Şpaqatın mübarək, media!

Şpaqatın mübarək, media!Birinci cümlədən niyyətimi bəlli edim Mətanətdən yazmıram, heç bir müzakirəyə qoşulmuram, bu mövzu barədə sırf vəzifəm dərəcəsində - Jurnalistika fakültəsinin tələbələrinin sualını cavablandırmaq həddində düşünmüşəmbu qədər.

Amma Mətanətdən sonra baş verənlər barədə hələ də düşünürəm. Misalı Mətanətdən, elə bizdən uzaq, deyir bir dəli quyuya daş atdı, yüz ağıllı yığışıb çıxarda bilmədi.

Hər insanın bircə dəfə doğulmaq şansı var. Gündəmdən təzəlikcə düşmək üzrə olan, məsələn, Maral Tahirqızının da, Mətanətin də, sənin də, mənim də. Və əgər Maral öz ifasından zövq alırsa, bu, onu xoşbəxt edirsə, deməli, bu qadın xoşbəxt olmağı bacarmayan bizlərdən qat-qat ağıllıdır və bu qısa həyata bizdən qat-qat artıq dəyər verir. Bu insan adam öldürmür, baş kəsmir, tərbiyəsizlik eləmir – sadəcə, oxuyur. Onun bu fani dünyada arzusu budur – qoy oxusun və xoşbəxt olsun da. Nə paxıllıqdır...

Sözümün canı bu deyil. Mətanətin o hərəkətindən sonra televiziyaları səviyyəsizlikdə, ucuz reytinq axtarışında ittiham edən internet media, əslində, özü də bu şoudan kənarda qalmadı. Şpaqat söhbəti tək televiziya üçün deyil, həm də internet media üçün yağlı material oldu.

Və budur, teletamaşaçının tərkib etibarilə daha çox evdar qadınlardan ibarət olduğunu zənn edib onları səviyyəsizlikdə qınayanlar üçün acı fakt. İntellektin, ağıllı başların kompüter arxasında olduğuna ümid edənlər öz qənaətlərində yanılırlar. Bu mövzuda onlayn mediada yazılanların oxu sayı göstərir ki, intellekti, deyəsən, tutaq ki, masanın altında axtarmalı olacağıq.

Adi bir nümunə. “Kulis.az” hər gün izləməyə çalışdığım dərgidir. Araşdırdığım mövzu ilə əlaqədar olaraq, diqqətimi burada müəlliflərin ayrı-ayrı yazılarına olan reaksiyalar da cəlb edir. Məsələn, Qan Turalının kitabdan, filmdən danışdığı ağıllı söhbətlərini oxuyanların sayı 500-ü ancaq keçdiyi halda onun son bir həftə içində yazdığı Elnurla bağlı yazısını oxuyanların sayı 10 minə yaxınlaşır. İnsanın xoşbəxt olmaq modeli ilə bağlı fikirlərini bizə aldadıcı başlıqla - Mətanətin şpaqatını önə çıxartmaqla oxutdurur. İstənilən halda, nəticəyə nail olur – bir günə 5 min. “Namiq Qaraçuxurlu və Telli Borçalı ilə şair Qismətin söhbəti” başlıqlı yazısında Qismətin adını üçüncü yazmağa məcburdur, o ikisini birinci görsünlər deyə. Bu sözlər fikrini, münasibətini maraqlı hesab etdiyim Sevda Sultanovanın yazılarına da aiddir, elə digərlərinin də... Yazının uğurunu başlıq müəyyən edir – aydın məsələdir, amma mənzərə necədir?

Onların məqsədi yazılarını bizə oxutdurmaqdır, necə ki Mətanətin məqsədi də verilişinə baxdırmaqdır. Burda peşəkarlıq ayrı bir söhbətin mövzusudur...

Şpaqatın mübarək, media!Mənzərə belədir: nə qədər ki internet media televiziyanın göstərdiyi şounun dalınca düşür, hər hansı bir şəkildə ondan öz məqsədi üçün istifadə edir, televiziyalara baxanların səviyyəsi barədə fikir söyləməyimiz qeyri-ciddilikdir. Əksinə, hələ hardasa TV-lərə minnətdar olmalıyıq – mövzu verdiyi üçün.

Bir də ki Mətanət, Zaur, Maral biz baxdığımız üçün, oxuduğumuz üçün gözümüzdə həmin adamlardır. Baxmasan, haqqında oxumasan heç birinin varlığı ilə yoxluğunun fərqinə belə varmazsan.

Məktəbli olanda hardansa oxumuşdum ki, tutaq ki, Amerikada vətəndaşların əksəriyyəti məsələn, vurma cədvəlini bilmir. Uşaq fantaziyama heç cür sığışdıra bilmirdim ki, vurma cədvəlini bilmədən necə yaşamaq olar, necə utanmadan küçəyə çıxmaq olar? İndi başa düşürəm ki, olar, hətta üzbəüz qonşunu tanımadan da yaşamaq olar.

Bir də ki yaşadıqca həyatına daha çox insanı qarışdırmaq, beləcə, qəlizləşdirmək, öz aramızdır, daha çox biz şərqlilərin menyusundadır. Daha neynəyək, praktik qərblisayağı olmaq üçün görünür, gərək Qərbdə doğulaydıq...






Fikirlər