"Azərbaycan Hansısa Cəbhənin Əsgərinə ÇEVRİLMƏMƏLİDİR" - MÜSAHİBƏ

 

Tofiq Zülfüqarov: "Xaricdən baş verən təzyiqlərin bir hissəsi Qarabağ amili ilə bağlıdır"

"Yaxşı olardı ki, Hoqland və Lavrovun masa üstündə olan təklifləri ictimaiyyətə açıqlansın ki, görək bunlardan hansı yaxşıdır"

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a müsahibə verib. 
Sabiq nazir Azərbaycanın xarici siyasəti, Qarabağ problemi və münaqişənin həlli yolları, ölkəmizə xaricdən göstərilən təzyiqlər, Rusiya - Türkiyə yaxınlaşmasının Azərbaycana təsirləri, Dağlıq Qarabağ münaqişəsinin həlli istqiamətində atılmalı olan addımlar barədə jurnalistin suallarını cavablandırıb.
"AzerTaym.az" müsahibəni təqdim edir:
- Hazırda Azərbaycanın siyasi səhnəsində baş verən prosesləri necə dəyərləndirirsiniz ?
- Daxili siyasəti heç zaman şərh etmirəm, yalnız xarici siyasətə aid hansısa fikirlər söyləyirəm. Bununla yanaşı, baş verən hadisələrlə bağlı onu deyə bilərəm ki, siyasi proseslər gedir. Müxalifət və iqtidarın bəzi qanadları arasında gərginliyin olduğunu istisna etmirəm. Bu gərginliyin nədən ibarət olduğunu dəqiq söyləmək bir az çətindir. Ona görə ki, həmin proseslərin içərisində olub, müşahidə aparmaq gərəkir. Hesab edirəm ki, bunlar daimi olan proseslərdir. Ölkə iqtidarı ilə müxalifəti arasındakı gərginlik özünü seçkilərə az qalmış bu vəya digər formada büruzə verəcək.
- Son günlər ölkəmizə qarşı xarici təzyiqlər güclənib. Düzdü, biz belə təzyiqlərlə zaman-zaman çox üzləşmişik, amma bu dəfə həmin hücumlar daha şiddətli oldu. Azərbaycan az qala bütün Avropa mətbuatının manşet yazısına çevrildi. Bu basqılar nədən irəli gəlir ?
- Bir məsələni qeyd etmək lazımdır ki, Azərbaycanın daxilində gedən proseslər xaricdən müxtəlif dairələr tərəfindən izlənilir. Və təbii ki, xaricdəki oyunçular Azərbaycan daxilindəki proseslərdən ölkəmizin əleyhinə istifadə etməyə çalışırlar. Məlum təzyiqlər əsasən Qərbdən oldu. Onu da diqqətə çatdırmaq lazımdır ki, Qərblə Rusiya arasındakı münasibətlər gərginləşib. Bu soyuqlaşma nəticəsində Moskvaya göstərilən təzyiqlər istər - istəməz bu və ya digər şəkildə rəsmi Bakıya da təsirsiz ötüşmür. Qərbdəki bəzi qüvvələr istəyir ki, Azərbaycan xarici siyasətində Qərbə yaxınlıq göstərsin. Qərblə Rusiya arasındakı mübarizədə tərəfini, mövqeyini dəqiqləşdirsin. Düşünürəm ki, Azərbaycanın yeganə siyasəti yalnız ölkəmizin maraqlarına uyğun gələn, xalqımızın xeyrinə olan addımlar atmaqdan ibarət olmalıdır. Azərbaycanın yürütdüyü diplomatiya nə Qərb meylli, nə də Rusiya meylli siyasət olmalıdır. Bir sözlə, balanslı siyasəti davam etdirilməlidir.
- Qərb Azərbaycandan mövqeyini dəqiqləşdirməyi tələb edirsə, bu cür balanslı siyasət yürütmək çətin olmayacaq ki?
- Kiminsə xeyir gətirmək məqsədilə bizi hansısa düşərgəyə dəvət etməsinə inanacaq dərəcədə sadəlöv olmaq düzgün deyil. Onların istəyi öz maraqlarını həyata keçirməkdir. Eyni zamanda maraqları odur ki, mövcud gərginlikdə Azərbaycan hansısa ölkənin mövqeyini dəstəkləsin. Balanslaşdırılmış siyasətdən başqa yolumuz yoxdur. Çünki bu siyasətlə Azərbaycan siyasi prosesləri öz xeyrinə həll edə bilər. Bunun alternativi yoxdur. Fikirləşmirəm ki, Azərbaycan hansısa cəbhənin əsgərinə çevrilməlidir. Balaca ölkəyik, biz həmişə öz xeyrimizə olacaq işlərlə məşğul olmalıyıq.
- Qeyd etdiniz ki, Rusiyaya qarşı da təzyiqlər çoxalıb. Bu arada Rusiya ilə Türkiyə arasındakı əlaqələrdə də yaxınlaşma müşahidə olunur. Türkiyə qarşı şiddətli sanksiyalar tətbiq oluna bilərmi ?
- Bunlara ümumi proses kimi yanaşmağın tərəfdarıyam. Ankara daha çox balanslaşdırılmış siyasətin tərəfdarıdır. Türkiyə maraqlarına tam şəkildə cavab verən xarici siyasət yürüdür. Bundan öncə rəsmi Ankara birmənalı olaraq qərbyönümlü siyasət aparırdı. Lakin sonra şahidi oldu ki, öz daxilində olan qüvvələr xaricdən - Qərb ölkələrindən dəstək alır. Fikrimcə, Türkiyədə yetərincə təcrübəli siyasətçilər var. Onlar da bu balanslı siyasətlə Türkiyə xalqı və dövlətinin maraqlarına uyğun diplomatiya yürüdürlər.
