"Leyla Şıxlinskaya - KİNOMUZUN KÜBAR XANIMI gimnastika üzrə məşqçiymiş..."

"İdmançı qızların məşqçisi məşhur futbolçu Oleq Bloxinin arvadı, dünya çempionu İrina Deryugina idi" 

Bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır.

Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...   
Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/131722.html
 
 
“XOŞ MƏRAMLI OYUNLAR”IN XOŞ XATİRƏLƏRİ
 Moskvaya getməzdən əvvəl növbəti kapitan hərbi rütbəmi aldım. Oyunların təhlükəsizliyini təmin etmək  məqsədilə Azərbaycan DTK – dan xeyli əməkdaş ezam olunmuşduq. İynunun sonunda Moskvaya çatıb SSRİ DTK – nın ”Moskva tədris mərkəzi”ndə yerləşdirildik. İyulun 5-də Lujnikidə təntənəli açılış oldu. 70 ölkədən 3000 idmançı iştirak edirdi. Azərbaycan çekistlərinə Mir prospektindəki Olimpiya qapalı stadionunun gimnastika zalının təhlükəsizliyi tapşırılmışdı. Idmançıların məşqindən əvvəl gəlir, bütün zal itlərlə axtarılır, giriş-çıxışlar milislərə təhvil verilir, tamaşaçıların girişinə, irihəcmli fotoaparatla daxil olanların , şübhəli görünə biləcək əşyaların yoxlanmasına nəzarət edirdik. Stadion kompleksi  üç hissəyə bölünmüşdü-boks zalında  gürcülər, üzgüçülükdə ermənilər, gimnastikada biz idik. Məşhur idmançılar, gələn qonaqlar bizim üçün maraqlı idi. Ukraynadan gələn idmançı qızların məşqçisi məşhur futbolçu Oleq Bloxinin arvadı, dünya çempionu İrina Deryugina idi. Hər gün  kompleksdə  bütün idmançılarla görüşür, fasilədə kofe içir, söhbətləşirdik. Bir dəfə də  eyni masada kofe içəndə İrinaya 1978-ci ildə   “Nedelya” qəzetinə, 13-cü səhifənin qonağı kimi verdiyi müsahibəni xatırlatdım və  jurnalistika fakultəsində müsahibə janrını öyrənərkən həmin müsahibəni sitat gətirməyimi söylədim. Onu maraq götürdü və mən əhvalatı  danışdım. Müəllimimiz Nurəddin Babayev müsahibə janrının xüsusiyyətlərindən mühazirə deyirdi. Mühazirədə tələbələrin də fikirlərini soruşmaq, müzakirələr aparmaq  Nurəddin müəllimin adətiydi. Mən mətbuatımızda  müsahibələrin çox vaxt qabaqcadan hazırlanmış quru suallardan ibarət olduğunu, canlı, təbii olmadığından oxucunu bezdirdiyini, maraq oyatmadığını deyib İrina Deryuginadan alınan müsahibənin fərqli olduğunu nümunə kimi göstərmiş və fikrimi təsdiqləmək üçün  müsahibədən  jurnalistin  İrinaya verdiyi  bir sualı misal çəkmişdim. :Jurnalist: ”Ирина, Вы  знаете, что  Вы красивая?» Ирина: - Ну, нормальная». Nurəddin müəllim də dediyimi bir tərəfə qoyub elə mühazirədə - :Qız yəqin sənin də xoşuna gəlib, ona görə sitat gətirirsən – demişdi. Mən bunu İrinaya danışanda maraqla üzümə baxıb: “никогда не подумала,что  в каком -то университете, на занятиях обсудят   мою  интервью.. , но благодаря Вас., это было. За это Вам спасибо». İrina söhbətdən məmnun ayrılıb masadan qalxdı, iki addım atandan sonra geri dönüb diqqətlə gözlərimə baxa-baxa: “Восемь  лет  прошла, да. Теперь я задаю вопрос журналисту. Я еще красивая? “ Mən ayağa qalxıb qollarımı yana açdım: “Вы еще красивее стали и бог создал вас вечна  красивым”. İrina xanım bu sözlərdən sonra bir az da  naz ilə kafeni tərk etdi.
 
