"Elza oxumasa, yaxşıdır" — MÜSAHİBƏ + VİDEO

"Elza oxumasa, yaxşıdır" — MÜSAHİBƏ + VİDEO

"Xalq ulduzu" yarışmasının finalçısı Şəhla Həmidovayla əməkdar artist Elza Seyidcahanın canlı yayımdakı söz atışması bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Məlumat üçün qeyd edək ki, əməkdar artist Həmidovanı paxıl olmaqda, yalan danışmaqda ittiham etmişdi.

Ölkə.Az-ın bu və digər suallarını sözügedən efir qalmaqalının tərəflərindən biri- Şəhla Həmidova cavablandırır.

- Şəhla xanım, istərdim əvvəlcə yaradıcılığınız barədə danışaq. Yeni mahnılar yazdırırsınızmı, klip çəkdirirsinizmi?

- Bir xalq mahnısını, həmçinin bəstəkar Xanım İsmayılqızının Elman Tovuzun sözlərinə olan bəstəsini ifa etmişəm. İndi də retro mahnıların üzərində işləyirəm.

- Kimlərin repertuarındandır?

- Biri rəhmətlik Məmmədbağır Bağırzadənin repertuarındandır. Amma hansı mahnı olduğunu deməyəcəyəm. Bir lirik mahnı var, onu da yazdırmağı düşünürəm. O da klassik müğənnilərimizin repertuarındandır. Təzə mahnılarda elə bir şey yoxdur, nə varsa köhnələrdə var.

- Bu yaxınlarda ATV-nin canlı yayımında Elza Seyidcahanla olan mübahisəniz mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusu oldu. Sizcə, onun iradları nə dərəcədə haqlıydı?

- Birincisi, mən ora gedəndə bilmirdim ki, elə söhbətlər olacaq. Ümumiyyətlə, inanmazdım ki, Elza xanım mənə elə münasibət göstərər. O verilişə imicimi dəyişmək üçün getmişdim. Bir günlük də olsa, öz imicimdən çıxıb, onların gördüyü Şəhla olacaqdım. Amma Elza Seyidcahan qəfil özündən çıxdı. Orada tanınmış modelyer Fəxriyyə Xələfova da oturmuşdu. Onun fikirlərini, iradlarını gözləyirdim ki, sonrakı geyimlərimdə həmin nöqsanlara yol verməyim. Fəxriyyə xanım dünən meydana çıxmayıb axı. Savadlıdır, illərin modelyeridir. Elza Seyidcahan imkan vermədi ki, Fəxriyyə xanım ağzını açıb, bir kəlmə söz desin.

- Bəs Elza Seyidcahanın iradları haqlı idimi?

- İradlar qətiyyən haqlı deyildi. Mən sözümü demişəm, deyirəm, deyəcəyəm də. Halal pulla həm maşınım, həm bağım, həm hər şey olsun, bütün günü efirlərdə olum, hər yerdə mən oxuyum məsələsi mümkün deyil. Yalandır və absurddur.

- Bəs hansı istiqamətdə fəaliyyət göstərmək lazımdır ki, bunların hamısı olsun?

- Mən onu mədəni formada dedim. Mən də açıq-saçıq geyinsəydim, xoşa gəlməyən hərəkətlər etsəydim, indi irəlidəydim.

- Düşünürsünüz ki, Elza Seyidcahan açıq-saçıq geyinir, yoxsa bu ümumi fikirdir?

- Mən bunu Elza Seyidcahana aid etmirəm. Mənə deyir ki, ağlama, paxıllıq edirsən. Heç kimin paxıllığını çəkmirəm. Nəyimə lazımdır axı? Paxıllıq etsəydim, indi qabaqda gedənlərdən biriydim.

- Belə çıxır ki, qabaqda gedənlər paxıllıq edənlərdir?

- Onu deyə bilmərəm. Qonşudan qalma dala söhbəti var.

- Verilişdə Elza Seyidcahan bildirib ki, o boyda səslə səni toylara dəvət etmirlər, amma mən bəstəkaram, toylarım da var. Sizcə, niyə toylarınız azdır?

- Toyların çox olması üçün gərək bütün günü efirlərdə olasan, haranı açsalar, səni görələr. Mənim də o imkanım yoxdur axı.

- Həmin verilişə ödəniş edib çıxmışdınız?

- Heç bir ödəniş etməmişdim. Azərbaycanda iki kanal - "ATV" və "Space" məni təmənnasız efirlərinə çağırır. Başqa kanallara artıq müraciət etmirəm. Bilirəm ki, mənasızdır.

- Ümumiyyətlə, nə vaxtsa efirə pul ödəyib çıxmısınız?

- Xeyr. Ona görə də görünmürəm. Çox efirlər var ki, qiymətini deyir, mənim də gücüm çatmır.

- Nə qədər istəyirlər?

