"Mütəllibov araqarışdıran sualları cavablandırarkən ədalət meyarını itirib"

Ötən həftənin sonu Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibov istiqlalçı deputat Hacıbaba Əzimovun onun haqqında səsləndirdiyi ittihamlara cavab verdi. Və sabiq prezidentin bu cavabı demək olar ki, həftəyə damğasını vurdu.

Moderator.az istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimovla həmsöhbət olub, Ayaz Mütəllibovun onunla bağlı səsləndirdiyi fikirlərə münasibət öyrənib. 
H.Əzimov ilk öncə indiyədək Ayaz Mütəllibov haqqında dediklərinə aydınlıq gətirib:
“İlk əvvəl onu deyim ki, mənim heç də Ayaz Mütəllibovu nədəsə təqsirləndirmək,  Konstitusiya Aktının saxtalaşdırılmasında onu günahkar hesab etmək fikrim olmayıb, heç elə bir söz də deməmişəm. A.Mütəllibov Prezident olanda mən o vaxtkı hakimiyyətə müxalif mövqedə idim. Buna baxmayarq bir şəxsiyyət, insan kimi ona həmişə böyük hörmətim olub. Moskvaya gedəndən sonra barəsində cinayət işi açılanda da həmişə onu müdafiə etmişəm. Həqiqətən də çox əziyyətlər çəkdi, vətəndən uzaq düşdü, çox təzyiqlərə məruz qaldı. Hətta onu rəhmətlik atasının dəfnində belə  iştirak etməsinə imkan vermədilər. Buna görə onu həmişə müdafiə etmişəm, haqlarının pozulmasına qarşı çıxmışam. Moskvada olduğu vaxt özüylə dəfələrlə telefon danışıqlarımız olub. Yəni onun müdafiəsində duran, hüquqlarını qoruyan adamların sırasında öndə gedənlərdən olmuşam. Bunu özü də yaxşı bilir.
İndi təəccüb edirəm ki, ahıl yaşda olan, ölkəmizin ilk Prezidenti olan, indi vitse-prezident kimi müəyyən imtiyazlar qazanmış bu adam onun haqqında dediyim sözləri oxumadan, bilmədən jurnalistlərin araqarışdırmaq məqsədilə verdikləri sualları cavablandırarkən ədalət meyarını itirib, mənim həqiqətən harada, nə dediyimlə maraqlanmayıb və nə yaşına, nə seçdiyi həyat yoluna, nə də ilk Prezident tituluna yaraşmayan tərzdə müsahibə verib. Mənə qarşı da tam əsassız, gülünc ittihamlar irəli sürüb. Onun qəzəbli müsahibəsindəki ritorika, özündən müştəbehlik, əsassız, uydurma iddialar məni çox məyus etdi. Halbuki, mən ona qarşı hər hansı irad bildirməmiş, onu hər hansı günah sahibi kimi göstərməmişəm. 
Dediyim yeganə fikir o olub ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Ali Sovet tərəfindən qəbul olunandan sonra Ali Sovetin rəhbərliyinin tapşırığı ilə Ali Sovetin katibliyində saxtalaşdırılıb. O zaman komissiyanın sədri seçiləndən sonra mənə qabaqcadan müəyyən şərtlər qoymaq istəmişdilər. SSRİ vaxtında Azərbaycanın əleyhinə yönəldilmiş müəyyən əməllərin Konstitusiya Aktında əks olunmamasını şərt kimi qoymuşdular. Mənsə razılaşmamışam, demişəm ki, əksinə, nə baş veribsə hamısını yazacağam və yazmışam da. Akt qəbul olunandan sonra Ali Sovetin rəhbərliyinin istəmədiyi və Moskvanı qəzəbləndirə bilən bir sıra məqamlar, mühüm müddəalar Aktın mətnindən çıxarılıb, sonra Ayaz Mütəllibova göndərilib ki, imzalasın. O da özünün etiraf etdiyi kimi, mətni oxumadan imzalayıb. Mən heç bunu bilmirdim və bu barədə də heç nə deməmiş, yazmamışdım. A.Mütəllibovun özü bu günlərdə verdiyi müsahibələrdən birində bunu açıqlayıb. 
