ELDAR Sabiroğlunun oğlunun istintaq müddətini uzatdılar

Eldar Sabiroğlunun oğlunun istintaq müddətini uzatdılar

Rüfət Səfərovdan yeni açıqlamalar gəldi; sabiq müstəntiq radikal mövqeyindən çəkilmir

 

Keçmiş müstəntiq Rüfət Səfərov dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov tərəfindən Binəqədi Rayon Məhkəməsinə dəvət edilib. Bu barədə R.Səfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi: “4 ay bitdi, yenidən ibtidai istintaqın müddətini uzadırlar. 
 
Mən baş prokuror Zakir Qaralovdan soruşuram: 4 ay müddətində hansı istintaq hərəkəti etdiniz? Hansılar qaldı ki, istintaqın müddəti uzadılsın? Demək ki, bizi təzyiq altında saxlayıb, çəkindirmək istəyirsiniz? Olmayacaq!”
R.Səfərov sosial şəbəkədə yazdığı statusda bu durumla bağlı daha ətraflı təhlil verib. Sabiq müstəntiq yazıb ki, barəsində seçilən ev dustaqlığı qətimkan tədbiri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 09.08.2016-cı il tarixədək uzadılıb: “Qərardan bu və ya digər formada şikayət edib, vaxtımı hədər etməyəcəyəm. Eyni zamanda bununla əlaqədar qüvvədə olan qanunvericiliyin tələblərini xatırlatmağa da ehtiyac görmürəm, çünki əminəm ki, Azərbaycanda qanunlar deyil, qanunüstü sayılan ayrı-ayrı rəsmilərin iradəsi işləkdir. 
Odur ki, problemin faktiki tərəflərini qeyd etməyi zəruri bilirəm. Ayrı-ayrı kanallar vasitəsilə nəzərimə çatdırılır ki, əgər üzr istəyib, indiyədək ifadə etdiklərimin böhtan olduğunu bəyan etsəm, YAP-ın sıralarına qoşulub, ”ağıllansam", bir an öncə işə xitam veriləcəkdir. Təklifi anlayışla qarşılamaqla bərabər, aşağıdakı 3 qeydi ifadə edirəm:
 
1. YAP-ın Azərbaycan tarixinə qara hərflərlə düşəcəyini yəqin bildiyimdən, sıralarına qoşulmağı məqbul saymıram;
 
2. İndiyədək dürüst sanıb dediklərimizi bundan sonra da söyləyəcəyik;
 
3. Haqq yolundan bir addım belə geri çəkilməyi düşünmürük.
R.Səfərovun atası, YAP-çı Eldar Sabiroğlu isə moderator.az saytına açıqlamasında deyib ki, oğlunun istintaq işinin yenidən 3 ay müddətinə uzadılması onda təəccüb doğurmayıb: “Təxminən bu cür təsəvvür edirdim və bilirdim ki, məsələ asanlıqla öz həllini tapmayacaq. Ona görə də oğlum Rüfətlə bağlı prokurorluğun gəldiyi nəticəyə təbii baxıram. Prokurorluq sisteminin fəaliyyətində olan bu ”peşəkarlıq" təkcə Rüfətin yox, çoxlarının üzərində sınanılmış təcrübə kimi tətbiq edilib. Bu səbəbdən onların qərarı istisna hal kimi diqqəti cəlb edə bilməz. Ancaq məsələnin başqa bir tərəfi də var ki, ondan yan keçmək mümkün deyil.
Sual olunur ki, bu yoxlama testləri nə üçün aparılır? Hər şeydən əvvəl belə uzatmalarla təqsirləndirilən şəxsi asılı vəziyyətdə saxlamaq məqsədi güdülür  ki, bu da bizim Baş Prokurorluqda ən “mütərrəqi” və “ədalətli” yol hesab olunur. İnanın ki, çox biabırçılıqdır, qanuna hayqırı olmaqla, mənəvi işgəncənin bir forması təsiri bağışlayır. Tamamilə qeyri-qanuni, əsası olmayan, öyrədilmiş adamları üzə dayandırmaqla belə kəskin qərar qəbul etmək Respublika Baş Prokurorluğunun özünə hörmət gətirmir. Bunu mənim oğlumdur deyə söyləmirəm. Adətən bir çox hallarda vəziyyətə, situasiyalara baxılaraq qərarlar qəbul edilir ki, bunun da hüquqla heç bir əlaqəsi yoxdur. Mən bunun açmasını vermirəm və üzərində dayanmağı da ona görə məqbul saymıram ki, onsuz da bir mənası yoxdur". 

 






Fikirlər