“O SƏS TÜRKİYƏ”DƏ AZƏRBAYCANLI İŞTİRAKÇILARA BADALAQ VURDULAR

“Güclü rəqibi finala qədər uzaqlaşdırmaq Türkiyədəki iştirakçıları sığortalamaq məqsədi daşıya bilər”

 

"O səs Türkiyə” müsabiqəsinə qatılan azərbaycanlı gənclər Zülfi Əsədov, İlham Nəzərov və Müşfiq Əliyev yarışmadan kənarlaşdırılıblar. Bu barədə Əməkdar artist Aybəniz Haşımova feysbuk hesabında paylaşım edib. "Dəyərli jurnalistlər və tamaşaçılarımız, sizi nə qədər çox sevdiyimi Allah bilir. Amma kiçik bir iradımı qəbul edin.
İrad bildirəndə onu kökündən kəsib atmayın, səhvini düzəltmək şansı olanları və diri qalmaq istəyənləri söz ilə öldürməyin. Türkiyənin "O səs Türkiyə” müsabiqəsində bəstəkarlarımız və musiqilərimizin adları anonim yazılıb. Doğru olaraq yazırsınız ki, bununla qəlbimizə toxunurlar. Mən də bundan çox narahat olmuşam, qəlbim dəfələrlə qırılıb. Axı niyə? Onlar bizim qardaşımızdır axı...
Amma, qurban sizə, irad bildirəndə elə edək, elə başa salaq ki, bu bir də təkrarlanmasın. Yoxsa hər şeyi kökündən elə kəsirsiniz ki, bunun əziyyətini istedadlı gənclərimiz çəkir. Son vaxtlar mətbuatımızda o yarışma ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki, nəticəsi belə oldu. Hazırda "O səs Türkiyə” yarışmasından Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər istedadlı azərbaycanlı səs sahibləri uzaqlaşdırıldılar. Baxmayaraq ki, münsiflər yalvararaq onları komandalarında görmək istədiklərini demişdilər. Mənim fikrim budur. Onlar sizin yazdığınız haqlı iradlara cavab olaraq istedadlı balalarımızı yarışdan kənarlaşdırdılar. Canları sağ olsun, təki Türkiyə yaşasın, başı bəla görməsin, təki dərdləri bir yarışma dərdi olsun. Türkiyə, nə olursa-olsun, Azərbaycan həmişə sizinlədir”.
Aybəniz Haşımova bildirib ki, Türkiyənin məşhur musiqi yarışmasında istedadlı azərbaycanlı gənclərin finala qədər gəlib çıxa bilməməsinin müxtəlif səbəbləri var. Aybəniz Haşımova bir səbəbini açıqlamış olub. Azərbaycan mətbuatının iradları müsabiqə təşkilatçılarının narazılığına səbəb olub, buna görə də azərbaycanlı iştirakçılar müsabiqədən uzaqlaşdırılıb. Eyni zamanda başqa bir səbəb kimi də azərbaycanlı gənclərin istedadlı, texniki ifa baxımından da daha güclü olması, onlarla rəqabəti çətinləşdirmiş olub. Azərbaycanlı iştirakçılardan bu dəfə də daha birisinin finala qədər gəlib çıxmaq ehtimalı müsabiqə təşkilatçılarını narahat etməyə başlayıb. Bir müddət əvvəl azərbaycanlı iştirakçı Elnur Hüseynovun bu müsabiqəyə ilk gəlişindən Türkiyədə böyük səs salması, ona böyük marağın olması, qeyri-adi səsə malik olması onu finala qədər apardı. Kim necə qiymətləndirir qiymətləndirsin. Onu dəstəkləyən Ebru Gündəş idi, ya yox, bir həqiqət danılmazdı. Elnur "O səs Türkiyə”nin tarixində qeyri-adi səsə sahib ifaçı kimi iz qoya bildi. Və Elnurun qalib olması bir nəfərin dəstəyi ilə ola bilməzdi. Ən azı 75 milyonluq bir millətin istəyinə bir nəfərin gücü qalib gələ bilməzdi. Deməli, Elnur Hüseynovu Türkiyədə sevənlərin sayı milyonlar ola bildi. Azərbaycanlı Elnur Hüseynovun bu müsabiqədə qalib olması münsiflər arasında da birmənalı qarşılanmadı, hərçənd Elnurun komandasında görmək üçün 4 münsifin hər biri yetərincə canfəşanlıq göstərdilər. Təbii ki, Elnur kimi səs sahiblərini hər gün eşitmək olmur. Deməli, o, bu qalibiyyətə layiq iştirakçı idi.
Məntiqlə məhz budəfəki azərbaycanlı gənclərdən birinin də finala qədər çıxa bilmək ehtimalı böyük ola bilər deyə müsabiqənin digər iştirakçılarını sığortalamış oldular. Hər halda səbəbindən asılı olmayaraq müsabiqədən azərbaycanlı gənclər uzaqlaşdırıldı.
Bu isə istənilən halda böyük müzakirələrə səbəb olub. İştirakçılar Zülfi Əsədzadə, İlham Nəzərov, Müşfiq Əliyev, Gülşən İbadovanın özləri də müsabiqədən uzaqlaşdırılmaqlarını onlara qarşı yaradılan kampaniyadan irəli gəldiyini bildirirlər. Hətta müsabiqədə milli mahnılarımızın müəllif hüquqlarının pozulması, anonim kimi təqdim edilməsinə etiraz olaraq mediada yayımlanan məlumatların həmyerlilərimizin taleyinə təsir etdiyini də iddia edənlər az deyil.