Məşqlər təkcə idmançılar üçün deyildi, mükafatların təqdim edilməsi prosesi də rejissor tərəfindən əvvəlcədən məşq edilirdi. Qızıl medal alanlara mükafatı məşhur aktrisa Elina Bıstritskaya təqdim edirdi. ”Sakit Don” filminin əvəzedilməz Aksinyası. İllər keçsə də aktrisanın gözəlliyi yerində idi. 
 Bir dəfə də yarış başlamazdan əvvəl sıraların arasında gəzişir, son yoxlamaları aparırdıq. Əməkdaşlarımızdan birinə öz dilimizdə nəsə dedim, bu vaxt bir xanım maraqla çevrilib bizə baxdı. Mən onu o saat tanıdım - Leyla Şıxlinskaya , ”Gün keçdi”nin Əsməri.14 yaşımda ilk dəfə baxdığım gündən çox sevdiyim bir filmin gözəl qəhrəmanı. Heç tərəddüd etmədən yaxınlaşıb: Siz Leyla xanımsız -soruşdum. O rusca: hə deyib, tez də yanında əyləşən kişini, yeniyetmə oğlan və qızı  göstərib: ”Это мой муж, а они мои дети” dedi. Tanış olduqdan sonra burda ezamiyyətdə olduğumuzu, zalda təhlükəsizliyi təmin etdiyimizi, hətta operator heyətinin də AZTV-dən olduğunu Leyla xanıma söylədikdən sonra    ona qısa kəsilmiş saçlarını göstərərək: Leyla xanım, Sizin gözəl ,uzun saçlarınız vardı...O yenə həyat yoldaşının üzünə baxıb: “Он спрашивает мои волосы, а где я постригла..,аа в Париже» .Mən: Madam Defervakın vətənində-dedim. Leyla xanım bu dəfə azərbaycanca: Aa, Siz ona da baxmısınız?-deyib üzünə bir məmnunluq ifadəsi verdi. Madam Defervak Stendalın “Qırmızı və qara”əsərində obrazdı. Qerasimovun çəkdiyi 4 seriyalı bu filmdə Leyla xanım bu obrazı yüksək ustalıqla, kübarcasına yaratmışdı. Sonra Leyla xanım deyəndə ki, özü  gimnastika mütəxəssisidi, yarışda iştirak edən və birinci yer tutan  Druçinina da onun yetirməsidi, bu  mənim üçün əsl yenilik oldu. Leyla Şıxlinskaya, kinomuzun kübar xanımı gimnastika üzrə məşqçiymiş. Səmimiyyətlə Leyla xanımla xudahafizləşib iş başına döndüm.
 
İyulun 20-də yarışların bağlanışı oldu.Moskva ezamiyyəti həm təcrübə,həm yeni tanışlıq,həm də  istirahət idi.İşimizdə heç bir “ÇP” baş vermədi.Bakıya ,ordan da Gəncəyə gəldik.
                                
