"ELÇİBƏY bunu etdiyinə görə ÖZÜ də, demokratik qüvvələr də UÇQUNUN ALTINDA QALDI"

 Картинки по запросу qüdrət həsənquliyev

Millət vəkili: “Mən tərəfdarı deyiləm ki, ölkədə radikal islahatlar aparılsın və bunun nəticəsində xaos yaransın, sabitlik pozulsun

Milli Məclisin son iclasında yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı gərgin polemikalar yaşandı. Bəzi deputatlar önəmli təkliflər irəli sürsə də, çoxluq, təqdim olunan layihənin dəyişməsində maraqlı olmadı. 

Amma müəyyən müddəlara dəyişiklik istəyən millət vəkilləri hələ də öz mövqelərində qalırlar. 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Reytinq”ə müsahibəyə bu mövzudan başlayıb:

 - Öncə qeyd edim ki, Milli Məclisdə qaldırılan məsələlər, səsləndirilən fikirlər diqqəti müəyyən problemlərə cəlb edə bilir. Həmin problemlərin hamısı həllini tapmasa da, həll olunanları da var. 

Azərbaycan müharibə şəraitində olduğu üçün bizim güclü ordumuz olmalıdır. Biz nöqsanları göstərəndə də elə etməliyik ki, ordu bundan zərər görməsin, amma problemlər həllini tapsın. 

Ancaq mən o fikirlə də razı deyiləm ki, jurnalistlər ordudan yazanda yalnız Müdafiə Nazirliyinin verdiyi məlumatlara əsaslansınlar. Burada məntiq yoxdur axı. Hansı dövlət qurumu özü barəsində nöqsanları jurnalistlərə verəcək ki, yazın? 

Jurnalistlərin işi ictimai nəzarəti həyata keçirmək, bu və ya digər sahələrdəki nöqsanlar barədə ictimaiyyəti və ali dövlət hakimiyyətini məlumatlandırmaqdır. Bu baxımdan, jurnalistlərin fəaliyyətini hansısa çərçivəyə salmaq doğru deyil. Mən, müzakirələr zamanı bu təklifi də irəli sürdüm ki, ordu üzərində ictimai nəzarət olmalıdır.

- İctimai nəzarət hansı formada, kimlərdən təşkil oluna bilər?

- Hesab edirəm ki, bu nəzarət həm QHT-lər, həm media, həm Milli Məclis, həm də Ali Baş Komandan tərəfindən həyata keçirilməlidir. Jurnalistlərin bu sahədə rahat fəaliyyətinə şərait yaradılmalıdır. Təbii ki, burada peşəkar jurnalistlərdən söhbət gedir. Yoxsa ki, nazirlik yenə özünə yaxın bir qrup jurnalisti hərbi hissələrə aparıb, onlara hazır materiallar verəcəksə, bununla orduya heç bir kömək edə bilmərik. 

Bəzi həmkarlarım dedi ki, Prezident özü orduya nəzarət edir. Amma mən düşünürəm ki, bir şəxs orduya nəzarət edə bilməz. Orduya digər dövlət orqanı nəzarət edirsə, bu da yetərli deyil. Çünki dövlət orqanının nəzarəti obyektiv olmaya da bilər. Bir çox hallarda dövlət orqanları çalışır ki, digər dövlət orqanının nöqsanları qabarıq şəkildə ortaya çıxmasın. Ona görə də dünyanın hər yerində ictimai nəzarət çox ciddi qəbul olunur. Təşəkkür edirəm ki, deputat həmkarım Azay Quliyev bu məsələdə məni dəstəklədi.

- Qüdrət bəy, önəmli məqamlardan biri də odur ki, büdcənin ən böyük hissəsi orduya ayrılır. Ən kiçik dövlət qurumlarından büdcə pullarının xərclənməsi ilə bağlı hesabatının verilməsi tələb olunur. Amma orduya ayrılan milyardların hesabatını istəyirsiz, başqa cavab alırsız. Bu barədə nə deyə bilərsiz?