- Hər verilişin özünə görə qiyməti var. Çoxdandır heç maraqlanmıram. Çünki yoruldum.

- (zarafatyana) Bəlkə Elza Seyidcahanın şeirlərindən birinə mahnı yazdırıb oxuyasınız və barışasınız?

- Əvvəla, mən ondan küsməmişəm, sözümü demişəm. Heç kimdən küsmürəm, kin saxlamıram, paxıllıq çəkmirəm. Elza xanımın mahnılarına gəlincə, onları o özü oxuya bilər.

- Başqasının oxumasına yararlı deyil?

- Öz repertuarında yazır, özü oxuya bilər. Şəxsən mən onun mahnılarına müraciət edə bilmərəm, alınmaz.

- Qəlizdir, yoxsa səviyyə məsələsidir?

- Demirəm ki, səviyyəlidir, yaxud səviyyəsizdir. Bəstəkardır, yaradıcılığıdır, özü bilər. İndiyə qədər oxuduğum mahnılar ürəyimə yatıb ki, oxumuşam. Boğazdan yuxarı heç nə oxumamışam.

- Onun mahnıları ürəyinizə yatmaz?

- Şəxsən mən oxuya bilmərəm.

- Müğənni kimi bəyənirsiniz?

- Elza xanım müğənni deyil axı.

- Elza Seyidcahan əməkdar artistdir. Bəstəkarlara isə bu fəxri ad verilmir. Demək ki, fəxri adı da müğənni qismində alıb. Əgər bəstəkar kimi fəxri ad alsaydı, ya əməkdar incəsənət xadimi olmalıydı, ya da birbaşa xalq artisti...

- Bəstəkar kimi ona bir söz deyə bilmərəm, heç ixtiyarım da çatmır. Çünki bəstəkar deyiləm. Amma deyə bilərəm ki, o, mahnı bəstələsə, daha yaxşı olardı, nəinki oxusa.

- Bəyəniləsi müğənnidir?

- Mənim zövqümdə deyil.

- Heç olmasa düz oxuyurmu?

- Öz yazdıqlarını düz bildiyi tərzdə oxuyur da.

- Düz bildiyi tərzdə. Amma o tərz düzdürmü?

- (gülümsəyir) Vallah onu özündən soruşun, onun tərzinə qarışa bilmərəm.

- Sizin musiqidən anlayışınız yoxdur ki, səhv, yaxud düz olduğunu biləsiniz?

- Mənim musiqidən anlayışım var, sadəcə...

- Mən də soruşuram ki, düz oxuyur?

- O özü yazıb, özü oxuyur və nə dərəcədə düz oxuduğunu da özü bilir. Amma müğənni kimi deyə bilərəm ki, mahnı yazsa, daha yaxşıdır.

- İllər öncə bir müsahibənizdə kirayədə olduğunuzu bildirmişdiniz...

- Yenə də kirayədəyəm. Bu haqda danışıram, sonra qınayırlar ki, evsizlikdən danışdı. İndiyə kimi heç kimdən heç nə istəməmişəm.

- İndi verəcəyim sualla bağlı olan məsələ hələ müsabiqə zamanı da müzakirə olunurdu. Canlı yayımda bir nəfər zəng vuraraq, sizə mənzil hədiyyə edəcəyini bildirmişdi. İstərdim bir daha o məsələyə aydınlıq gətirək. Orada sizə nə şərt qoyuldu ki, mənzili ala bilmədiniz, imtina etdiniz, yaxud vermədilər?

- Mən heç nədən imtina etmədim. Məni çağırıb kağızı verdilər, yarışmadan ayrılan kimi zəng edib, kağızı aldılar. Guya 56 kvadratmetrlik bir otaq verirdilər. Sonra da dedilər ki, guya mənə 3 otaqlı təmirli ev verəcəklər. Amma özüm dedim ki, razıyam, təmirsizini verin, əziyyətlə də olsa təmir elətdirərəm.

- Amma mən eşitdiyimə görə qəbul etmədiyiniz müəyyən tələblər irəli sürülmüşdü...

- O qədər get-gələ saldılar. Üç aydan sonra zəng vurdum, başladı kobud danışmağa.

- Kişi xeylağı idi?

- Bəli.

- Eşitdiyimə görə, sizə şəxsi münasibət təklif etmişdi.

- Yalan deyə bilmərəm, elə şey olmamışdı. Sadəcə, axırda sözlərindən belə çıxdı ki, başa düşmədik, biz sizə niyə ev verməliyik?

- Dolayısıyla söhbət gəldi ora çıxdı.

- Bir neçə ay gözlədim. Sonra Bakı Şəhər İcra Hakimiyyətlindən maraqlandım. Gördüm ki, ümumiyyətlə adım ora getməyib. Vermədilər, canları sağ olsun. Allah yetirər, özüm alaram.

 






Fikirlər