İƏT-in zirvə toplantısında MÜHÜM QƏRARLAR VERİLDİ

 İƏT-in zirvə toplantısında mühüm qərarlar verildi

İlham Əliyev: “Ermənistan danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır”

 Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının XIII Zirvə toplantısı öz işinə başlayıb. İƏT baş katibi İyad Madani zirvədə açılış nitqi edib. Dünya müsəlmanlarının problemlərinə toxunan İ.Madani Azərbaycan və Dağlıq Qarabağ mövzusunda da danışıb. 

 “Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan qoşunlarını çəkmir”. APA-nın məlumatına görə, bunu toplantıda İ.Madani deyib. Baş katib bildirib ki, işğal illərdir davam edir: “BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına erməni tərəfi əməl etmir. Biz problemin tezliklə həll olunmasını istəyirik. İşğalçı ordu tez bir zamanda zəbt etdiyi torpaqlardan çıxmalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın suverenliyi qəbul edilməlidir”. 
İslam ölkələrinin ərazi bütövlüyünün qorunmasının vacibliyini diqqətə çatdıran İyad Madani deyib ki, İƏT-in təsir gücünün və etibarının artırılması üçün üzv ölkələrin məruz qaldığı haqsızlıqların aradan qalxmasına çalışılmalıdır: “Bu çərçivədə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində İƏT-in təmas qrupunun yaradılmasını qərarlaşdırmışıq. Təmas qrupunun yaradılmasıyla bağlı maddənin İƏT-nin zirvə toplantısının yekun bəyannaməsinə daxil edilməsi gözlənilir”
.Zirvəni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aparır. Ərdoğan özü çıxışında deyib: “Mən nə sünniyəm, nə şiəyəm. Mən müsəlmanam. İslam adına hər gün məzlumları öldürən, yağmalayan terror hörgütləri müsəlman ola bilməzlər! Onlar İslam adına hərəkət edə bilməz, müsəlmanlara faydalı olmaz. Biz İslam dövlətləri olaraq nə qədər bir-birimizə qarşı düşəriksə, insanlarımız bir o qədər zərər çəkəcək. Hazırda hər yerdə qırılan, zərər görən, əziyyət çəkən müsəlmanlardır. İslam sülh və barış dinidir. İxtilafları deyil, bağlılıqları gücləndirməliyik. Çünki yaşanan toqquşmalardan zərər görən, sadəcə, müsəlmanlardır, İslam ölkələridir. Dostları çoxaldıb, düşmənləri azaltmalıyıq. Bugünkü zirvənin xüsusən bütün müsəlmanların birliyi, bərabərliyi yolunda bir milad, dönüş nöqtəsi olmasını Allahdan diləyirəm”.

 

 
Ərdoğan bildirib ki, hazırda terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkir: “Bu terror təşkilatlarının əsas zülmü müsəlmanlaradır. Dünyanın hər yerində insanlara qarşı törədilən aktları pisləşmişik. Parisdə, Brüsseldə baş verən terrordan danışdılar. Ancaq Ankara, İstanbul, Lahorda törədilmiş terror aktlarından bəhs etmədilər. Bu ikili yanaşma bizi üzür. Terror təşkilatlarının hamısına qarşı eyni formada mübarizə aparmaq lazımdır. Buradan bir daha dünya ictimaiyyətini terror təşkilatlarına münasibətlərini gözdən keçirməyə çağırıram”.
Türkiyə prezidenti İƏT ölkələri arasında terrora qarşı əməkdaşlığı möhkəmləndirməyin vacibliyini də diqqətə çatdırıb. 
 
BMT Təhlükəsizlik Şurasının quruluşuna diqqət çəkən Ərdoğan deyib ki, ədalətsizlik üzərində qurulan bir qurum dünyaya ədalət dağıda bilməz: “Bu, dəyişdirilməlidir. Biz də İslam ölkələri olaraq, orada öz yerimizi, haqqımızı tələb etməliyik. Ağlamayan uşağa süd verilməz. Biz də öz haqqımızı israrla tələb etməliyik. TŞ dünyadakı gerçəklikləri, yapılanları nəzərə alaraq, yenidən qurulmalıdır. Bir təklifim var -  İslam İş Birliyi Təşkilatının Qadın Konfransı oluşdurulsun. Müsəlmanların öz qadınlarının dərdlərini danışmaq və həll etmək üçün bir təşkilatı olsun”. 
O, müsəlmanların problemləri sırasında Şimali Kipr Türk Cümhuriyyətinə dəstək verilməsi zərurətini də söyləyib.
Ərdoğan dünyanın gündəmində olan miqrant mövzusundan da danışıb.
Daha sonra Zirvə iştirakçılılarına Türkiyəyə sığınan müsəlman qaçqınlarla bağlı qısa film izlətdirilib.
“Dünyada müsəlman toplumlarının yaşadığı, zamanla bu və ya digər şəkildə islam kimliyinin silinməyə çalışıldığı torpaqların işğaldan azad edilməsi üçün ortaq mövqe nümayiş etdirməliyik”.
 
APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu zirvə toplantısında çıxışı zamanı deyib. Fələstinin müstəqilliyinə qovuşmasının vacib olduğunu söyləyən Ə. Davudoğlu diqqəti Dağlıq Qarabağ münaqişəsinə də yönəldib: “Eyni şəkildə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı da ortaq mövqe sərgilənməlidir”.
İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin birinci sessiyasında geniş çıxış edib.
 
APA-nın məlumatına görə, son illərdə qardaş Türkiyənin beynəlxalq aləmdə artan nüfuzu sayəsində “Böyük İyirmiliyin” üzvü kimi qlobal inkişafa mühüm töhfə verdiyini deyən dövlət başçısı Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab etdiyini vurğulayıb: “Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olub. Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir”.Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Ermənistan 20 ildən artıqdır Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını deyən dövlət başçısı qeyd edib ki, bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Ermənistan Xocalı soyqırımını törədib. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələrdə erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda Qoşulmama Hərəkatı, ATƏT, AŞ PA və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olublar. Azərbaycan ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İƏT qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm”.
Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir: “Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcək. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm. İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək”.
***
İlham Əliyev İstanbulda Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb. 
Musavat.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul Konqres Mərkəzindəki görüş təxminən 15 dəqiqə davam edib. 
Əhməd Davudoğlu Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son hadisələr zamanı verilən şəhidlərlə əlaqədar Azərbaycan prezidentinə başsağlığı diləklərini çatdırıb. O bəyan edib ki, Türkiyə hər zaman və bütün şərtlər altında Azərbaycanın yanında olacaq. 

 

 

 






Fikirlər