Beynəlxalq təşkilatlara Azərbaycanda İNAM SARSILIB

Bir vaxtlar bəyanatı zəlzələ effekti verən beynəlxalq təşkilatlar əhəmiyyətsizləşib, yoxsa?..

Uzun illər ATƏT, Avropa Şurası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlarının Azərbaycanda demokratiya, insan haqları ilə bağlı verdiyi bəyanatlar zəlzələ effekti verirdi-hakimiyyət düşərgəsində narahatlıq və etirazlar, müxalifətdə isə sevinc müşahidə edilirdi. Xüsusilə hakimiyyət düşərgəsində təlaşa səbəb olurdu bu tip bəyanatlar, qətnamələr. Son zamanlar adıçəkilən beynəlxalq qurumların həm səsi eşidilmir, həm də sanki əhəmiyyəti azalıb, hərdən onlardan gələn hər hansı bəyanat və ya açıqlama isə əvvəlki əks-sədaya səbəb olmur. Bu isə suallar yaradır. Hakimiyyət güclənib, yoxsa bu beynəlxalq təşkilatlar zəifləyib, onlara inam qalmayıb, yoxsa başqa səbəblər var?

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirdi ki, beynəlxalq təşkilatların xüsusilə Avropa İttifaqının, Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in verdiyi bəyanatlar onların ədalətli və ya ədalətsiz olmasından asılı olmayaraq son dərəcə ciddi hadisələrdir. Onların Rusiya ilə, son günlər isə Türkiyə ilə bağlı verdiyi qərarlara həmin ölkələr tərəfindən olan reaksiyalardan da görünür ki, bu qurumların əhəmiyyəti və gücü heç də azalmayıb. Əksinə, dünyada baş verən geosiyasi çalxalanmalar fonunda onların fəaliyyəti daha təsirli effektə malik ola bilər: “Doğrudan da illər öncə bu təşkilatlar tərəfindən verilən müxtəlif bəyanatlara, açıqlamalarda olan iradlara hakimiyyət tərəfindən olan reaksiyalar daha çox deyilənlərin bir hissəsini qəbul edib, onlarla qismən razılaşma, digər hissəsini inkar etmə üslubunda idi. Hazırda isə belə bəyanatlara ən yaxşı halda saymazlıq nümayiş elətdirilməklə əhəmiyyət verilmir. Mən bunu hakimiyyətin gücləməsi və ya beynəlxalq təşkilatların isə zəifləməsi kimi dəyərləndirmirəm. Bunu hakimiyyət daxilində Rusiyameylli qüvvələrin son vaxtlar ciddi revanş götürmələri kimi dəyərləndirirəm. Hakimiyyət daxilində Avropa ilə əməkdaşlığın daha da inkişaf elətdirilməsini istəyən qüvvələrin isə buna qarşı müqavimətinin zəif olmasını müşahidə edirəm. Ölkə başçısının bir başa tapşırığı ilə Avropa İttifaqı ilə yeni saziş müqaviləsinin layihəsinin müzakirəsi gedir. Bu saziş layihəsi siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə əməkdaşlıq istiqamətlərində əməkdaşlığı nəzərdə tutur. Adı çəkilən beynəlxalq təşkilatlar da Avropa İttifaqının qurumlarıdır”.

Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, müasir dünya düzənində dəyişmiş məqamlar var və mövcud beynəlxalq təşkilatların əksəriyyətinin əhəmiyyətinin azalması tendensiyasının şahidi oluruq. Adları çəkilən beynəlxalq təşkilatlar və onların beynəlxalq münasibətlərdəki yeri və rolu 10 il öncəki kimi deyil, onların özlərinin də yürütdükləri siyasətləri və yanaşmaları fərqlidir: “İndi onların ümumilikdə az dinlənilən, qərar və bəyanatlarının əhəmiyyətinin çox zaman suallar doğurduğu zamanlardır. Bunun bir neçə səbəbləri var. Əsas səbəbi əlbəttə qurumlara ümumilikdə güvənin zədələnməsidir. Etiraf edək ki, zaman-zaman demokratiya, insan haqları kimi mövzular beynəlxalq siyasətdə alver mövzusu, təzyiq vasitəsi kimi istifadə edilib. Bu təşkilatlar sanki bir neçə dövlətin öz xarici siyasətlərini beynəlxalq müstəvidə daha rahat həyata keçirməsinə xidmət edir, zaman-zaman siyasi və iqtisadi lobbi qruplarının əlində vasitə olur, proseslərə yanaşmalarda ikili standartları tətbiq edir, beynəlxalq siyasətdə və münasibətlərdə "polis" rolunu oynayır. Bəzən isə bu təşkilatların fəaliyyəti mövcud olduqları regionun ümumi siyasətinə, təhlükəsizliyinə və beynəlxalq münasibətdəki mövcud siyasətə zidd gəlir. Buna misal olaraq, biz Avropa qurumları ilə Türkiyə münasibətlərini göstərə bilərik. AB, AP və AŞPA-nın son illərdəki Türkiyə siyasəti birinci növbədə məhz Avropanın özünün təhlükəsizliyi və Avropa Birliyinin gələcəyi baxımından yanlışdır”.

 






Fikirlər