“Qarabağ probleminin açarı PUTININ əlində deyil...”

“Bütün bu proseslərin açarı tək Putinin əlində deyil. Azərbaycanda elə bir təsəvvür yaranıb ki, Qarabağ probleminin açarı ya Rusiyanın, Putinin, Kremlin əlindədir. Bu çox yalnış təsəvvürdür”. 

 Bunu Modertor.az-a açıqlamasında politoloq Tofiq Abbasov Rusiya prezidenti Vladimir Putinin Qarabağ probleminin həllindəki rolundan danışarkən deyib. 
T.Abbasov qeyd edib ki, Putin faktiki olaraq üçüncü tərəfi təmsil edir:
“Birincisi, əgər belə olsaydı, o zaman Putin təkbaşına  bütün problemləri çözə bilərdi. Bu məsələdə Rusiya 3 dövlətdən biridir. İkincisi, Minsk konfransında həmsədrlərindən əlavə  20-ə yaxın üzv ölkələr var. Rusiya, Fransa, ABŞ, Türkiyə, Almaniya və s. ölkələr. Gərək bu dövlətlərin yekdilliyi olsun ki, problemin həlli tapılsın.
Biz görürük ki, indi üçlük formatında Fransa və ABŞ da rəsmilərin dili ilə bildirirlər ki, onlar təşəbbüsü Rusiyaya verməkdə israrlıdırlar. Təki bu məsələnin həlli tapılsın. Putin sadəcə üçlükdə lider rolunu oynayaraq bu məsələnin fəalına çevrilib. Onun elə bir mahiyyəti yoxdur və nahaq yerə deyil ki, bütün həmsədrlər, onların nümayəndələri daim deyirdilər ki, münaqişə tərəfləri gərək özləri bir kompromis ətrafında razılığa gəlsinlər. Biz də bu məsələnin çözülməsində həll yolunu tapaq və ona kömək edək. 
Burada problem Ermənistanın natarazlığına dirənib, çünki Ermənistan qoşunlarını  münaqişə bölgəsindən çıxarmaq istəmir. Ermənistan qoşunlarını çıxartsa, problemin həlli üçün, o cümlədən Azərbaycan ərazilərinin azad olunması üçün əməli şərait yaranacaq”. 
Politoloq onu da vurğulayıb ki, Rusiya indi Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunmasını istəyir:  
“Ermənistanda getdikcə anti Rusiya meyilliləri güclənir. Ona görə ki, Ermənistan işini elə planlaşdırırdı ki, güya Rusiya onları birmənalı şəkildə bütün proseslərdə müdafiə edəcək. Hətta lazım gələrsə, Ermənitanın əvəzinə Azərbaycana qarşı müharibəyə də qatılacaq. Amma əslində Rusiya indi Ermənistanı ağıla, dərrakəyə dəvət edir. Prinsip etibarilə deyir ki, Azərbaycan Ermənistan ərazilərinə iddia göstərmir, öz torpaqlarını azd etmək istəyir və biz buna qarşı heç bir əməliyyat, sanksiya tətbiq edə bilmərik. Çünki Azərbaycan başqa ölkənin ərazilərinə göz dikməyib, Azərbaycanın istəyi öz ərazilərini azad etməkdir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda  86 min kvadrat kilometr perimetrdə qeydiyyatdan keçmişik. Bizi BMT öz sıralarına tam şəkildə qəbul edib. Ermənistan da bu işdə beynəlxalq hüququn əsas prinsiplərindən biri olan ərazi bütövlüyü prinsipini pozur. 
Bu məsələdə Rusiyanın ancaq vasitəçilik rolu var. Gördüyümüz kimi, indi Ermənistanda Rusiyaya qarşı nə qədər kin, nifrət oyanıb. Deyirlər ki, Azərbaycana silah satmayın, kömək etməyin və s. Birincisi, Azərbaycan silahı öz puluna alır, Ermənistan kimi dilənmir. İkincisi, Azərbaycan Rusiya ilə də münasibətlərini normallaşdırır”.
T.Abbasov Putinin Bakıya səfərində Qarabağ məsələsinin müzakirə olunmasına da münasibət bildirib:  
“Bu yaxınlarda Bakıda üçtərəfli sammit baş tutdu. Bu sammitdə də Qarabağ məsələsi müzakirə olunub, amma burada əsas məsələ Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi idi. Bu proses artıq qlobal mahiyyət daşıyır, əgər bu dəhliz tam şəkildə istifadəyə veriləcəksə, mühafizəsi, ətrafında dayanıqlı bir nizamın yaradılması vacibdir. Ona görə də orada risk yaradan Qarabağ problemi də mütləq həllini tapmalıdır. Təbii, Rusiya da indi bunu qəbul edir ki, məsələ Azərbaycanın xeyrinə həll olunmalıdır. Yəni, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, sonra isə erməni azlığının Azərbaycan dövlətçiliyi tərkibində avtonomiyası bu və ya digər formada təsdiq olunacaq. Bu məsələ də artıq danışıqlarınn ümumi mövzusudur”. 
Politoloq Qarabağ probleminin həllinin ancaq Rusiyadan asılı olduğunu düşünənlər barəsində də danışıb: 
“Əgər bizim politoloqlar düşünürlər ki, Qarabağ probleminin açarı Rusiyanın əlindədir bu, çox yalnış və subyektiv fikirdir. İnanmıram ki, düzgün siyasi təfəkkürə malik insanlar belə bir fikirdə ola. Bu problem artıq Azərbaycanın, Ermənistanın ixtiyarında deyil. Vasitəçilik mandatı BMT-nin baş katibinin mandatıdır. Həmin mandat ATƏT-ə həvalə olunub, ATƏT də Minsk konfrnası çərçivəsində üç həmsədr dövlətdən ibarət institutu tərtib edib və onalara mandat verib. Rusiya da bu mandat əsasında fəaliyyət göstərir və iki həmsədrlə, eləcə də yuxarı instanksiyalarla məsələni razılaşdırır”. 

 






Fikirlər