- Konstitusiyaya görə büdcənin təsdiqi və büdcə vəsaitlərinin xərclənməsinə nəzarət səlahiyyəti bir başa Milli Məclisə verilib. Milli Məclis də bu prosesi peşəkar aparmaq üçün Hesablama Palatasını formalaşdırıb. Bir sıra ölkələrdə həm Hesablama Palatası, həm də büdcəyə nəzarət komitəsi var. 

“Hesablama Palatası haqqında” qanun müzakirə olunanda söylədim ki, büdcəyə nəzarət komissiyasının sədri müxalifətdən olur, yaxud da həmsədrlik institutu yaradılır, eyni zamanda, komissiyanın tərkibi 50 faiz müxalifətdən formalaşır. 

Bilirsiz, eyni partiya özü-özünə nəzarət edə bilməz. 

Vahid Əhmədov da çıxışında bildirdi ki, onun deputat oduğu dönəmdə Hesablama Palatası Müdafiə Nazirliyində yoxlama aparması barədə məlumat verməyib. Mən də belə bir halla rastlaşmamışam.

- Hər halda, ehtiyac varsa, yoxlamalar məxfi də aparıla bilər?

- Niyə məxfi olmalıdır ki?

- Daha dar çərçivədə məlumat verilməsini nəzərdə tuturam…

- Yoxlama aparılsın və Milli Məclisə hesabat verilsin. Ümid edirəm ki, həm mənim, həm Vahid Əhmədovun bu məsələni qaldırmağımızdan sonra Hesablama Palatası bunu 2018-ci ilin iş planına salacaq. 

Bu məsələnin üzərinə getmək lazım idi. Biz də bu istiqamətdə əlimizdən gələni etdik. Təkcə büdcə vəsaitlərinin xərclənməsinə görə yox, nizam-intizam, döyüş hazırlığı məsələləri də Milli Məclisin nəzarətində olmalıdır. Milli Məclisin Müdafiə və Təhlükəsizilik Komitəsi var və bu komitənin əsas işi məhz bu məsələləri nəzarətdə saxlamaq olmalıdır.

 - “Silahlı Qüvvələr haqqında” qanunla bağlı digər təkliflərinizə də sıcaq yanaşılmadı...

- Mən, Silahlı Qüvvələrin hərbi qulluqçularının hərbi xidmət vəzifələrinin icrası maddəsinə yeni maddənin əlavə edilməsini təklif etdim. Bildirdim ki, qanunda birmənalı şəkildə qeyd olunur ki, Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini, komandir və rəislərin qəbul etdiyi qərarları, əmr və sərəncamları icra edirlər. Konstitusiyanın 54-cü maddəsinin II hissəsinə görə dövlətə qarşı qiyam və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək hər bir Azərbaycan vətəndaşının hüququdur. Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri də Azərbaycan vətəndaşlarıdır. Buna görə də, dövlətə qarşı qiyam və yaxud dövlət çevrilişi cəhdi zamanı əsgər və zabitlər Konstitusiyaya zidd əmr və sərəncamları icra etməməlidir. Bununla bağlı qanuna müddəanın salınmasını təklif edirəm. Bu müddəa “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda əksini tapmalıdır. Bu, çox önəmlidir. 

Yaxud əsgərə nizamnamədən kənar cəza verilir. Bunlara qətiyyən yol vermək olmaz. Çox təəssüf ki, bu müddəa da ora salınmadı. 

Sonra orada qeyd olunur ki, Silahlı Qüvvələr siyasi sabitliyin təmin olunmasında, dövlət quruluşunun qorunmasında istifadə oluna bilər. Mən bunun da yanlış olduğunu söylədim. Bildirdim ki, buna, zorakılıq, silahlı müavimət olduqda getmək olar, qanunda da məhz bu şəkildə göstərilməlidir. Ümid edirəm ki, üçüncü oxunuşda bu istiqamətdəki təkliflərimiz nəzərə alınacaq.

- Qüdrət bəy, mövzunu bir qədər dəyişək. Artıq 2017-ci il başa çatır, ümumilikdə ötən dövrü necə qiymələndirirsiniz?

- 2017-ci ildə Azərbaycanda böyük miqayslı idman oyunları təşkil olundu. 

Bu il Azərbaycanda İslam Həmrəyliyi ili elan olunmuşdu. 

Bu il üçün ən uğurlu saydığım məsələ əsrin müqaviləsinin uzadılması ilə bağlı saziş idi. 

