləcəyini proqnozlaşdırmaq vermək mümkün deyil.

Güman edirəm ki, kreditlərə güzəştin verilməsi ilə bağlı maliyyə imkanları var. Problemli aktivlərin və eləcə də kreditlərin sağlamlaşdırılması proqramını qəbul etməklə bunu reallaşdırmaq mümkündür. Bu zaman kreditlər güzəştlərin tətbiq edilməsi və eləcə də sağlamlaşdırma tədbirləri mərhələli şəkildə həyata keçirildiyi üçün Mərkəzi Banka ciddi əlavə maliyyə öhədliyi yaratmayacaq”.

 






Fikirlər