Şəhid qızını vurub öldürən İŞ ADAMININ oğludur - 17 YAŞI VAR, “Jeep” SÜRÜR

Şəhid qızını vurub öldürən iş adamının oğludur

Qadını vurub qaçan 17 yaşlı gənc həbs edildi. Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan - 2000-ci il təvəllüdlü Məmmədov Arif Məmməd oğlu (ad, soyad şərtidir) tərəfindən idarə edilməsi müəyyən edilib.

Cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, A.Məmmədov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

A.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan Əmrulla Şahbazov tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunması təmin ediləcək.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Criminalaz.com məlumat yayıb ki, 3 uşaq anası olan K.Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Onu vuran 17 yaşlı gənc isə iş adamı Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

 






Fikirlər