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi oldu. 

Bu il həm də İrana 500 milyon kreditin ayrılması ilə yadda qaldı ki, Astara-Rəşt dəmir yol xəttinin birləşdirilməsi istiqamətində addımlar atıldı. 

2017-ci ili həm də manatın sabitləşdiyi il kimi xarakterizə etmək olar. 

Təəssüf ki, bu il də Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş olmadı və itirilmiş il kimi yadda qaldı.

- Əvvəllər ilsonu ötən dövrü xarakterizə edəndə hansısa siyasi proseslər sadalanardı. Amma nədənsə, ictimai-siyasi proseslərdə elə bir yenilik nəzərə çarpmır və sanki bir durğunluq var. Sizcə, nə ilə bağlıdır?

- Azərbaycanda neft ucuzlaşandan sonra iqtisadi sferada müəyyən islahatlar aparılmağa başlandı. Amma siyasi sahədə hələ ki islahatlar dərinləşdirilmir. Neftin qiyməti sabitləşəndən sonra hökumət iqtisadi sahədə islahatları daha da dərinləşdirmədi. Bu da düzgün deyil. Çünki neftin qiyməti qarşıdakı illərdə yenə kəskin şəkildə aşağı düşə bilər. Buna görə də Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməlidir. Neft-kimyanı inkişaf etdirə bilərik. Baxın, özümüz neft istehsal edirik, amma avtomobil üçün yağları xaricdən alırıq. Yüksək oktanlı benzini də idxal edirik. Avtomobil şini nədir ki, onu xaricdən alırıq? Bunları eləmək olar.
Related image
Siyasi proseslərə gəlincə, demək olar ki, son illər insanlarda maraq itib. Beynəlxalq təşkilatlar da yalnız Azərbaycana təzyiq etməklə məşğuldur. Camaat da bunu görür və anlayır ki, onların niyyəti demokratik proseslərin inkişafı deyil, ona görə də həmin çağırışlara əhəmiyyət vermirlər. Əlbəttə, orda da vicdanlı insanlar fəaliyyət göstərir. Azərbaycana haqlı tənqidlər də var. Amma ciddi araşdırma aparsaq, görərik ki, Azərbaycanı hədəfə gətirmək istəyənlərin çoxu, ölkəmizi Avropadan uzaqlaşdırmaq istəyən dövlətlərə bağlı olan insanlardır. Azərbaycan Avropadan nə qədər çox uzaqlaşsa, digər avtoritar ölkələrlə sıx əməkdaşlıq etmək zorunda qalacaq.

- Qarşıdan 2018 - Prezident seçkiləri ili gəlir. Seçkiyə qatılmaqla bağlı hər hansı qərarınız varmı?

- Hələlik seçkidə iştirakla bağlı qərar verməmişəm. Biz çalışacağıq ki, əvvəlki illərdə olduğu kimi, digər partiyalarla danışıq aparaq. Proqramı, siyasi kursu, hakimiyyətə münasibətdə davranışı, mövqeyi bizim partiyaya yaxın olan partiyalarla müzakirə aparıb vahid namizədlə çıxış edə bilərik. Vahid namizəd mən də, başqa partiyanın nümayəndəsi də ola bilər. Hesab edirəm ki, bizim kimi mötədil müxalif partiyaların vahid namizədinin olması doğru olardı. Onsuz da, radikalların öz nazmizədləri olur. Hətta bir yox, bir neçə namizədlə qatılmaları gözlənilir. Bizim kimi partiyaların vahid mövqedən çıxış etməsi labüddür. Çünki bizim baxışların, yanaşmanın cəmiyyətdə yayılmasına ehtiyac var. 

İndi cəmiyyət iki cinaha bölünüb – radikal və iqtidar. Sanki orta mövqeyə yer yoxdur. Barış mövqeyində dayana bilən, cəmiyyətin gələcəyini siyasi islahatlarda görən qüvvələrin dayaqlarının güclənməsinə ehtiyac var. Ona görə ki, bu qüvvələr o iki əks qütbün arasında barış rolunu da oynaya bilərlər.

