Dram dərnəyinə çevrilmiş Akademik Milli Dram Teatr

Dram dərnəyinə çevrilmiş Akademik Milli Dram Teatr2006-cı ildə Əbülfəs Qarayev Mədəniyyət və Turizm naziri vəzifəsinə təyin edilən kimi tədricən Azərbaycan milli mədəniyyətinin qəbirqazanlarının sayı sürətlə artmağa başladı.
Bunu əyani şəkildə hörmək üçün dövlət teatrlarına direktor vəzifəsinə təyin edilənlərin siyahısına baxmaq yetərlidir.


2006-cı ildə Dövlət Gənc Tamaşaçılar Teatrına Mübariz Həmidov, 2008-ci ildə Şıxəli Qurbanov adına Dövlət Musiqili Teatrına Əliqismət Lalayev, 2010-cu ildə ölkənin baş sənət məbədi Dövlət Milli Akademik Dram Teatrına İsrafil İsrafilov təyin ediliblər. Nazir Qarayevin teatrlara direktor təyinatı ilə baş tutan kadr siyasəti ötən müddət ərzində özünü doğrultmamışdır. Ölkənin digər mədəniyyət ocaqlarında da durum belədir. Təkcə normal axarla çalışan Dövlət Akademik Milli Opera və Balet Teatrı, Abdulla Şaiq adına Dövlət Qolçaq Oyunu (Kukla) Teatrı və Səməd Vurğun adına Dövlət Rus Dram Teatrıdır. Bu üç sənət ocağında gerçəkdən mədəniyyət adına mühit yaşamaqda davam edir. Bəs ölkənin əsas aparıcı teatrlarında durum nədən axsayır? Nə üçün teatrlarımıza peşəkar tamaşaçıların axını bunca mənfi dərəcədə enib? Bütün bunlar bir daha təsdiq edir ki, Mədəniyyət və Turizm nazirliyi və xüsusilə də nazir Qarayev və onun kadrları yarıtmazdırlar. Bunu isbat etmək üçün Dövlət Akademik Milli Opera və Balet Teatrını uzun müddət müşhaidə etməli olduq.

“İsrafil İsrafilov adına Həvəskarlar Teatrı”

Dram dərnəyinə çevrilmiş Akademik Milli Dram Teatr Hər bir teatrın uğuru onun repertuarı, yaradıcı kollektivi və bədii rəhbərinin sanbalı ilə dəyərləndirilir. İsrafil İsrafilov Dövlət Milli Akademik Teatrına direktor təyin olunandan üzü bu yana teatrda baş rejissor və ya bədii rəhbər vəzifəsi ləğv edilib. Ona görə də, teatrda yaradıcılıq atmosferi sıfr dərəcəsindədir. Hal-hazırda teatr demək olar ki, klinik ölüm durumunu yaşamaq zorunda qalıb. Ona görə ki, bu durumu direktor İsrafil İsrafilov və nazirlikdəki himayədarları yaradıblar. Sanki bu gözə görünməz qüvvə Azərbaycan mədəniyyətinin inkişafının qarşısını almaqla yanaşı, ondan intiqam almaq üçün yarışa girişiblər. Dramaturgiyadan uzaq, teatral mühitə uyğun olmayan bayağı və dayaz əsərlərin repertuar siyasətində əsas simasya çevrilməsini isbat etmək o qədər də çətin deyil. Dramaturgiyadan və teatr sənətindən uzaq olan Hüseynbala Mirələmov, Yunus Oğuz, Afaq Məsud, Əfqan Əsgərov və digər yazarların bu müdəqqəds ocağa ayaq basmaları yaradıcı mühiti həvəskarlar səviyyəsinə endirib. Çünki, direktor İsrafil İsrafilovun təfəkkürü bundan uzağı görmür. Beləliklə “kapitalizm ədəbiyyatı” kimi meşşanlıq mühitini teatra pərçimləməklə onu məhvə doğru sürükləyib. Yəni kimin cibində pulu və ya yüksək çinə malik vəzifəsi varsa buyursun teatra və onun dayaz əsərlərini səhnələşdirək. Təki pul-para ödəsin. Teatra belə bir münasibət həm də aktyorların yaradıcılığına çox ciddi şəkildə mənfi təsir göstərir. Bu həmin aktyorlardırlar ki, vaxtilə Ədil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib, Tofiq Kazımov, Nəsir Sadıqzadə, Həsənağa Turabov, Şəfiqə Məmmədova milli teatrımızın korifeylərindən dərs alıb, onların yetirməsi kimi şöhrət qazanıblar. Necə olur ki, bu aktoyrlar müqtədir sənətkarların sağlığında əsil sənət uğurları qazanırdılar, indi isə yox kimidirlər? Bu teatrda son illərdə bir nəfər də olsun gənc və perspektivli aktyor üzə çıxmayıb. Yaşlı aktyorlar isə elə bil “dəfn bürosu”nda çalışırmışlar kimi özlərini hiss edirlər. Orta nəsil aktyorlar bu sənət məbədindən daha da bezməyə məhkum olunublar. Çünki, teatrın direktorunun apardığı siyasətin aqibəti və şərtləri bunu tələb edir.

