06.08.2014- " Soçidən əlidolu qayıdacaq"

06.08.2014- " Soçidən əlidolu qayıdacaq"Zərdüşt Əlizadə: “Ermənilər Rusiyanın göstərişi olmadan addım belə atmır”

Avqust ayının 8-də Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü gözlənilir. Belə görüşlər artıq 20 illik atəşkəs dövründə dəfələrlə keçirilsə də heç birində Azərbaycana xeyir gətirəcək nəticə əldə olunmayıb. Bəs, növbəti görüş ölkələrə nə vəd edir? Gözlənilən nəticə əldə ediləcəkmi?

Politoloq Zərdüşt Əlizadə; "Soçidə keçiriləcək görüşdən ciddi heç nə gözləmirəm.”
Bu arada mətbuatda yaxın günlərdə alınmış rayonlarımızın geri qaytarılacağı ilə bağlı fikirlər dolaşır. Deyilənlərə görə, Azərbaycan Avrasiya İttifaqına qoşularsa, Rusiya 5 rayonu ermənilərdən alaraq Azərbaycana qaytaracaq. Z.Əlizadə isə bütün bunları boş söhbət adlandırdı: “Bunların hamısı boş söhbətdi. Rusiyanın icazəsi olmadan Ermənistan bir addım belə ata bilməz. Atəşkəs bölgəsində döyüşlərin qızışmasına səbəb isə Donbasda vurulan Malayziya təyyarəsi oldu. Rusiya təyyarə qalmaqalından fikri yayındırmaq üçün Ermənistana döyüş əmri verdi. Rusiyanın icazəsi olmadan Ermənistan bir addım belə ata bilməz”. Mətbuatımız isə durmadan işğal altında olan kəndlərimizin və rayonlarımızın azad edilməsi ilə bağlı xəbər paylaşır. Müharibə gedən ölkədə mətbuatın bu şəkildə fəaliyyətini politoloq da qınadı: “Azərbaycanda peşəkar jurnalistlər azdır. Mətbuatımızın səviyyəsi çox aşağıdır”.

Politoloq Elnur Məmmədov isə Z.Əlizadədən fərqli olaraq Soçidə keçiriləcək görüşdə Azərbaycanın çox böyük uğur əldə edəcəyinə inanır: “Rusiya, əslində, bölgədə idarəetməni əldən vermək istəmir. Odur ki, Rusiyanın belə məqamda görüş təyin etməsi gözləniləndir. Rusiya Ukrayna hadisələrindən sonra mövqelərini daha möhkəm tutmağa çalışır. Azərbaycan isə bu görüşə ona görə gedir ki, Rusiya çağırır. Hazırki vəziyyətdə Rusiyanın çağırışını rədd etmək ağılsızlıq olardı. Hər iki ölkənin, yəni həm Ermənistan, həm də Azərbaycanın əldə etmək istədiyi fürsətlər var. Söz yox, Ermənistan istədiyini əldə edib, sadəcə, reallaşdırmağa çalışır. Bütün hallarda burda ən maraqlı məqam Rusiya ilə Azərbaycanın danışığıdır. Mənə elə gəlir ki, Azərbaycan Soçidən əlidou qayıdacaq”.


Abuzər AZƏROĞLU






Fikirlər