Göstərilən saxtalaşdırmadan A.Mütəllibovun xəbərinin olub - olmaması haqqında heç nə deməmişəm, ancaq güman edirəm ki, onun bundan heç xəbəri də olmayıb. Bunu Rusiyapərəst, Rusiyanın 5-ci kalonuna mənsub adamlar təşkil ediblər. Onlar Moskvanı qıcıqlandıra biləcək, Rusiyanın mənafeyinə zidd olan maddə və müddəaları Konstitusiya Aktının mətnindən çıxarıblar, sonra da A.Mütəllibova imzalatdırıblar”. 
Professor H.Əzimov daha sonra özünün müstəqillik yolunda xidmətlərindən danışıb: 
“Mənim Azərbaycan dövləti, xalqı qarşısında xidmətim bu olub ki, Konstitusiya Aktını hazırlayan komissiyanın sədri kimi mükəmməl tarixi sənəd hazırlamışam. Və dəfələrlə də mətbuatda demişəm ki, bu tarixi sənədi təkbaşına hazırlamamışam. 32 maddədən Aktın 2 maddəsi istiqlalçı deputat Etibar Məmmədova məxsusdur, bəzi müddəaların formalaşdırılmasında istiqlalçı deputat Tofiq Qasımov da iştirak edib, həmçinin təkliflər verən deputatların fikirlərini nəzərə almışam. Ali Sovetin katibliyində hazırlanmış ilkin layihə parlament tərəfindən rədd edisə də, oradakı bəzi pozitiv müddəalardan istifadə etmişəm. Amma nə yazmaq, necə yazmaq, onu sonra Ali Sovetə təqdim etmək, oradakı maddələri bir-bir müdafiə etmək və həmin maddələrin qəbul edilməsinə nail olmaq mənim qismətimə düşüb və mən də bu işin öhdəsindən uğurla gələ bilmişəm.
İkinci xidmətim də o oldu ki, Konstitusiya Aktının saxtalaşdırıldığını  müəyyən etdikdən sonra Ali Sovetdə məsələ qaldırdım. Buna görə də noyabrın 8-də Ali Sovet Azərbaycanın həqiqi ağsaqqallarından biri olan, xalq deputatı, Ali Sovetin Sədrinin müşaviri Tofiq Bağırovun sədrliyi ilə komissiya yaratdı. Komissiya Konstitusiya Aktının mətninin məndə olan əlyazmasını və müzakirələrin stenoqrammasını qəzetdə çap olunan mətnlə  müqayisəli öyrəndi. Sübut olundu ki, Aktın mətnindən bir sıra mühüm maddə və müddəalar çıxarılıb. Noyabrın 13-də Ali Sovet bu məsələni yenidən müzakirə etdi. Komissiya adından T.Bağırovun və mənim verdiyim təkzibolunmaz faktları əsas tutaraq Ali Sovet 13 noyabr 1991-ci il tarixli xüsusi qərar qəbul etdi ki, Aktın mətnindən çıxarılan maddə və müddəalar bərpa edilsin və Aktın tam mətni respublika mətbuatında çap olunsun. O zaman “Həyat” qəzeti Ali Sovetin orqanı idi, mənim dediklərim həmin qəzetdə də öz əksini tapıb. Həm Ali Sovetin 8 noyabr, həm də 13 noyabr 1991-ci il tarixli iclasları “Həyat” qəzetində işıqlandırılıb”.