Rejissor siması olmayan məbəd

Dram dərnəyinə çevrilmiş Akademik Milli Dram Teatr Teatr elə bir sənətdir ki, onun simasını ancaq yaradıcı və istedadlı rejissorlar müəyyən edə bilirlər. Bu, bütün dünyada belədir. Azərbnaycan milli teatrının əsas aparıcı meyarı Dövlət Milli Akademik Dram Teatrı ilə ölçülür. Bu teatr məbədinin təməlini Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirseyfəddin Kirmanşahlı, Əbülfət Vəli, Cahangir Zeynalov, Mir Mahmud Kazımovski, Siqdi Ruhulla, Ülvi Rəcəb kimi dahilər qoyublar. Sonralar Aleksandr Tuqanov, Ədil İsgəndərov, İsmayıl Hidayətzadə, Zəfər Nemətov, Ələsgər Şərifov, Mehdi Məmmədov, Tofiq Kazımov və başqa ünlü rejissorlar milli teatrımızın inkişafını öz çiyinləri üzərində irəli aparıblar. Məhz bunun sayəsində 1905-1920, 1921-1950, 1960-1990-cı illərdə Azərbaycan teatrı parlamış və milli mədəniyyət daim inkişaf etmişdir. Çünki, hər bir rejissorun sənət baxımından öz yaradıcılıq üslubu olmuşdur. Onların quruluş verdikləri hər bir tamaşa mədəniyyət tariximizə qızıl hərflərlə daxil olmuşdur.

İndi baxalım və görəlim İsrafil İsrafilov adlı bir məmurun sayəsində bu müqəddəs teatr mədəbi nə günə düşüb?

Teatrın rejissor ştatı onun kəraməti sayəsində ləğv edilib. Kim rejissor kimi burada çalışacaqsa, sadəcə qısa müddətli müqavilə əsasında işləməyə məcbur edilir. Fikrimizcə Azərbaycan teatrında son 20 ildə istedadlı rejissor kimi özünü təsdiq etmiş Bəhram Osmanov kimi nadir sənət adamı elə buradan uzaqlaşmalı olub. Yerdə qalanları isə bunlardırlar:
Nicat Kazımov. Onun hazırladığı “Kabuslar” (Eduardo de Filippo), “Kölgə” (Yevgeni Şvarts), “Zorən şorgöz” (Rey Kuni), və “Məlikməmməd” (nağıl tamaşa) tamaşlar demək olar ki, teatr sənətimiz tarixində hər hansı hadisəyə çevrilməmişdir.
Gümrah Ömər (“Yuğ” teatrının baş rejissoru olsa da, ixtisasca aktyordur). “Qadın məhəbbəti” (Viktor Hüqo) və “Nadir Şah” (Yunus Oğuz) tamaşaları ilk tamaşadaca səhnədə dəfn edilmiş mirasa bənzəmişdir.

Toğrul Rza (“Yuğ” teatrının aktyorudur). “Keçmişdən zəng” (Anatoli Krım) tamaşasını isə teatrsevərlər heç xatırlamaq istəmirlər.
İranə Tağızadə (S. Vurğun adına Dövlət Rus Dram Teatrının rejissoru). Görkəmli yazıçı Elçinin “Sənətkarın taleyi” əsərində Hüseyn Ərəblinski kimi baş rolda zorla istedadı olmayan Firdovsi Atakişiyevi oynatmaqla, tamamilə bu əsəri səviyyəsiz bir duruma endirmişdir.
Biz sadəcə bir neçə rejissorun adlarını və onların hazırladıqları tamaşaları qeyd etdik. Beləliklə ötən dörd il ərzində heç bir bədii məziyyəti olmayan tamaşaların sayəsində bu sənət məbədi ölkənin mədəni həyatında çıxılmaz duruma düşüb. “Yuğ” teatrında aktyor kimi sənət uğuruna imza atmayanlar şübhəli şəkildə İsrafil israfilovun kəraməti ilə Dövlət Milli Akademik Dram Teatrında rejissorluq etməklə dəlləkliyi burada öyrənirlər. Həmin tamaşalar əslində mövsümi xarakter daşımaqla yanaşı, anındaca arxivə atılır. Halbuki, Azərpaşa Nemətov, Oruc Qurbanov, Rövşən Almuradlı kimi təcrübəli rejissorlarımız teatrda bir-birindən maraqlı ola biləcək tamaşalar qoysalar teatrın da uğurlarından danışmaq mümkündür.

