Xalq artisti: "Əsəb sistemim sıradan çıxıb, şəkər xəstəsiyəm" — MÜSAHİBƏ

Xalq artisti: "Əsəb sistemim sıradan çıxıb, şəkər xəstəsiyəm" — MÜSAHİBƏAdətən gənc sənətçilərdən yazanda çoxları sənətkarları axtarmamaqda suçlayır jurnalistləri. Bəli, haqlı iradlar da var onların arasında. Bəzən isə sənətkarı tapırsan, amma sanki danışmağa qorxur, ehtiyat edir.

Xalq artisti Elmira Rəhimova da ötən əsr Azərbaycan estradasının ən tanınmış və yaddaqalan isimlərindəndir. Hətta yetərincə vətəninə bağlı xanımdır. Gənclik illərində Hindistan prezidentinin oğluna almaq istədiyi bu xanım indi 74 yaşında, ömrünün payız çağındadır. Dediyinə görə, indi onu yaxınları və bəzi həmkarlarından başqa heç kim arayıb axtarmır. 

Beləliklə, Ölkə.az-ın suallarını xalq artisti Elmira Rəhimova cavablandırır.

- Elmira xanım, necəsiniz, səhhətiniz necədir?

- Belə də... Çox pis.

- Deyəsən xeyli vaxtdır heç bir verilişdə iştirak etmirsiniz, çəkilişlərə getmirsiniz...

- Səhhətimlə bağlıdır. Ona görə heç yerə getmirəm.

- Müalicə olunursunuz?

- Əlbəttə, müalicə olunuram. Amma hələ ki bir nəticə görmürəm.

- Səhhətinizdəki problem əsasən nə ilə bağlıdır?

- Şəkər xəstəliyindən əziyyət çəkirəm. Həm də əsəb sistemim sıradan çıxıb.

- Sənət yoldaşlarınız sizinlə maraqlanırlarmı?

- Zəng vururlar, maraqlanırlar.

- Mədəniyyət və Turizm Nazirliyindən kimsə sizinlə maraqlanırmı?

- Həmkarlarım maraqlanır... Bilirəm siz "tema" yazacaqsınız.

Söhbətin bu yerində Elmira xanım "eşitməməyə" başlayır və xəttin o başından suallarımızı bu tərzdə cavablandırır.

- Alo, alo... Mən sizi eşitmirəm.

- Elmira xanım, siz həm də bir sənətkarsınız və mənim borcumdur ki, sizinlə maraqlanım.

- Çox sağ olun. Alo, alo...

Beləliklə Elmira xanımla söhbətimiz dəstəyin asılmasıyla tamamlanır. Cəmi beş saniyə sonra yenidən zəng vururam və başqa bir xanım cavab verir.

- Elmira xanım, başqa yerdədir, heç kim evdə yoxdur.

- Kiminlə danışıram?

- Həkimə gedib e.

- Kimdir?

-Yaxın adamıyam.

- Siz onu gizlətməklə nə qazanırsız?

- O bu dəqiqə xəstədir, həkimə getdi. Oğlu aşağıda maşında gözləyirdi.

- Siz yaxın adamısınız bilərsiniz. Nazirlikdən kimsə onunla maraqlanıbmı?

- Olar başqa vaxt zəng edəsiniz?

- Dediniz ki, yaxın adamısınız.

- Onun yerinə cavab verə bilmərəm.

P.S. Söhbətin ikinci hissəsini verməmək də olardı. Amma jurnalistləri sənətkarlara laqeyd qalmaqda ittiham edən şəxslər yəqin ki, "hesablarını" götürəcəklər.(Azərtaym.az)






Fikirlər