Dollar krediti olanlara daha BİR BƏD XƏBƏR

Hökumətin dollar kreditləri ilə bağlı atacağı addımlar artıq arxa plana keçib. Üstəlik, növbəti devalvasiyanın istisna olunmaması əhalidə narahatlıq yaradır. Çünki ötən il ərzində baş verən iki devalvasiya dollarla krediti olan vətəndaşları böyük çətinliyə salıb, kreditlərin ödənişi mümkünsüz hala gəlib. Ekspertlər bildirirlər ki, əslində bankların xarici valyuta ilə kredit verməsi qanunsuz olsa da, Mərkəzi Bank aylarla bankların bu addımına göz yumub. Bu səbəbdən dollar kreditlərinin verilməsində banklar və Mərkəzi Bank günahkar olsa da, bu qurumların hərəkətinin əziyyətini vətəndaşlar çəkməkdədir.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, hökumətin artıq dollar kreditləri ilə bağlı hər hansı addım atacağını gözləmir: “Hesab edirəm ki, o məsələ bağlanıb. Artıq dövlət rəsmiləri birmənalı şəkildə bildirib ki, dövlət hesabına heç bir yardım edilməyəcək. Bankların da əsas etibarı ilə təklif etdiyi güzəşt ondan ibarətdir ki, borcun vaxtını uzadırlar. Bu da təbii ki, borclanlara sərf etmir. Borc yenə də dollarla qalır. Yəni həmin o borcalanlar üçün təhlükə sovuşmur. Həm də borcun uzanması o deməkdir ki, onlar bankla daha çox məbləğ, faiz ödəyəcəklər. Bu, banklara sərf edir. Həmin borclananların bir qismi banklara təklif edirlər ki, heç olmasa, borcumuzu manata çevirin və sonra müddəti uzadın. Banklar ona da getmir, deyirlər ki, pul yoxdur, Mərkəzi Bank bizə manat vermir. Günahı, təqsiri Mərkəzi Bankda görürlər. Bu borcların daha çox hissəsi əhaliyə aid deyil, sahibkarlara aiddir. Buna görə hesab edirəm ki, nəticədə borcların böyük hissəsi banklara qayıtmayacaq. Banklar maksimum çalışırlar kimisə qorxutsunlar, kiminsə əmlakını əlindən alsınlar, satsınlar. Bu yollarla o borcu heç olmasa, nisbətlə qaytara bilsinlər. Buna görə düşünürəm ki, məhkəmə prosesləri artacaq. Daha çox girovları olan borcalanları məhkəməyə verirlər. Banklar girovun satılması yolu ilə o borcların bir hissəsini qaytara, bağlaya bilsinlər. Yəni bu məsələ azı bir neçə il ərzində Azərbaycan üçün çox problemli olacaq. Azı beş il problem aktual olacaq. Bu problem hələ hesab edirəm ki, qabaqdadır. O zaman banklar başlayacaqlar kütləvi şəkildə girov qoyulmuş evləri, mənzilləri satışa çıxarmağa cəhd etməyə. O zaman çox böyük problemlər olacaq. Hələ indi gördüyümüz elə də ciddi problem deyil. Əsas problemlər bizi qabaqda gözləyir”.
Ekspert Samir Əliyev isə qeyd edib ki, hökumət artıq qəti qərara gəlib və vətəndaşlara heç bir dəstək verməyəcək: “Fiskal və monetar siyasət rəhbərlərinin son açıqlamaları hökumətin valyuta kreditlərinin ödəyicilərinə dəstək vermək niyyətində olmadığını bir daha nümayiş etdirdi. Belə görünür ki, bankların və bəzi millət vəkillərinin cəhdləri nəticə verməyəcək və əhali kredit borclarını cari məzənnə ilə ödəməli olacaq. Hökumətin iqtisadi blokunun rəhbərlərinin əsaslandırması budur ki, belə bir addım maliyyə intizamını poza bilər. Bu barədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov həvəssiz danışsa da, maliyyə naziri Samir Şərifov bir az da irəli gedərək əhalinin dollarda kredit götürməsini qınayıb və problemin həllini Mərkəzi Bankın üstünə atıb. Baş bankirin həvəssizliyini anlamaq olar. Onu daha çox bankların taleyi maraqlandırır və hökumətdən maksimum dərəcədə dəstək almaq istəyir. Maliyyə nazirinin də mövqeyini anlamaq olar. Loru dildə desək, banklara pulu o verməlidir. Çünki onun əsas əsas vəzifəsi dövlət büdcəsinin vəsaitlərinin hər qəpiyinə nəzarət etmək və onun səmərəsiz xərclənməsinə imkan verməməkdir. Ancaq təəssüf ki, bu vəzifələr düzgün icra edilmədiyi üçün milyardlarla investisiya xərcləri səmərəsiz xərclənib, Maliyyə Nazirliyinin də idarəçiliyinə məsul Beynəlxalq Bankın aktivlərinin sağlamlaşdırılmasına 3 milyard manat yönəldilib. Hər iki maliyyə kapitanının, xüsusən də maliyyə nazirinin problemə yanaşması çox qüsurludur. 
Elə aparılan müqayisə də uğursuzdur. Burada hansı maliyyə intizamının pozulmasından söhbət gedə bilər? Bəs kim zəmanət verə bilər ki, dövlətdən və Mərkəzi Bankdan daim dəstək alan Beynəlxalq Bank bundan sonra maliyyə intizamını pozmayacaq? Niyə içməli suya görə borclar bağışlananda maliyyə intizamının pozulması stimullaşdırılmırdı, amma kreditlərə çatanda yada düşür? 2011-ci ildə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 294,2 milyon manat məbləğində borcları silindi. O borcların nə qədər hissəsinin əhaliyə aid olduğunu qoyuram kənara. Həmin qərar bir tərəfdən humanist addım olsa da, digər tərəfdən pulunu vaxtında ödəyən vətəndaşın hüququnu pozurdu. Məhz bu tipli güzəştlər vətəndaşlarda arxayınçılıq yaradır və ümid edirlər ki, dövlət yenə də onların borclarını bağışlayacaq. Kredit məsələsinə gəldikdə isə tamam fərqli mənzərədir və fərqli yanaşma tələb edir. Heç kim hökumətdən kredit borclarının kompensasiya etməsini tələb etmir. Buna ehtiyac da yoxdur və çox pis ənənənin əsası qoyula bilər. 
Söhbət hökumətin, xüsusən də Maliyyə Nazirliyinin təşəbbüsü ilə baş vermiş devalvasiyanın əhalinin sosial vəziyyətinə vurduğu ağır zərbənin təsirlərini minimuma endirməkdən gedir. Hökumət valyuta ehtiyatlarını qorumaq və büdcəni əlavə gəlirlərlə təmin etmək üçün 2015-ci ildə manatı 2 dəfə ucuzlaşdırıb. Bu qərarın nəticəsi olaraq dollarda kredit götürməyə məcbur olmuş əhalinin, sahibkarların aylıq ödənişi 2 dəfə artıb. Hökumətdən də tələb olunur ki, kreditin artan hissəsinin yükünü boynuna götürsün. Elə insan var ki, 2014-cü ildə dollarla kredit götürüb və onun borcu 2 dəfə artıb. Birinci devalvasiyada hökumət problemi bankların boynuna atdı. Banklar isə cüzi kömək edib problemi əhalinin boynuna atdı”. 






Fikirlər