Nazim İbrahimov erası bitir... Diaspor Komitəsi ləğv edilə bilərmi?/ RƏYLƏR

Xəbər verdiyimiz kimi, Gürcüstanda Diaspor İşləri üzrə Dövlət Nazirliyi ləğv edilərək funksiyası Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə daxil edilib. Azərbaycanda da 2008-ci ildən fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsinin də Gürcüstanda olduğu kimi eyni tendensiya ilə Xarici İşlər Nazirliyinin tabeliyinə verilməsi məsələsi təklif olunur.

Azərbaycanda da Diasporla İş üzrə Dövlət Komitəsinin ləğv edilməsi doğru olardımı?

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı BakiPost.az-a açıqlamasında deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinin tabeliyinə verilməsi düzgün deyil:

 

 "Əslində, diaspor komitəsini bir az da böyütmək lazımdır. Mən komitənin ləğv olunmasını məqbul hesab etmirəm. Bu, düzgün olmaz. Komitənin ləğv olunub-olunmaması məsələsini əslində, başqa dövlətlərlə müqayisə aparmağa ehtiyac yoxdur. Elə xalq var ki, onun böyük diasporu yoxdur. Ona görə də belə bir komitəyə də ehtiyacları olmur. Amma Azərbaycanda milyonlarla insan ölkədən kənarda yaşayır. Ölkənin hər bir bölgəsindən mühacirətə gedənlər var. Onlar dünyanın bütün ölkələrinə yayılıblar. Onlarla iş görmək, əlaqə saxlamaq çox böyük bir işdir. Hər halda Xarici İşlər Nazirliyinin öz işi var. Diaspora işi isə tamamilə ayrı işdir. Bunlar bir-birinə qarışanda diaspor məsələsi nazirliyin tərkibində arxa plana keçəcək. O zaman indiyə qədər görülən işlər də yarımçıq qalacaq”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev hesab edir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin ayrılıqda mövcud olması və ya Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi elə də önəm daşımır:

 

 "Əsas məsələ bu komitənin özünün funksiyası ilə bağlıdır. Yəni bu funksiya nə dərəcədə effektli və keyfiyyətli yerinə yetirilir. Komitənin istər Xarici İşlər Nazirliyinin nəzdində olsun, istərsə də müstəqil qurum olması vacib deyil. Əgər bu funksiya lazımi şəkildə yerinə yetirilsə, belə bir qurumun qalmağına ehtiyac var. Gürcüstandan fərqli olaraq bizdə Diasporla İş üzrə Dövlət Komitəsinin ayrı olması Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlılara nə qədər böyük önəm verməsindən irəli gəlir. Diasporlarla iş həqiqətən də keyfiyyətli şəkildə aparılırsa, bu, hər iki halda faydalıdır. Ona görə də mən elə də böyük fərq görmürəm. Əsas məsələ bu qurumun qarşısında qoyulan vəzifəni keyfiyyətli şəkildə yerinə yetirməsidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə həmkarlarından fərqli olaraq komitənin Xarici İşlər Nazirliyinin tabeliyinə verilməsi təklifinin tərəfdarı olduğunu bildirib:

 

 

"Xarici ölkələrdə fəallar diasporun bəzi işlərini və tədbirləri səfirliklərə xəbər vermədən keçirmək istəyirlər. Onlar buna daha çox maraqlı olurlar. Bu səbəbdən səfirlik də bir çox tədbirlər keçirəndə diaspor ilə əlaqə yaratmaqda çətinlik çəkir. Diaspor bir qurumun tərkibində olmayanda böyük problemlər olur. Hesab edirəm ki, komitənin Xarici İşlər Nazirliyinin tabeçiliyində olması daha yaxşıdır. Diasporla bağlı ayrıca, müstəqil qurumun fəaliyyətinə ehtiyac yoxdur. Fikrimcə, bu komitənin ləğv edilərək Xarici İşlər Nazirliyinin tərkibinə daxil edilməsi vacibdir. Çünki o zaman qarşıya qoyulan məqsədlər üçün daha uğurlu, çevik və operativ nəticələrin əldə olunmasına nail olacağıq”.

Qeyd edək ki, son vaxtlar Diasporla İş Üzrə Dövlət Komitəsi ətrafında ciddi müzakirələr aparılır. Bu müzakirələrin əsas məğzi isə komitənin fəaliyyətinin qeyri-qənaətbəxş olmasıyla bağlıdır. Buna görə də, komitə sədrinin işdən uzaqlaşdırılması ilə bağlı informasiyalar dolaşmaqdadır. Bu günlərdə baş verən bir olay isə komitə ərafında həlqəni bir qədər də daraldıb. Belə ki, oktyabrın 28-də Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlı İş Adamlarının Forumu təxirə düşdü və bu, bir başa komitə rəhbərinin səriştəsizliyi ilə əlaqədirildi.






Fikirlər