Başı pambıqla kəsilən pambıqçılıq...

Başı pambıqla kəsilən pambıqçılıq...Pambıqçılığa maraq ildən-ilə azalır. Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu il əvvəlki ilə nisbətən pambığın əkin sahəsi 4,1 min hektar azalaraq 18,8 min hektar təşkil edib.

Pambıq əkin sahəsi 2000-ci ildə 101 min hektara, 2005 -ci ildə 112 min hektara, 2010-cu ildə isə 30 min hektara düşüb. Xüsusən 2010 -cu ildə “Pambıqçılıq haqqında qanun” qəbul etdikdən sonra bu sahəyə maraq kəskin azalıb.

Bunu virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

V.Məhərrəmov deyir ki, yüngül sənayenin əsas xammal bazasını təşkil etməklə yanaşı yüksək əlavə dəyər yaradan çox mühüm bir sahə - pambıqçılıq artıq sıradan çıxmaq üzrədir: “Ölkəmizdə son 80 ildə pambığın əkin sahəsi bu qədər az olmayıb. Əkin sahələrinin ciddi azalması öz növbəsində istehsalın da kəskin azalmasına səbəb olub. Belə ki, 1990-cı ildə pambıq istehsalı 542, 9 min ton olduğu halda beş il sonra bu göstərici 2 dəfə, sonrakı illərdə isə daha çox azalıb. Son 10 ilin istehsal göstəriciləri isə bu sahənin tam bərbad hala düşdüyündən xəbər verir. 10 il əvvəl - 2005-ci ildə 196,6 min ton pambıq istehsal olunduğu halda keçən il bu göstərici 40,6 min tona düşüb.

Başı pambıqla kəsilən pambıqçılıq...
Azərbaycanın iqtisadi durumu çətin olan zamanda - 1995 -ci ildə ölkəyə pambığın satışından 116,8 milyon dollar vəsait daxil olduğu halda 2014-ci ildə bu rəqəm 8,2 dəfə azalaraq 14,2 milyon dollar təşkil edib. Onu da nəzərə almaq lazımdır ki, 1995-ci ildə malların qiyməti dünya bazarında indi mövcud olan qiymətdən 35 faiz aşağı idi.

Son zamanlar kənd təsərrüfatının digər subsektorlarında olduğu kimi bu sahədə də idxala meyillilik artmaqda davam edir”.

2014-ci ildə ölkəyə 2,8 milyon ABŞ dolları dəyərində pambıq, 12,9 milyon dollar dəyərində isə pambıq, keçə və toxunmamış materiallar; xüsusi iplik və onlardan alınmış məmulatlar idxal edilib.

Pambıq istehsalının inkişafı özü ilə bərabər sənayenin, emal müəssisələrinin yaradılmasına və işləməsinə imkan yaradır. Sovet vaxtında Azərbaycanda bu istiqamətdə bir çox istehsal müəssisələri yaradıb. Təəssüflər olsun ki, həmin müəssisələrin əksəriyyəti dağıdılıb. 1995-ci ildə sənaye müəssisələrində 98,5 min ton mahlıc istehsal olunduğu halda 2013-cü ildə bu rəqəm 8 dəfə azalaraq 12,1 min ton təşkil edib.

Başı pambıqla kəsilən pambıqçılıq...Pambıq parça istehsalı da Azərbaycanda analoqu olmayan səviyyəyə enib. Belə ki, 1995-ci ildə ölkədə 57,9 milyon kvadratmetr pambıq parça istehsal olunmuşdusa, 2013-cü ildə bu göstərici 52 dəfə azalaraq 1,1 milyon kvadratmetrə enib.

Rəqəmlərdən göründüyü kimi, bu məhsulun istehsalının ciddi şəkildə azalması ölkənin bu sahədən əldə etdiyi xarici valyutanın azalması ilə yanaşı həm də fermerlərin gəlirlərinin azalmasına və sənaye müəssisələrində çalışan çoxlu sayda işçilərin iş yerlərini itirməsinə səbəb olub.

V.Məhərrəmov deyir ki, bu il pambıqçılıqda məhsuldarlığın aşağı düşəcəyi gözlənilir. Bunu pambıqçılıqla məşğul olan fermerlər maliyyə və su çatışmazlığı ilə əlaqələndirirlər.

İqtisadçı Səadət Əliyeva isə bu sahəyə marağın azaldılmasını daxili bazarda satış imkanının məhdudluğu ilə izah edib.

İqtisadçı virtualaz.org saytına deyir ki, fermerlər məhsulunu ona sərf edən qiymətə satmağa çalışır: “İstehsalçı şirkətlərin sayı yetərli deyil. Buna görə də istehsal edilən pambığı sərfəli qiymətə satmaq imkanı yoxdur. Üstəlik, digər məhsullardan fərqli olaraq pambıq istehsalı daha çox zəhmət tələb edir. Buna görə də pambıq istehsalına maraq ildən-ilə azalır”






Fikirlər