“Baksol”da çirkab suları sakinləri cana yığıb: “Borular üçün ayrılan vəsaiti mənimsədilər”

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində “Baksol” yolu adlanan ərazidə qrunt və çirkab suları sakinləri cana yığıb. Yayış evlərinin yaxınlığında çirkab sularından yaranan gölməçələr ətrafa üfunət qoxusu yayır. Bu dözülməz qoxunu yüzlərlə metr məsafədən hiss etmək mümkündür.

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, çirkab sularından ibarət böyük bir göl əmələ gəlib. Həmin hissədə kanalizasiya boruları olmadığından təqribən 5 metr enində və yüzlərlə metr uzunluğunda olan dərin göl yaranıb.

Musavat.com-un müxbirinə danışan sakinlər üfunət qoxusundan və evlərdə yaranan rütubətdən xəstəlik tapdıqlarını deyirlər: 
“Burada yaranmış acınacaqlı durumdan “Azərsu” ASC məsuliyyət daşıyır. Su və kanalizasiya xidmətlərinə görə ödəniş edirik. Buna baxmayaraq, çirkab suları buraya axır. Evlərin əksəriyyətində çatlar əmələ gəlib. Ağcaqanad və gəmirci həşəratlar hər tərəfi basıb. Otaqların havasını dəyişmək üçün qapı-pəncərəni aça bilmirik. Uşaqlar tez-tez xəstələnirlər, yaşlılar isə revmatizmdən əziyyət çəkirlər”.

Sakinlər bildirdilər ki, problemlə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət ediblər: “Azərsu” əməkdaşları özləri də etiraf etdilər ki, yeni boruların çəkilməsi üçün 6 il öncə buraya vəsait ayrılıb, lakin mənimsənilib. Buna baxmayaraq, dəfələrlə problemlə bağlı müraciətlər etmişik. Bir dəfə bərpa adı ilə gəlib, ərazidə qazma işləri apardılar. Ancaq bir faydası olmadı, gölməçəni daha da dərinləşdirdilər. Üstəgəl Binəqədi şosesində toplanan yağış suları da “Baksol” ərazisinə ötürülür. Çirkab suları həmin istiqamətdən normal qaydada iri borularla gəlir, biz tərəfə çatanda açıq şəkildə axır. Təqribən 300 metrə yaxın məsafədə kanalizasiya borusu yoxdur. Su yerin səthi ilə axır. Elə günlər olur ki, arxda suyun səviyyəsi qalxır, daşır. Yaxınlıqdakı evlərin zirzəmisinə dolur. Bu problemləri aradan qaldırmaq üçün yeganə yol kanalizasiya xəttinin çəkilməsidir”.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O , bu barədə ətraflı araşdırma apardıqdan sonra sorğumuzu cavablandıracağını bildirdi.

Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.






Fikirlər