                                                         *****
Həyat davam edirdi.Şöbədə işlər  öz axarıyla gedir,”Yenidənqurma”nın ikinci mərhələsi-“zəhmətsiz gəlirlərlə mübarizə” Qərarı qəbul olunmuşdu.Respublikada bu istiqamətdə imitasiya xarakterli kompaniya aparılır,amma real mübarizə hiss olunmurdu.Zəhmətsiz gəliri iri miqyasda əldə edənlər yenə də öz işlərində idilər.DTK-ya  real göstəriş ,real tapşırıq faktiki olaraq verilmirdi.Amma,Moskva mətbuatında- “Oqonyok” jurnalında,”Komsomolskaya Pravda”,”Literaturnaya Qazeta”da artıq fərqli yazılar ,araşdırmalar,xeyli tənqidi materiallar çoxaldıqca ölkədə ab-havanın dəyişdiyi açıq görünür ,ideoloji baxımdan narazılıq bildirən adamların çoxaldığını əməliyyat məlumatlarından hiss edirdik.Amma,bu hələ oyanış deyildi.Ölkədə ilk təlatüm 1986-cı ilin sonunda Qazaxstanda baş verdi.Dinmuhamməd Kunayevin yerinə Qazaxstan KP MK-nın birinci katibi vəzifəsinə Gennadi Kolbinin təyin edilməsi Qazaxstanda kütləvi etirazla qarşılanmışdı.”Vremya”proqramında xəsisliklə verilən informasiya öz işini görmüşdü.Sovet cəmiyyətinə yad olan kütləvi etiraz baş vermişdi.Bu başlanğıc idi,bu SSRİ-də mərkəzi hakimiyyətin –Moskvanın qərarına qarşı ilk kütləvi etiraz idi.Qazaxıstan hadisələri həm siyasi,həm milli xarakterdə idi.Həmin hadisələrdən sonra SSRİ DTK 5-ci İdarəsinin bizə gələn məlumatlarından məlum oldu ki,hadisələr zamanı 3 nəfər ölüb, min nəfər məsuliyyətə cəlb olunub. Ölkə dəyişirdi.
   1987- ci il gəldi.Yanvarda illik regional hesabat yığıncağı Gəncədə keçirilirdi.Respublika DTK-nın müavini Namiq Abbasov hesabatlara qulaq asır,tənqidi qeydlərini söyləyirdi.Sonda “Xoş məramlı oyunlar”da vəzifə borcunu layiqincə yerinə yetirdiyimə görə SSRİ DTK sədri V.Çebrikovun əmri ilə  “Təşəkkür” elan olunduğunu söyləyib   vəsiqəni mənə təqdim etdi.
  May ayının əvvəlində şöbədə fövqəladə hadisə baş verdi.Mayın 2-dən- 3-nə keçən gecə saat 2-də ev telefonu zəng çaldı,rəisimiz idi və məni təcili şöbəyə çağırdı.10 dəqiqəyə şöbədə oldum,rəisin otağına girəndə daha iki işçimiz orda idi.Rəis :”Tsilibin,Rıbakov avtoqəzada həlak olublar” .Bu iki əməliyyat işçisi şöbəmizə təzə xidmətə gəlmişdilər.Onu qeyd edim ki,Gəncə şöbəsində hər zaman iki rus,bir erməni əməliyyat işçisi  olurdu.Sovet sisteminin müttəfiq respublikalarda apardığı siyasət idi bu ,Mərkəzi Komitədə də ,DTK-da,onun strukturlarında da.May bayramını bizim rus əməkdaşlar  Sovet Ordusunda olan kolleqalarımızla-Xüsusi Şöbənin( Особый Отдел)zabitləriylə Kürün sahilinə-Mingəçevir Su anbarına balıq tutmağa gediblər.Mindikləri hərbi yük maşının tormozları xarab olub,yüksəklikdən dərəyə aşmışdılar.Tsilibin 10 yaşlı oğlunu da özü ilə balıq tutmağa aparıbmış,maşın dərəyə aşanda oğlunu xilas etmək üçün onu sinəsində sıxıb ,zərbəni özü qəbul etmişdi.Rıbakov da yerində həlak olmuşdu.Gecə məlumat çatanda hələ düşdükləri dərədən meyidləri çıxara bilməmişdilər.Rəis ,mən ,mayor Əli Qliyev rəisin maşınıyla hadisə yerinə yollandıq.Gecə saat 3-də birtəhər hadisə yerini tapdıq.Hərbiçilər texnikanın köməyilə maşını və meyidləri çıxarırdı.Dəhşətli mənzərə idi.Səhərə yaxın şəhərə qayıtdıq.Rəis Rəhman müəllim ən çətin vəzifəni-həlak olanların ailəsinə xəbər verməyi öz üzərinə götürdü və necə çətin olduğunu da dilə gətirdi.Axşam əməliyyat müşavirəsi çağrıldı.Rəis Tsilibinin meyidini vətəninə-Perm şəhərinə aparmağı mənə tapşırdı,Rıbakovun meyidini Belqoroda aparmaq  mayor Elbrus Nəzərova həvalə edildi.Səhərisi gün Tsilibinin həyat yoldaşı,oğlu və mən təyyarə ilə əvvəl Moskvaya ,sonra Permə uçduq.Tsilibinin atası ,anası DTK Perm şəhər idarəsinin əməkdaşları bizi qarşıladı.Səhər dəfn mərasimi oldu,qəbristanlıq şəhərdən xeyli kənarda Kama çayını keçəndən sonra bir meşəlikdə idi.Mitinq oldu və mən də çıxış etdim.Qəbristanlıqdan şəhərə qayıdanda bir başa kafeyə getdik və yas adamları yemək yedilər və araq içdilər.Tsilibinin həyat yoldaşı mənə yaxınlaşıb üzr istədi ki,bu onlarda adətdi və bizim yaslardan xəbəri olduğu üçün mənim içməyəcəyimi mərhumun ata-anasına çatdırdı.