Anonim qalmaqalına görə, azərbaycanlıların yarışmadan getdiyini iddia edənlər sırasında Əməkdar artist Aybəniz Haşımova və bəstəkar-aparıcı Murad Arif də var.
Mövzu ilə bağlı müsabiqədən uzaqlaşdırıldığı iddia edilən iştirakçılarla əlaqə saxladıq.
Hakan və Gökhan Özoğuzun qrupunun üzvü Zülfi Əsədzadə düşünür ki, azərbaycanlılara qarşı tələ qurulub:
"Gökhan və Hakanın qrupunda 85 iştirakçıdan 4-ü azərbaycanlı idi. Ora Gülşən İbadova, İlham Nəzərov da daxildir. İştirakçılar 6 nəfərdən ibarət iki qrupa bölündü. Onlardan ikisi üst tura keçmək üçün mübarizə apardı. Gökhan və Hakan qrupa 4 azərbaycanlını salmışdı. Biz də məsələni başa düşmədik, şübhələndik və oxumaq üçün səhnəyə çıxdıq. Onlar 6 nəfərdən iki Türkiyə vətəndaşını saxladı, dörd azərbaycanlını evə göndərdi. Onda başa düşdük ki, bizə qarşı qurulan tələdir. Mediada yazılıb ki, iştirakçılar yarışmadan uzaqlaşdırılıb. Uzaqlaşdırma qovulma kimi başa düşülür. Guya, biz oxumamışıq, sadəcə müsabiqədən uzaqlaşdırılmışıq. Amma belə deyil. Dünya layihəsi olmasına baxmayaraq "Acun media” otaq turu təşkil edib. Həmin turlar efirdə yayımlanmır. Bu format yalnız Türkiyədə reallaşdırılır, digər "The voice”lərdə belə bir şey yoxdur. Türkiyədə isə həmin tur 3-4 ildir ki, həyata keçirilir”.
İlham Nəzərov isə onlarla birgə Türkiyə vətəndaşlarının da yarışmadan kənarlaşdırıldığını söyləyib:
"Heç bir problemlə üzləşməmişik. Azərbaycanlı iştirakçı Elnur Hüseynov qalib olmuşdu. Bu səbəbdən ondan sonra yarışmaya qatılan iştirakçıları yavaş-yavaş ələməyə başladılar. Biz duel turunda iştirak etdik. Duellər turu tamaşaçısız həyata keçirilir. Acun İlıcalı hər dəfə yarışmaya fərqli format qatır. Duellərdə münsiflər bizi seçmədi”.
Türkiyəni özünə heyran qoyan Gülşən İbadova isə ona qarşı haqsızlıq edildiyini bildirib: "Yarışmada ən güclü azərbaycanlı iştirakçılara qarşı haqsızlıq edildi. İştirakçılar arasında azərbaycanlıları bir qrupa saldılar. Bir ay əvvəl isə çıxacaq iştirakçıların yutubdan videoları silməyə başladılar. Səsim ilə türk xalqı tərəfindən rəğbət qazanmışdım, bu haqsızlığa heç kəs inanmaq istəmir. "Acun Media” azərbaycanlılara qarşı aqressiyasını və şəxsi-qərəzliyini sübut etdi”.
Azərbaycanlı gənclərin müsabiqədən kənarlaşdırılması ilə bağlı tanınmış azərbaycanlı bəstəkar Gövhər Həsənzadə "Şərq”ə açıqlama verdi: 
"Əvvəla, mən onu qeyd edim ki, söhbət konkret Aybəniz Haşımovanın yetirdiyi tələbələrdən gedirsə, onların səhnədə peşəkarlığına heç kimin şübəhsi ola bilməz. Aybəniz Haşımova böyük sənətkardı. Onun məktəbi Konservatoriya səviyyəsindədi. Onun tələbələrinin "Evrovizion” səviyyəsində istedadının şahidi olublar. Azərbaycanlı gənclərin müsabiqədən birdən-birə uzaqlaşdırılması məsələsinə gəlincə, Türkiyə qardaş ölkədi deyə onların bizim iştirakçılara qarşı təxribat olması real deyil. Çünki müsabiqədə münsiflər heyətinin azərbaycanlılara qarşı sevgisi, bizim klassik, retro mahnılarımıza qarşı həyəcanlı yanaşması həmişə diqqət çəkib. Münsiflərdə oturanların hər biri öz çəkisi olan sənətçilərdi. Ona görə də Azərbaycan mətbuatının tənqid bu qədər cılız şəkildə cavab verəcəklərinə inanmıram. 
Onlar o qədər nüfuza sahib sənətçilərdilər ki, Azərbaycan mətbuatının rəyi o qədər maraqlı deyil. Bir məntiq ola bilər, azərbaycanlı gənclər istedad baxımından güclü olduqları üçün güclü rəqib sayıla bilərdi. 
Güclü rəqibi finala qədər uzaqlaşdırmaq Türkiyədəki iştirakçıları sığortalamaq məqsədi daşıya bilər. Başqa bir səbəb görə bilmirəm. Bu məsələyə sırf müsabiqə olaraq baxmaq lazımdı. Ona görə də müsabiqədə güclü rəqibləri uzaqlaşdırmaq da bir taktiki gediş ola bilər. Bu məsələni müsabiqə kimi dəyərləndirmək lazımdı. Buna başqa don geyindirmək lazım deyil. Biz Türkiyə ilə qardaş ölkəyik. Və bu münasibətlərə heç bir şəkildə kölgə salınmasının tərəfdarı deyiləm”.
"O səs Türkiyə” yarışmasının meneceri isə məsələdən məlumatsız olduğunu söyləyib və problemin araşdırılacağını qeyd edib.
AzerTaym.az

 






Fikirlər