Ürəyim partlayır, az qala... – RASİM BALAYEV

Uzun müddətdir yalnız səhhətindəki problemlərlə gündəmdə olan dəyərli aktyor, xalq artisti Rasim Balayevin sağlamlığına qovuşmasına az qalıb. Dövlət dəstəyi nəticəsində aktyorun müalicəsi üçün Türkiyədən həkim çağırılıb.

Aktyor yaxın günlərdə müalicə olunacaq.

Rasim Balayev müalicəsi və başqa məsələlərlə bağlı Kult.az-ın suallarını cavablandırıb.

-Rasim bəy,indi özünüzü necə hiss edirsiniz?

- Şükür, bir az yaxşıyam. Dərmanlarımı qəbul edirəm,görək, sonu necə olur...

- Türkiyəyə getməli idiniz. Necə oldu ki, getmədiniz, ancaq həkim gəlməli oldu?

-Əvvəlcə mənə bildirdilər ki,Türkiyədə belə bir həkim var, səni onun yanına aparı

rıq.Ancaq sonra məlum oldu ki, həkim yaxın günlərdə Bakıya gəlir. Ona görə getməyim təxirə salındı. İndi də həkimi gözləyirik. Yaxın günlərdə Bakıda olmalıdır. Bu barədə mənə məlumat veriləcək. Hələ ki, gözləyirəm.

-Həkim gələnə qədər hansısa analizlər verirsinizmi, müayinədən keçmisinizmi?

- Vallah, elə bir müayinə yoxdur ki, keçməyim. Evdə bir kitab analiz kağızı var - analiz cavabları, müayinələr, MRT cavabları. Nə lazımdırsa,edilib.

Mənim problemim belimlə əlaqədardır. Bel hissəmdəyırtıq var və o da sinirlərimi sıxır. Sol ayağımın hərəkətinə mane olur. Ayağımı yaxşı ata bilmirəm.Gəzməyinə gəzirəm,əlbəttə. Ancaq ağrılarım olur. Sol ayağımı atanda ağrıyıram. Bir də sinir sistemimdə narahatlıq var. Dərman deyiblər, onu qəbul edirəm.

Həmişə özümə arzu edirdim ki, ay Allah, mənə elə xəstəlik ver ki, müalicəsi mümkün olsun. İndi bir dostum var, deyir, bunu arzulamırdın?

- Əməliyyata ehtiyac varmı?

-Yox, əməliyyata ehtiyac yoxdur. Burada baxan həkimlər deyib ki, əməliyyatlıq deyilsən. Həkimlərin sözlərinə görə,protrurya 7-8 millimetr olanda əməliyyat edilir, ancaq məndə 3 millimetrdir. O ancaq müalicə olunmalıdır. Hazırda klinikaların birində fizioterapiya qəbul edirəm. Gözləyirəm, görək həkim gələndən sonra nə deyəcək.

-Müalicəniz bitdikdən sonra sizi yenidən çəkiliş meydançasında görə biləcəyikmi?

- Səhnə adamını, aktyoru xəstələndirən işsizlikdir. Bu o demək deyil ki, mən pulsuzluqdan şikayət edirəm. Mən işləsəydim, rollarım olsaydı, çəkiliş meydançasında olsaydım, səhhətimdə yaxşı olardı, ağrılarım olmazdı. İndi bekarçılıqdan, işsizlikdən fikir edirəm. Bu məni xəstə, əsəbi edir, ağrılarımı artırır. Mən çəkiliş meydançasında ağrılarımı unuduram və özümü yaxşı hiss edirəm. Çəkiliş olsa, vallah, düzələrəm.

O vaxt xəstə idim, xəstəxanada yatırdım, “Nəsimi” filminin ssenarisini gətirdilər. Xəstə də olsam, filmə çəkildim və çəkiliş vaxtı heç bir dəfə də yadıma düşmədi ki, xəstəyəm. O filmdən sonra tamam sağaldım. Uzun müddət, hətta lap uzun müddət çox yaxşı oldum.

Bizim kimi hiss, ruh adamlarına, emosional insanlara belə şeylər çox təsir edir. Mən ilk dəfə 1973-cü ildə bu vəziyyətə düşmüşdüm, bir də indi.

40 ilə qədər həyatımı çəkiliş meydançasında keçirmişəm. Birdən-birə bunlar hamısı kəsildi, dayandı, çəkilişlər olmadı, dəvət gəlmədi. Adam özünə qapılır, əsəbləri dözmür, sıxılır, əsəb sistemində problem yaranır. Buna dözmək olar? Ürəyim partlayır, az qala. Bu da əlavə problemlər yaradır. Mən, əlbəttə, həkimə gedirəm, müalicə alıram. Ancaq niyə bütün bunlar təsir etmir? Çünki iş yoxdur, işsizəm, sıxılıram, çəkilmək istəyirəm, rol almaq, rol oynamaq istəyirəm.

-Dəvət və təkliflər yoxdur? Axı sizin kimi əvəzedilməz aktyorlara çox ehtiyac var.

-Seriallara çağırırlar,ancaq ürəyimcə olmur. Ona görə fikirləşirəm ki, orada çəkilmək mənasızdır. Ürəyimcə bir iş olsa, o iş üçün ürəyimi də qoyaram. Mən səhnə adamıyam. Oynamaq, işləmək istəyirəm. Evdə oturmaq mənlik deyil.

- Yəni ürəyinizcə olan heç bir təklif yoxdur?

-Hazırda yaxşı ssenari var,təklif ediblər. Hələ bir söz deməmişəm. Görək də. Olsa, əlbəttə, yaxşı olar. Gedərəm, başım qarışar, işləyərəm,özümə gələrəm yenidən. Vallah, çəkiliş meydançasında ağrılarımı da unudaram. Allah Fuad Poladova da şəfa versin. İkimiz də sağalaq, filmə çəkilək, inşallah!






Fikirlər