Perm Ural sayılır və  burdan Şərqə-yəni Sibirə ilk və hələlik bu günədək son səfərim olaraq qalır.Perm deyəndə yəqin əksəriyyətimizin yadına poçt konvertləri gəlir.Məktub üçün konvertlərdə rast gəldiyimiz “Пермская фабрика Гознак» yazıları idi.Permdə vaxtilə Minskdə oxuduğum zabitlə görüşəndə həmin fabrik haqqında soruşdum.Gülüb dedi ki,o fabrik əsasən sovet kağız pul əskinaslarını,digər dövlət sənədlərini hazırlayır və əlavə etdi ki,1983-cü il sentyabrın 1-də vurulan Cənubi Koreya təyyarəsinə əvvəlcə iki raket atılıb ,raketlər partlamayıb.Həmin raketlər burda, Permdə hazırlanır.Bu hadisədən sonra Moskvadan  komissiya gəlir və nəinki zavodun rəhbərliyini ,DTK -nın ,şəhərin də rəhbərlərini   işdən çıxarırlar.Maraqlı faktlar idi.İki gündən sonra Gəncəyə qayıtdım.Mayın sonunda DTK sədri Ziya Yusifzadə Gəncəyə gəlib əməliyyat müşavirəsi keçirdi.Sədr hər kəsin  kabinetinə daxil olub tanış olur ,sorğu-sual edirdi.Mənim kabinetimə daxil olanda özümü təqdim edəndən sonra rəis Permə mənim getdiyimi,dəfndə iştirak etdiyimi dedi.Yusifzadə Azərbaycan dilinə keçib ,xüsusi maraqla suallar verdi.Valideynləri səni necə qarşıladı?Yerli DTK ölümlə bağlı səni sorğu –sual etdimi ?Bizim ünvanımıza kəskin sözlər işlətmədilər? və s. bu tipli suallarına cavab verdim.Cavablarım onu qane etdiyindən təşəkkürünü bildirdi.
    Yusifzadə  Gəncədə əməlyyat müşavirəsi keçirəndən sonra tələsik Bakıya döndü .Nə olduğunu bilmədik.Rəisimiz də bir söz demədi.Axşam  səbəb hamıya məlum oldu.SSRİ-ni şoka salan hadisə baş vermişdi.19 yaşlı həvəskar alman təyyarəçisi Matias Rust öz kiçik təyyarəsilə Qırmızı Meydana enmişdi,bütün Sovet hava hücumundan müdafiə sistemlərini keçməklə.Bu hadisə SSRİ-yə şapalaq idi.SSRİ zəiflədikcə onun sağ əli DTK-da zəifləyir,əvvəlki nüfuzunu itirirdi.
                                                           *****
 İyunda toy hazırlıqlarını görməklə məşğul idim.İyunun 27-də kənddə,həyətimizdə toy şənliyi oldu.O vaxtlar dövlət qulluqçuları toy mərasimlərini bir qədər sönük,az adamla qeyd edər,material yazılmasından,şikayətdən,anonimdən çəkinərdilər.Heç nədən çəkinmədim,imkanımdan da artıq,sağ dişli,sol dişli,bəy tərifli toy etdim.Ürəyimdən keçən hamını da toya dəvət etmişdim.Bunu təmtərağa görə yox,ailəmizdə son 5 ildə baş verən itkilərdən(anam,dayım,qardaşım oğlu),yaslardan çıxmaq,evimizə ,nəslimizə şənlik bəxş etmək üçün edirdim.Toyu atamın,anamın adından edirdim,onlar sonbeşik toyu görmədilər. Subaylıq bitdi.Artıq Gəncədə ikiotaqlı xidməti  mənzil verilmişdi,təmir edib köçmüşdüm yeni mənzilimə.Toydan bir həftə sonra  Leninqrada getdik. Leninqradı ona görə seçmişdim ki,orta məktəbdə oxuyanda təhsil şöbəsindən respublikanın bir qrup şagirdini yay tətilində ora göndərmişdilər və mən bu şəhərə vurulmuşdum.Tələbə vaxtı da bu şəhərə gəzməyə getmişdim.Muzeylərlə zəngin bu şəhərdən aldığım zövqü həyat yoldaşımla bölüşmək istəyirdim.
Leninqraddan gəlib Şuşaya getdik,qardaşım Şuşada istirahət edirdi.Həmin yay qardaşımın “Şuşa və  şuşalılar” yazısı çıxdı.Qardaşım yazıda Şuşanı Muxtar vilayətin tabeliyindən çıxarılıb,birbaşa Bakıya tabe edilməsi məsələsini qoymuşdu.Hələ Qarabağ hadisələri başlamamışdı.
                                                          *****
Məzuniyyət bitdi,iş başladı.1987-ci ilin oktyabrın 21-də H.Əliyev Siyasi Bürodan azad edildi.Respublikada vəziyyət dəyişməyə doğru gedirdi.Moskvada isə mətbuat sürətlə dəyişir,gizli saxlanılan keçmiş sovet eybəcərliyi açılıb tökülürdü.Artıq “Vzqlyad “verilişi fərqi ortaya qoymuşdu.Moskvada sürətli dəyişiklik hiss olunurdu.Axtarışa baxan əməliyyatçı kimi mənə göndərilən informasiyalarda xaricdə yaşayan xeyli adamın axtarışı dayandırıldı.140 nəfər dissident həbsdən,düşərgələrdən azad edildi.Bu adamların içində azərbaycanlı yox idi.

AzerTaym.az






Fikirlər