Bir daha "TÜRK dili" və TÜRKLƏR haqqında

Bir daha

Nazir Əhmədli
Azərbaycan Respublikasında yaşayan və bu dövlətin onurğa sütununu təşkil edən xalqla bağlı gülməli və ağlamalı bir vəziyyət yaranıb.
Əgər bu xalqın adını "Azərbaycan xalqı" adlandırsaq, onun hansı etnik komponentlərdən yarandığına baxmalıyıq. Ölkədə yaşayan ruslar, ləzgilər, yəhudilər, avarlar ayrıca xalq kimi tanınır. "Azərbaycan xalqı"nı yaradan etnik komponentlər: talışlar, kürdlər, tatlar, lahıclar, buduq, hapıt, qırız, xınalıq və s. Burada bir xalq qaldı və adını qəsdən axıra saxladım. O hansı xalqdır və sadaladıqlarımla birlikdə "Azərbaycan xalqı" nı əmələ gətirib? Onlar türklər deyil? Əgər kimsə etiraz edib desə ki, onlar türk yox, azərbaycanlıdır, onda belə çıxır ki, bu "azərbaycanlılar" adını sadaladığım həmin etnik qrupları da assimilyasiya edərək öz adını əmələ gələn ümumi xalqa veriblər. Belə olan halda nə əcəb bu xalqlar etiraz etmir?
Həmin çoxsaylı xalqların dili olan türk dili də bu birləşmiş xalqların ümumi ünsiyyət vasitəsidir. Bu qədər bəsit bir şeyi başa düşmək bəyəm o qədər çətindir? 
Məsələnin tragi komikliyinə baxın: adını sadaladığım etnik qruplar həm azərbaycanlıdır, həm də öz etnik mənsubiyyətlərini saxlayıblar-talış, kürd, xınalıq və s. Təkcə türklərə deyirlər ki, sən öz adını çəkmə, onu unut, sən onu yada salanda biz qıcıqlanırıq!!!
Azərbaycan xalqı amerikan xalqı kimidir-ona "yanki" deyirlər, amma heç kimin ağlına gəlmir ki, onların dilinə "Amerika dili" və ya "yanki dili" desin. Yaxud Avstraliya dili, Yeni Zelandiya dili, Kanada dili desinlər. Həmin ölkələrin də əhalisi ingilis deyil, amma dilin adının ingilis dili olmadığını iddia etmək gülünc olardı. 
Bu misalı Latın Amerikası ölkələrinə də aid etmək olar.
Türkiyə əhalisinin dilinin nə adlanması ilə işimiz yoxdur, təsəvvür edək ki, dünyada Türkiyə də yoxdur. Xalqlar arasında ümumi dilə çevrilmiş, 1939-cu ilə qədər 1000 ildən artıq bu ərazidə "türk dili" kimi tanınan bu dilin adı nədir cənablar?
"Türk dili" və "türk" sözlərinin işlədiməsinin əleyhdarlarını 3 qrupa ayırmaq olar:
1.İranın və Rusiyanın əlaltıları. Onlar satqındır.
2.Milli azlıqlar. Onlar qısqanclıqdan "türk" sözünü inkar edirlər.
3.Siyasətçilər. Xaricdən qızışdıranların əlindən bəhanəni almaq istəyirər. Onları başa düşmək olar. Ölkədəki sabitliyi qorumaq naminə bunu belə edirlər.
"Azərbaycan dili" ifadəsinin tərəfdarları ən çox XIX əsrin bir sıra ziyalılarına, xüsusən M.Şahtaxtinskiyə istinad edirlər. Amma unudurlar ki, Şahtaxtinskinin özü də istinad edilən məqaləsində 3 yerdə deyir ki, bu xalqın adı türk, dili də türk dilidir. Və təkilif edir ki, "Azərbaycan dili" adlandırılsaydı, yaxşı olardı. Göründüyü kimi, bu yalnız bir təklifdir. M.Şahtaxtinskinin yüzlərlə ziyalıdan biri olduğunu nəzərə alsaq, onun dediyi Quran ayəsi deyil ki, mütləq qəbul edək. Tutaq ki, o 1 nəfər belə fikirdə olub, minlərlə nəfər də əks fikirdədir. İndi mütləq onun dediyini qəbul etməliyik?
Mənim "türk dili" haqqındakı mülahizələrim qətiyyən pantürkizmlə bağlı deyil, ümumdünya türk dövləti yaratmaq xam xəyaldan başqa bir şey deyil. Əgər qarşılıqlı mehriban münasibətlər yaratmaqdan söhbət gedirsə, türk dövlətləri ilə yanaşı ənənəvi olaraq Ukrayna və Belarus kimi slavyan dövlətləri ilə də xoş münasibətlərimiz var və olmalıdır.
Türk dilinin əleyhinə çıxanların bir qismi də türklüyü slavyanlıq kimi irq hesab edirlər ki, bu da məsələni qəsdən dolaşdırmaqdır. Tarixdə heç vaxt "slavyan dili" və ya "slavyan xalqı" ifadələri olmayıb, türk sözü isə hal-hazırda da 30 milyondan artıq cənublu qardaşlarımızın adında mövcuddur.






Fikirlər