Ərəstun Orucludan Əli Hüseynliyə sərt sual

Ərəstun Orucludan Əli Hüseynliyə sərt sual"Xarici qrantlar bu qədər pis və zərərlidirsə, niyə o, fəal şəkildə USAİD-dən qrant almağa çalışıb?"

Azərbaycan hökuməti bundan sonra da QHT sahəsində nəzarəti sərtləşdirmək və xarici donorlar üçün məhdudiyyətlər qoymaq niyyətindədir.

Parlamentin hüquqi siyasət və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynlinin fikrincə, donorlar “lazımlı” layihələri maliyyələşdirməlidir.

Komitə sədri apa-ya müsahibəsində "bəzən lazımsız layihələrin həyata keçirilməsi nəticəsində İŞİD kimi terror təşkilatlrı yaranır”. Buna görə “əvvəlcədən layihənin ideyası nöqteyi-nəzərdən zəruriliyini müəyyən etmək lazımdır”,- deyə bildirib.

O hesab edir ki, müəyyən sahələrdə, məsələn, ekologiya, mədəniyyət, hüquqi islahatlar sahəsində kifayət qədər dövlət resursları var və xarici donorlara ehtiyac yoxdur. Əli Hüseynli korrupsiyaya qarşı mübarizə sahəsində də donorlara ehtiyac görmür. “ASAN xidmətinin yaranması və digər layihələrlə biz artıq donorlara, onlar isə bizə ehtiyac duymur. Bəli, onların hansısa yeni ideyaları varsa, biz onları dinləməyə hazırıq. Amma bu mərhələdə belə bir ideya yoxdur. Əməkdaşlığın mümkün olduğu sahlər var. Məsələn, qaçqınların problemi üzrə”, deyə Hüseynli yerli KİV-ə müsahibəsində bildirib.

Ümumiyyətlə, xarici donorlar yalnız müəyyən keçid dövründə lazımdır. Azərbaycan çoxdan bunu keçib. İndi Azərbaycan investor ölkələr siyahısına daxildir, deyə Hüseynli bildirib.

Bu ifadələrlə bağlı "Turan İA"-a şərh verən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu onları “qanunvericiliyin sərtləşdirilməsinin növbəti, final mərhələsi” adlandırıb. Bu siyasətin məqsədi vətəndaş cəmiyyətini və QHT-ləri tamamilə boğmaq və buna qanuni xarakter verməkdir.

“Demokratik dünyada belə qanunların olması mümkün deyil. İstənilən normal hakimiyyət, hətta ən zəngin hakimiyyət belə minimum iki şeyə can atır: əhalinin maarifləndirilməsinə və investisiyaların cəlb edilməsinə. Buna görə, burada sağlam təfəkkürdən danışmaq olmaz.
Bu zaman rəsmi Bakı Avropaya, sivil dünyaya inteqrasiya haqqında danışmaqdan usanmır. Belə bir mövqe beynəlxalq birlikdən təcrid olmağı yox, ona inteqrasiyanı nəzərdə tutur. İndi Azərbaycan hakimiyyəti sadəcə olaraq Rusiyanın siyasətini təqlid edir, Moskvanın mürtəce təcrübəsindən istifadə edir”,
deyə Oruclu bildirib.

Sonda o, Əli Hüseynliyə ritorik sualla müraciət edib: “İctimaiyyət üçün onun rəhbərlik etdiyi Hüquqşünaslar Assosiasiyasının aldığı bir milyon yarım dollar qrantın nəyə xərcləndiyini öyrənmək maraqlı olardı. Xarici qrantlar bu qədər pis və zərərlidirsə, niyə o, bu qədər fəal şəkildə USAİD-dən qrant almağa çalışıb?”






Fikirlər