“Üzümdəki qəlpə izlərini tatuya bənzədirdilər, döyüşlərdə yaralandığımı bilən kimi üzr istəyirdilər”

“Üzümdəki qəlpə izlərini tatuya bənzədirdilər,

 

Xalq artisti, Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Şükufə Musayeva Moderator.az-ın suallarını cavablandırıb.
 
-Şükufə xanım, tez-tez Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə gedib, orada tamaşalar oynayırsınız, festivallarda çıxış edirsiniz.. Bu hisslərin yəqin ki, adı yoxdur?
-Bütün bunlar gözəl hisslərdir. İnanırdım ki, nə vaxtsa biz o torpaqlara qayıdacağıq. O torpaqlar bizimdir, bizim də olmalıdır. Mənim bir şeirim var, “O yurd, o məskən, o ev bizimdir, bizim də olacaq”. Şükürlər olsun oldu da. Sevincimizin həddi-hüdudu yoxdur ki, Qarabağımız özümüzə qayıdıb. Qarabağ bizim canımız, ciyərimizdir. Bu yaşa gəlib çatmışam, bu qədər sevinməmişdim. Torpaqlar azad olunanda ürəkdən sevinmişəm. Ən gözəl sevincli günlərim onda olub. Ali Baş Komandanımıza, ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Onların hesabına bu gün biz sevinirik, gülürük. Torpaqlarımız əsirlikdə olanda ağlayırdım, heç cür barışa bilmirdim. Tarixi abidələrimizi ermənilər məhv etmişdilər. Ürəyimizə dağlar çəkmişdilər. Bu gün Qarabağımız bərpa olunur, işğaldan azad olunmuş ərazilərdə gözəl-gözəl binalar tikilir. Şuşada tamaşalar oynayırıq, festivallarda iştirak edirik. Bundan gözəl nə ola bilər?
 
-Şuşa sizə daha doğmadır. Gəncliyiniz, yeniyetmə dövrünüz orada keçib. Vətənin çətin günündə səhnəni silahla əvəz edib, birbaşa döyüşlərə, ən qaynar nöqtələrə getmisiniz. Səhv etmirəmsə yeganə sənətçisiniz ki, bədəninizdə, üzünüzdə qəlpə daşıyırsınız.
-Bəli! O vaxt ağır yaralandım, 1 il xəstəxanalarda qaldım amma yenə də əl ağacı ilə gəzirdim. Yenidən cəbhəyə getmək istəyəndə icazə vermədilər. Çox pis vəziyyətdə idim. Teatrımız cəbhə bölgələrinə gedirdi. Mən də qoşuldum onların sırasına. Şuşa Teatrı ilə bərabər gedib çıxış edirdik. Bədənimdə, üzümdə o qədər qəlpələr var ki. Bəzilərini çıxartmağa həkim icazə vermədi ki, ömürlük ziyan çəkərsən. Onları tərpətməyə icazə yoxdur.
 
-Şuşa Dövlət Musiqili Dram Teatrı sizə nə verdi və sizdən nə aldı? Elə günləriniz oldumu onları doyunca yaşaya bilmədiniz?
 
-Burada teatrın günahı yoxdur. Teatr olmasaydı mən də həyatda olmazdım. Məni yaşadan teatrımızdır. Mən xoşbəxtliyimi səhnədə tapmışam. Nə qədər rollarım çox olsa, o qədər də xoşbəxt oluram. Bizim əlimizdən hər şeyi alan müharibə oldu. Ən çox da arzularımızı. Müharibə olmasaydı bəlkə də mənim yaradıcılığım daha böyük olardı. O vaxt filmlərə dəvət almışdım, müharibəyə görə çəkilə bilmədim. Sonra ağır yaralandım, sir-sifətim tikiş olduğuna görə utandım, çəkilmədim. Aktrisayam da, kompleks yaşayırdım. Alnımdakı bütün qırışlar, üzümdəki qəlpə izləri mənim şərəfim, şöhrətimdir. O vaxtı sual verirdilər ki, sifətiniz niyə belədir? Elə bilirdilər ki, tatudur.. Mən heç bilmirdim ki, o vaxt tatu nədir? Həqiqəti biləndən sonra üzr istəyirdilər. 
-Sakit təbiətli insansınız.. Bu xasiyyətiniz sizi həyatda nələrdən kənar qoyub?
 
-Çox utancaq olmaq da bir şey deyil. Əlbəttə ki, abır-həya hamıda olmalıdır. Mən istəmərəm kimsə bu qədər utancaq olsun. Yaxşı bir şey deyil. Bu hiss məndən asılı deyil. Əlbəttə ki, utancaqlıq səni hər bir şeydən geri salır. O qədər də olmaz. 
 
-Yəqin ki, bu xasiyyətinizə görə sizə mane olanlar da olub?
 
-Çox olub! Mən baş qoşmamışam! Həyatda da olub, sənətdə də! Mən bunu paxıllıq sayıram. Mən heç kimin qəlbini sındırmamışam.
-Bu gün elə bir fikir formalaşıb ki, aktrisayamsa əks cinsin yanında istədiyim mövzuda çox rahat şəkildə danışa bilərəm.. Bu təbliğat düzgündür? Aktrisa məgər belə olmalıdır?
-Xeyr, olmaz! Aktyor, aktrisa insanlara nümunə olmalıdır. Həyatda da, səhnədə də. Biz səhnədə mənfi rol oynayıb, pisləri yaxşı yola dəvət edirik. Mən belə halları sevmirəm. Pərdə olmalıdır. O pərdəni yırtmamalısan!
 
-Digər teatrlarda olan qalmaqallar, intriqalar Şuşa Dövlət Musiqili Dram teatrından çox uzaqdır. Həm də sizin teatrda təbəqələşmə yoxdur..
 
-Bizim teatrımızın özülü əvvəldən elə qoyulub. Teatrımızın direktoru Yadigar Muradov hamı ilə bacı-qardaş münasibətində olub. Yadigar Muradov Şuşada mənim müəllimim olub. Mən ona qardaş demişəm. Sonradan gələnlər də bizi görüb belə davam ediblər. Biz bir ailəyik. Bir yerdən çörək yeyiriksə, demək ki, bura bizim ailəmizdir. Harada olursan ol, insan olub, mehriban dolanmalısan.
 
-Bizim bəzi sənətçilərdə özündən razılıq o dərəcəyə gəlib çatıb ki, onu ayaqüstə alqışlayan tamaşaçı kütləsinə də aşağıdan yuxarı baxırlar..
 
-Təkəbbürlü insanları sevmirəm. Mənə elə gəlir ki, bu xasiyyətdə olan insanları heç kim sevmir. Çox pis cəhətdir. İnsana yaraşmaz. Kiminsə könlünü qırmaq olmaz. O tamaşaçılar səni sevirsə Allaha şükür et! Naşükür insanlardır onlar.
 
-Aktrisa özünü cəmiyyətdə fərqləndirməlidir?
 
-Xeyr, biz də adi insanlardan biriyik də. Niyə görə çəkib özümü dağ başına qoymalıyam? Buna səbəb yoxdur axı! Biri müəllimdir, biri həkimdir, mən də aktrisayam! Bu bizim sənətimizdir. Biz sadəcə daha çox üzdəyik. Gənc sənətçilərə demək istəyirəm ki, çalışın zəhmətinizlə ucalasınız! Mən heç vaxt fikirləşməmişəm ki, filankəs fəxri ad aldı, mən qaldım. Çalışmışam ki, sənətimlə sözümü deyim. Allah da məni mükafatlandırıb. Bu günümüzə şükürlər olsun!






Fikirlər