- Dağlıq Qarabağ münaqişəsinə dair fikirləriniz maraqlıdır. 2016-cı ilin aprel hadisələrindən sonra iddialar var idi ki, bundan sonra Sarksiyan danışıqlar masasına oturacaq. Amma şahidi olmadıq. Bundan əlavə, gah 5 rayonun statusunun dəyişdirilməsi, gah da 3+4 prinspini ortaya atdılar . Bu prinsiplərdən də heç bir nəticə çıxmadı. Azərbaycan nə etməlidir ? Yəni münaqişənin həllinə dair bir ümid yeri varmı ?
- Birincisi, deyim ki, ümid var. Münaqişənin ədalətli həllini bərqərar etmək üçün Azərbaycan xalqında yetərincə iradə mövcuddur. Düzdür, məsələnin çox uzanması bəzi adamlarda konfliktin həllinin mümkünsüzlüyünə dair fikirlər formlaşadırıb. Amma anlamaq lazımdır ki, bu cür konfliktlər ona görə yaradılıb ki, onlardan bir mexanizm kimi istifadə edib bu və ya digər ölkələri, xalqları idarə etsinlər. Bu, həqiqətdir və onu hamı başa düşür. Qarabağ münaqişəsindən danışarkən onu demək lazımdır ki, Azərbaycan xalqının iradəsi bu mərhədə ən vacib amillərdən biridir. Bir daha qeyd edirəm ki, fövqəldövlətlər mövcud konfliktə bir proses kimi yanaşır. Hər bir mərhələdə ondan istifadə edirlər. Bu mənda düşünürəm ki, xaricdən baş verən təzyiqlərin bir hissəsi Qarabağ amili ilə bağlıdır.
- Bu bağlılığı nədə görürsünüz ?
- Artıq uzun müddətdir ki, Rusiya monopol şəkilində Dağlıq Qarabağda vasitəçilik edir. Onun nəticəsində danışıqlarda hansısa bir yenilik yoxdur. Rusiya XİN başçısı Sergey Lavrovun münaqişəyə dair planı masa üstündədir. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın açıqlaması Azərbaycan tərəfinə böyük imkanlar verir. Lavrovla Hoqlandın yanaşmalarında fərqlilik hiss olunur. Hoqlandın açıqlaması onu göstərir ki, ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə daha ciddi və ədalətli yanaşma mövcuddur. Bir vacib mərhələ var.
- Hansı mərhələ ?
-Hər iki ölkənin -Azərbaycan və Ermənistan nümayəndələri arasında ABŞ-ın Nyu- York şəhərində görüş nəzərdə tutulub. Əsas məsələ ondan ibarətdir ki, masanın üstündə hansı sənədlər olacaq, Lavrovun 5 rayonun statusunun dəyişdirilməsinə dair sənədləri və ya Hoqlandın prinsipləri ? Bu bizim üçün çox vacibdir. Yaxşı olardı ki, Hoqland və Lavrovun masa üstündə olan təklifləri ictimaiyyətə açıqlansın ki, görək bunlardan hansı yaxşıdır, hansı pis. Ondan sonra həmin prinsiplər ətrafında müzakirə apara bilərik.
- Minsk qrupu həmsədrlərinin münaqişəyə münasibətdə "əsəb damarı" çıxarılmış diş kimi qalmasını necə dəyərləndirirsiniz ? Sizcə, Minsk qrupunun tərkibinin dəyişməsinə ehtiyac duyulurmu?
- Neçə ildir ki, Dağlıq Qarabağ münaqişəsi Rusiya xarici işlər naziri S.Lavrovun monopoliyasındadır. İndiki mərhələdə görürük ki, ABŞ-ın mövqeyi fərqlənir. Təbii ki, Azərbaycanın xeyrinə olan təklifi gündəmdə saxlamaq hüququmuzdur.
- İşğal olunmuş ərazilərimizə qanunsuz səfər etdiyi üçün saxlanılan Aleksandr Lapşin bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə əfv olundu...
- Bir məsələni dəqiq bilməliyik. Əvvəllər, Ermənistanın siyasəti ondan ibarət idi ki, hərbi qüvvələrlə işğal həyata keçirirdi. Artıq onlar bu siyasətdən imtina edib, ikinci - ərazilərimizin anneksiyası, özəlləşdirilməsi planına keçiblər. Lapşin də buna misaldır. Lapşinin Azərbaycanda həbsdə qalması vacib deyildi. Bu məsələdə ölkəmiz bir daha dünyanın yadına saldı ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edənlər cəzasız qalmır. Rəsmi Bakı bunu edənlərə qarşı öz suveren hüquqlarından istifadə edir. Sadə sözlə desək artıq Azərbaycan Lapşin məsələsində öz xeyrini gördü. Bundan sonra onu saxlamağa ehtiyac yox idi. İndi o gedib istənilən bəyanat verə bilər. Bu bəyanatlarla bizi tərifləsə də, tənqid etsə də, işğal məsələsini gündəmə gətirmiş olacaq. Bu məsələdə Azərbaycanın mövqeyini dünyaya bəyan edəcək. Onun buraxılması normaldır və Azərbaycanın xeyrinə olan addım idi. O, gedib Azərbaycanın əleyhinə də danışsa, bütün Avropa biləcək ki, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etmək təhlükəlidir.






Fikirlər