İstiqlalçı deputat onu da bildirib ki, A.Mütəllibovun onunla bağlı səsləndirdiyi iddiaları əsası olmayan boş sözlərdir:
“A.Mütəllibovun onu nələrisə uydurmaqda, onu ittiham etməkdə və s. kimi iddiaları bütünlüklə əsası olmayan boş sözlərdir. Mənim yeganə məqsədim o zaman Azərbaycanın müstəqilliyinin əleyhinə olan SSRİ “KQB”-sinin Azərbaycandakı agentlərinin Konstitusiya Aktının dəyişdirilməsinə cəhd etmələrini  xalqa çatdırmaqdır. Məqsədim odur ki, hər kəs Azərbaycanın dövlət  müstəqilliyinin asanlıqla əldə edilmədiyini bilsin. Doğrudur ki, oktyabrın 18-də Ali Sovetdə  Konstitusiya Aktı bütövlükdə səsə qoyulduqda işlasda iştirak edən 258 deputatın hər biri lehinə səs verdi. Amma Respublika rəhbərliyində təmsil olunan müəyyən zümrə Moskvadan o qədər qorxurdu ki, Aktdakı Moskvanı qıcıqlandıracaq hissələri çıxarmaq, sənədi saxtalaşdırmaq mövqeyi tutdu. Bu, çox ciddi cinayət əməli idi və o zaman Ali Sovetdə bu məsələ qaldırılanda da deptatlar saxtalaşdırmanı həyata keçirən şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdilər. Ancaq mən o cinayəti törədən adam haqqında heç bir tələb qoymadım, dedim ki, məqsədimiz odur ki, Aktın əsl mətni bərpa olunsun. Çünki, o tarixi sənəd idi, tarixi sənədi saxtalaşdırmaq, “şikəst” etmək olmazdı”.
Partiya sədri digər bir mühüm məsələyə də münasibət bildirib: 
“Prezident İlham Əliyev oktyabrın 17-də Dövlət Müstəqilliyinin 25 illiyi ilə bağlı keçirdiyi qəbulda Azərbaycanın müstəqilliyini elan edən ən axırıncı postsovet ölkələrindən biri olduğunu demişdir. Bu da tarixi həqiqətdir.Nəyə görə axı SSRİ-nin dağılmasında ən başlıca xidməti olan Azərbaycan müstəqilliyə qovuşan sonuncu ölkələrdən biri olmalıydı? Bunun günahkarı biz istiqlalçı deputatlar deyildik, xalq deyildi. Biz, 350 deputat arasından cəmi 43 nəfər istiqlalçı deputat özümüzün, ailəmizin həyatını təhlükədə qoyub hələ 1991-ci il martın 7-də SSRİ-nin saxlanılması ilə bağlı ölkədə referendum keçirilməsinin əleyhinə çıxmışdıq. Sonra bizi, istiqlalçıları müdafiə edənlərin sayı da yavaş-yavaş artdı, ancaq niyə Azərbaycan ən sonda müstəqilliyini elan edən ölkələrdən biri oldu? Çünki Azərbaycan hakimiyyəti imkan vermirdi, şərait yaratmırdı. Bu barədə də dəfələrlə Ali Sovetin sessiyalarındakı çıxışlarımda demişəm”. 
H.Əzimov sonda A.Mütəllibovun ona qarşı səsləndirdiyi digər bir ittihama da aydınlıq gətirməyə çalışıb: 
“Ayaz Mütəllibov mətbuata müsahibəsində onu da deyir ki,  nəyə görə mən indi danışıram. Mən bunu indi demirəm, dəfələrlə demişəm. Həm də bunları biz deməliyik, insanlar, ictimaiyyət bilməlidir ki, o vaxtkı hakimiyyət və onların geniş dairəsinin müstəqilliyimizə münasibəti necə olubdur. Mən belə bir faciəvi halı xalqıma çatdırmalıydım ki, o vaxtkı iqtidar mənsubları hətta Ali Sovetin qəbul etdiyi tarixi sənədi belə saxtalaşdırmaqdan çəkinmirdilər. Çünki, çox sıx tellərlə bağlı olduqları SSRİ rəhbərliyi tərəfindən himayə olunurdular və onların da göstərişlərini yerinə yetirirdilər”. 






Fikirlər