Ac-yalavac və ayaqüstə zorla duran sənət

Dram dərnəyinə çevrilmiş Akademik Milli Dram TeatrHər ay Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əhalinin ehtiyacının aylıq bazar zənbilinin dəyərini elan edir. Bir nəfər vətəndaşın acından ölməməsi üçün minumum ehtiyac 315 manatdır. Bu müqəddəs teatr məbədində aktyorların maaşı isə belədir: xalq artisti 391, əməkdar artist 330, 13-cü dərəcəıli aktyor 288, yardımçı heyət üzrə aktyor 210 manat maaş alır. Direktor İsrafil Ramazanoviç dörd ildir aktyorları aldararaq onların maaşlarının artırılması vədlərini versə də, hələ ki, irəliyə doğru addım atılmayıb. Özünün direktor maaşı isə aktyorların məvacibindən bir neçə də artıqdır. Buna görə də teatrın akademik səviyyəsi heçə enib. Durumun bu həddə çatmasında isə ən çox yararlanan İsrafil Ramazanoviçdir. Çünki, burada “truppa içində truppa” yaradıb. Kənardan, yəni “Yuğ” və “Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı”ndan dəvət edilən aktyorların sayəsində Dövlət Milli Akademik Dram Teatrının aktyorlarını sanki təhdid altında saxlayır. Bu aktyorlar illərlə həm yaşlarına, həm də istedadlarına görə istədikləri rolu oynamaqdan məhrum qalıblar. Guya dəvət edilən aktyorların fitri istedadı daha üstün səviyyədədir. Beləliklə professional aktyorlar illərlə öz istedadlarını nümayiş etdirə bilmirlər. Bunun özü sübut edir ki,İsrafil Ramazanoviçinteatr təsərrüfatından heç xəbəri yoxdur.

İsrafil Ramazanoviç İsrafilov kimdir?

İsrafil İsrafilov 1991-1995-ci il aralığında Azərbaycan Ali Sovetinin (Milli Məclis) deputatı olub. Milli dövlət müstəqilliyimizin əleyhinə səs verən lal deputatlardan biri sayılır. Dövlət müstəqilliyinə səs vermiş 43 deputatın siyahısında onun adı yoxdur. Çünki, bu dönəmdə müstəqilliyimizə qarşı çıxan deputatları Ayaz Mütəllibov və Moskvanın Azərbaycandakı canişini Viktor Polyaniçko idarə edirdilər. V. Polyaniçkonun işarəsi ilə oturub duran bu deputatlar Dövlət İstiqlalımızın əleyhinə səs verməklə yanaşı, Milli Bayrağımızın qəbul edilməsinə, Milli Ordunun yaradılmasına və milli atributlarımızın qəbul edilməsinə qarşı sərt təpki göstərirdilər. Bu gün onlar Heydər Əliyevə “Ulu Öndər” deməklə bayraqlarını dəyişiblər.

Dram dərnəyinə çevrilmiş Akademik Milli Dram Teatrİsrafil Ramazanoviç bundan öncə 1989-1991-ci illərdə Viktor Polyaniçkonun nəzarətində olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində baş təlimatçısı,1991-ildə qanunsuz yolla prezident seçilmiş Ayaz Mütəllibovun ən etibarlı kadrı kimi onun yanında böyük məsləhətçi, daha sonra Abşeron rayon icra hakimiyyətinin başçısı vəzifələrində işləyib. Teatr və mədəniyyət tarixmizlə bağlı yazdığı əsərlər teatrşünaslıq elmində heç bir ciddi uğurlar gətirməyib. Ötən yüzilin yetmişinci illərində “1 May” adına Mədəniyyət Evində həvəskar sənəti necə mənimsəyibsə, indi də bu meyarla teatr sənətinə yanaşır. Belə olmasaydı, ölkənin əsas sənət məbədini bu günə qoymazdı. Çünki, onun uzun illər keçmiş kommunist partiyası və komsomolunda yetişmiş kadr olaraq Əbülfəs Qarayev kimi hamisi vardır. Ə. Qarayev də iddia edir ki, mədəniyyət üzrə mütəxəssisdir. Halbuki, o elmi işini 1989-1992-ci illərdə çökməkdə olan sovet imperiyasının varisi olan Sov. İKP MK yanındakı İctimai Elmlər Akademiyasında müdafiə etmişdir. Beləliklə onları keçmişin “komsomol məktəbi”nin aqibəti birləşdirir.
Bütün bunları nəzərə alaraq qeyd etməliyik ki, yaranmış böhrandan çıxış yolu teatrda seçki üsulu ilə ya baş rejissor, ya da bədii rəhbər kollektiv tərəfindən seçilməlidir. İnzibati amirlik metodu ilə idarəetmə ötən yüzilin “kommunyak rejimi”nin çöküşündən sonra dəfn edilmişdir.
Azərbaycan mədəniyyətinin böyük estetiki İslam İbrahimov hər zaman deyərdi:
“Teatr mənəvi məbədidir. Onu hər kəs qorumalıdır. O məbəd yoxdursa, deməli sənət də yoxdur, xalq da ölümə məhkumdur”.

Dram dərnəyinə çevrilmiş Akademik Milli Dram Teatr


Ənvər BÖRÜSOY,
sənətşünas






Fikirlər