Yəqin ki, seçkiyə 6 ay qalmış bu sitiqamətdə ciddi danışıqlar aparacağıq. Seçki ərəfəsində artıq dəqiq bilinəcək ki, seçkiyə təkbaşına, yoxsa müttəfiqlərin namizədi ilə qatılırıq.

- Son üç prezident seçkisini nəzərə aldıqda, aydın olur ki, müxalifətçi namizədlərin səs faizləri aşağı olur. O fikirlər də səslənir ki, 2-3 faiz səs toplayacaqlarsa, seçkiyə nəyə görə qatılırlar? Bu suala cavabınız varmı?

- Hər bir seçki bir təbliğat imkanı, pulsuz efir vaxtı deməkdir. Hərdən televiziyalara adi vaxtlarda da dəvət edirlər, amma orada konkret mövzu ilə bağlı danışırsan. Seçki kampaniyası dövründə proqramından, məqsəd və məramın barədə istədiyin formada insanlara müraciət edirsən. Araşdırma aparsanız, görərsiniz ki, mən seçkiyə qatılana qədər parlamentli respublika modeli ilə bağlı konkret detallı təkliflərlə çıxış edən olmayıb. Mən namizəd kimi qatılan zaman bu məsələni yüksək səviyyədə qaldırdım və əminəm ki, həmin dönəmdə böyük əksəriyyət bunun zəruriliyini qəbul elədi.

Seçki ərəfəsində məhkəmə islahatları ilə bağlı kifayət qədər mütərəqqi təkliflərimiz səsləndirilib. Yəni, seçkidə iştirakın əhəmiyyəti böyükdür. Mən həmişə siyasi yarışı futbol çempionatı ilə müqayisə edirəm. Zəif komandalar fikirləşsinlər ki, onsuz da dünya lideri olan komandalar var da, biz niyə oynayırıq? Əgər zəif olduğunu qəbul edirsənsə, komandanı buraxıb siyasətdən getməlisən. Amma mən düşünürəm ki, siyasətdə olub mübarizə aparmaq lazımdır.

 
- Amma görünən odur ki, Sizin yanaşma çoxluq tərəfindən qəbul olunmur...

- Bu gün sənin ideyaların cəmiyyətdə yüksək səviyyədə qəbul olunmursa, ruhdan düşməməlisən. İnkişaf etmiş, demokratiya sahəsində ciddi uğurlar əldə etmiş ölkələrə nəzər yetirsək görərik ki, ya cəmiyyət inkişaf edərək o səviyyəyə çatıb, ya da hansısa böyük güclər onalara dəstək veriblər. Cəmiyyətin potensialı yüksək olmalıdır ki, yeni düşüncəni qavrayıb demokratik sistemi qura bilsin. Bizdə də hər şeyə görə iqtidarı günahlandırmağı doğru saymıram. Amma hesab edirəm ki, iqtidar inkişafı sürətləndirə bilər.

Əlbəttə, mən tərəfdarı deyiləm ki, ölkədə radikal islahatlar aparılsın və bunun nəticəsində xaos yaransın, sabitlik pozulsun. Amma islahatlar indiki səviyyədə də qaneedici deyil. Sabitlik durğunluğa yol açmamalıdır. Bunun üçün də cəmiyyət dinamik olmalıdır. Dinamik cəmiyyətə də dinamik vətəndaşlar lazımdır. Bilirsiniz də, çiy kərpiclə hündürmərtəbəli bina tikmək olmaz. Çünki uçanda onu tikən də, orda olanlar da altında qalacaq. İqtidar da belədir. Əgər xalqın səviyyəsi imkan vermədiyi halda siyasi islahatlarda dərinə gedilsə, nəticəsi pis olur. Necə ki, Elçibəy bunu elədi. Elçibəy də, demokratik qüvvələr də uçqunun altında qaldı. Dediyim odur ki, xalqın səviyyəsi olduqca önəmlidir. Bunun üçün də bizə zaman lazımdır ki, cəmiyyət daha da yetkinləşsin. 

Sualınıza qayıdıram ki, lap nəticə “0” faiz olsun. Məni faiz maraqlandırmır, əsas odur ki, mən hər seçkidə daha çox insana öz fikir və düşüncələrimi çatdırım.

 






Fikirlər