Tamaşaçı "sevgisindən" uzaq, 56 yaşlı Sənubər İsgəndərli — FOTOLAR

Tamaşaçı "sevgisindən" uzaq, 56 yaşlı Sənubər İsgəndərli — FOTOLAR

İndi mən onu əməkdar artist kimi təqdim etsəm, çoxlarınız düşünəcəksiniz ki, səhvdir. Amma nə qədər qəribə olsa da, bu, belədir. 2002-ci ildə aldığı əməkdar artist fəxri adından 14 il keçir.

Əvvəlcə qəhrəmanımızı tanıyaq.

Sənubər İsgəndərli Bakı şəhərində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına qəbul olunub, 1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrının aparıcı aktrisalarındandır. Bu müddətdə ölkənin ana teatrının səhnəsində bir-birindən maraqlı və rəngarəng obrazlar canlandırıb, bir neçə film və teletamaşada rol alıb.

9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.

Elə aktyor-aktrisalar var ki, onları yalnız mədəniyyət sahəsiylə maraqlanan, teatra gedən adamlar tanıyır və sevir. Amma heç şübhəsizdir ki, İsgəndərlini ömründə bircə dəfə olsun teatra getməyənlər də tanıyırlar. O ayrı məsələdir ki, kinoda, teatrda hansı obrazlara həyat verdiyindən xəbərsizdirlər. Bu, məsələnin sırf populyarlıq tərəfidir.

Peşəkarlığa, plastikaya, səhnəni, tamaşaçını hiss etməyə, tərəf müqabilini başa düşməyə, ən çətin vəziyyətdən çıxmağa gəlincə, bu mənada da S.İsgəndərli hazırkı dövrün əvəzolunmazlarındandır. Bu mənim jurnalist yox, tamaşaçı mövqeyimdir.

Bəlkə dəfələrlə siz də şahidi olmusunuz. Hansısa adlı-sanlı aktyorun, aktrisanın, müğənninin fotosu sosial şəbəkələrdə paylaşılır. Məsələn, 200 rəy yazılırsa, həmin rəylərin böyük qismi "ə bu niyə ölmür" tipində olur. Amma İsgəndərli bu cür tamaşaçı "sevgisindən" uzaqdır və o bunu öz səmimiyyətiylə qazanıb.

Populyarlıq yüksək səviyyədə, tamaşaçı rəğbəti öz yerində, peşəkarlıq şübhəsiz... Bəs əgər belədirsə, bu xanım niyə illərdir haqq etdiyi fəxri adına qovuşa bilmir? Olmaya kimlərinsə rəğbətini qazanmaq, adını fəxri ad siyahısına saldırmaq üçün bu meyarlar bəs etmir?
Axı indi "Azdrama"da İsgəndərlinin sənətə gəldiyi illərdə anadan olan və onunla eyni fəxri adı daşıyan aktyor-aktrisalar var. Və bu XANIMIN hələ də layiq olduğu fəxri adı almaması Azərbaycan teatrı adına yaxşı heç nə vəd etmir. Ötən yazılarda qeyd etdiyim kimi, İsrafil İsrafilov, Maqbet Bünyadov bunu görmürdümü. Bəs Azərpaşa Nemətov görə biləcəkmi?

Dünən doğum günüydü bu gözəl xanımın. 56 yaşını tamamladı. Bəli, təəccüblənməyin, 56 yaşını. Müasir Azərbaycan teatrının gözəllik rəmzlərindən sayılan SƏNƏTKAR, doğum gününüz mübarək!






Fikirlər