Şeirlərində RÜŞVƏTİ PİSLƏYƏN şair - Fikrət Qocayla bağlı yaradıcılıq işi TƏQDİM OLUNDU…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq şairi Fikrət Qocanın şeirlərindən ibarət “Sonra da deyirik ki...” adlı yaradıcılıq ifa işi təqdim olundu. Şeirlər izləyicilərə tam fərqli formatda, xüsusi ədəbi-bədii kompozisiya şəklində təqdim olundu. Tədbirin təşkilatçısı, Universitetin “Səhnə danışığı” kafedrasının dosentləri, Əməkdar artistlər Mahirə Yaqubova və Ağalar Bayramov idi. 
Tədbir həmçinin Ağalar Bayramov və Mahirə Yaqubovanın yaradıcılıq ifa işləri idi. Tədbiri giriş sözü ilə açan bədii qiraətçi Ağalar Bayramov hər kəsi salamlayaraq, Fikrət Qoca yaradıcılığı ilə 1980-cı illərdə “Uzaq Şərqin səmalarında Cavidi anarkən” şeiri ilə tanış olduğu deyib, həmin şeiri səsləndirdi. 
Daha sonra Ağalar Bayramov obrazlı şəkildə Fikrət Qocanın məhşur “101” şeirini səsləndirdi. Fikrət Qocanın Rəşad Məcidə ithaf etdiyi “Risk” şeirini səsləndirən bədii qiraətçi bu şeiri öz səsində izləyicilərə bir daha sevdirdi.

Tədbirdə Universitetin tələbələrinin solo ifasında  məhşur bəstəkar, Xalq artisti Emin Sabitoğlunun  Fikrət Qoca sözlərinə yazdığı “Baladadaşın ilk məhəbbəti” filmindən izləyicilərə tanış olan “Sənə olan eşqimi” mahnısı səsləndirildi.
Tədbir Universitetin tələbələrinin ifalarında Fikrət Qoca şeirlərindən ibarət bədii kompozisiya ilə davam etdirildi. 
1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunduqdan sonra korrupsiyaya qarşı mübarizə tədbirlərinə toxunan Ağalar Bayramov həmin dövrdə poeziyamızda yalnız Fikrət Qocanın öz şeirlərində rüşvəti kəskin pislədiyini söyləyədi. 
Fikrət Qocanın milli birliyi ortaya qoyan, ədavəti, rüşvətxorluğu kəskin pisləyən “Yuxumda Həccə getmişdim” şeiri və “Cənnətdən qovulanlar” poemasını söyləyərək - zalı uğultulu alqışlara qərq etdi.

1990-cı ildən bugünə kimi Azərbaycan ədəbiyyatında və böyük Fikrət Qoca poeziyasındakı Qarabağ nisgili haqqında danışan Əməkdar artist Ağalar Bayramov Fikrət Qocanın “Qaçqın gəlinə” şeirini səsləndirərək, zalı göz yaşları fonunda uğultulu alqışlara qərq etdi. Tədbir Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifaları ilə davam etdirildi.

Sonda çıxış üçün səhnəyə dəvət olunan Xalq şairi Fikrət Qoca tədbirin təşkili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovaya təşəkkür edərək, yaradıcılıq ifa işini yüksək səviyyədə qiymətləndirdiyini söylədi.

Tədbirin qonaqları sırasında olan bəstəkar Ruhəngiz Qasımova Fikrət Qoca poeziyasının böyüklüyündən danışaraq, Xalq şairi Fikrət Qoca haqqında olan xatirələrini izləyicilərlə bölüşdü.






Fikirlər