"Xoşbəxt o insanların halına ki, onu həyatda ürəkdən sevə bildiyi, öz yarını tapdığı insan var"

Bu gün dünyada Müqəddəs Valentin günü, yaxud da Sevgililər günü qeyd olunur. Bəs görəsən bizim məşhurlar bu günü necə qeyd edirlər?
 
Moderator.az bir neçə sənətçi arasında kiçik sorğu keçirib.
Əməkdar mədəniyyət işçisi”, tanınmış aşıq Samirə Əliyeva saytımıza açıqlamasında bildirib ki, onun üçün bu günün önəmi yoxdur.
 
“Əslində mənim üçün sevgililər günü yoxdur. Çünki bayram kimi çox mənasız bir təqvim günüdür. Sevən insanların, cütlüklərin hər birinin önəmli bir günləri mütləqdir ki, var. Bu onların ilk tanışlıq, ilk sevgi etirafı etdiyi gün və evləndikləri gün ola bilər. Bax, önəmli olan budur. Əsl bayram sevgini paylaşmağı bacarmaqdır, saf məhəbbəti, sevgini yaşamaqdır. Arzu edirəm ki, bütün insanların qəlbində sevgi olsun. Nəinki həyatında sevdiyi şəxsə, ümumiyyətlə dostlara, ailəsinə, həyata sevgi olsun. Sevgi ilə yaşayaq, sevgi dolu yaşayaq. Yaşından asılı olmayaraq bütün sevən cütlüklərə xoşbəxtlik arzu edirəm. Onların sevgiləri saf, daimi və əbədi, xoşbəxtlik ilə bərabər olsun. Allah bütün sevənləri qovuşdursun” deyə tanınmış aşıq bildirib.
 
Tanınmış aktrisa, əməkdar artist Dilarə Əliyeva saytımıza bildirib ki, onun üçün sevginin günü yoxdur.
 
“Sevgi elə bir hissdir ki, insan ömür boyu yaşayıb, əsl sevgini dadmaya da bilər. Xoşbəxt o insanların halına ki, onu həyatda ürəkdən sevə bildiyi, öz yarını tapdığı insan var. Hərə sevgisini bir cür izhar edir. Bunu hər gün edənlər də var. Ona görə də bunun üçün özəl, ayrıca günə ehtiyac yoxdur. Əsas odur ki, sevdiyin, həyatını, kədərini, sevincini bölüşdüyün, başını çiyninə qoyduğun, səni anlayan insan var. Mən düşünürəm ki, belə günlərin xüsusi olaraq qeyd edilməsi sözə, diqqətə xidmət edir. Bəlkə hər gün yeri gəlmir, hər gün o məqam yaranmır. Həmin gün sevənlər bir-birlərinə sevgi dolu, xüsusi seçilmiş sözlər demək istəyirlər. Bu anı dolu-dolu yaşamaq istəyirlər. Nə baş verir versin, əsas odur ki, ortada saf, məsum bir sevgi olsun. Bu sevgi hesab-kitab işlərinə gedib söykənməsin, maddiyat qarşılığında olmasın. Yetər ki, Allaha şükür etsinlər ki, əsas odur ki, o var. Sevginin ən ali məqamı budur” deyə aktrisa bildirib.
 
Tanınmış müğənni Nazənin Salayeva bu haqda qısa danışıb.
 
“Mənim üçün sevgi ildə bir dəfə yox, hər gün olmalıdır. Ən böyük sevgim nəvələrimdir. Mən sevgini balalarımdan, həyat yoldaşımdan və məni sevənlərdən alıram. İnsanın hər kəsə, hər şeyə sayğılı davranmağı da onun həyata, yaşamaq eşqin olan böyük sevgisinin təzahürüdür” deyə müğənni bildirib.
 
Afət Fərmanqızı bu günü sırf təqvim günü kimi qeyd edir.
 
“Sevgililər günü simvolik bir gündür. Sevən insan üçün sevgililər günü bəhanə olmamalıdır. Sevən insan elə hər gün sevdiyi insana sayğılı davranmalıdır. Şərt o deyil ki, gündə hədiyyə alıb gətirsin, xoş münasibətin, gözəl davranışın özü elə böyük hədiyyədir. Mənim üçün sevginin günü, saatı yoxdur. 14 fevraldır deyə mən qarşı tərəfə yaxşı olum, xoş davranım, o mənə hədiyyə alsın deyə bu günü qeyd etmək olmaz. Təqvimdən gələn bir gündür də. Avropada daha çox qeyd edirlər. Qoy olsun da, nə ziyanı var ki? Pozitiv bir gündür” deyə müğənni bildirib.






Fikirlər