Qarabağda daha bir müharibə XƏBƏRDARLIGI

 

Ermənistan hər vəchlə Rusiyanı konfliktə cəlb etməyə çalışır; sabiq diplomat: “Kreml Bakı ilə İrəvan arasında seçim qarşısındadır”; rusiyalı həmsədr isə deyir ki...

Gələn ay 30 illiyi olacaq Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həllində hələ ki heç bir perspektiv görünmür. Bu mövzuda xüsusən də vasitəçi dövlətlərin rəsmilərinin dilindən səslənən fikirlər isə daha çox deklorativ və növbətçi xarakter daşıyır və optimizm üçün yaramır. Aşağıdakı bəyanat kimi.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində effektivliyi artırmaq lazımdır”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi ənənəvi brifinqdə bildirib.

“Məncə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində aktivliyi deyil, effektivliyi yüksəltmək lazımdır. Hesab edirəm ki, hər kəs də bununla məşğul olacaq”, - deyə Rusiya XİN-in sözçüsü erməni jurnalistin Rusiyanın il ərzində həmsədr kimi aktivliyini artırıb-artırmayacağı ilə bağlı sualına cavabında söyləyib.

*****

Zaxarova ile ilgili görsel sonucu

Ancaq xanım Zaxarovanın bu sözlərini bir neçə mühüm səbəbdən ciddiyə almaq və səmimi qəbul etmək mümkün deyil. Əvvəla, elə Mariya Zaxarovanın rəhbəri - xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında belə bir fikir səsləndirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllini münaqişə tərəflərinin özləri tapmalıdır (Problemin həllini tərəflər özləri tapacaqdısa, onda görəsən ATƏT-in Minsk Qrupu, vasitəçilər, Rusiya kimə lazımdır?).

Yəni bununla Lavrov faktiki şəkildə Rusiyanın məsuliyyəti öz üzərinə götürmək və effektli vasitəçilik eləmək kimi bir niyyətinin olmadığını ortaya qoymuşdu - halbuki, hamı bilir ki, Moskva istəsə, problemin nizamlanmasına qısa zamanda real töhfəsini verə bilər, danışıqlar prosesi dalandan çıxar, böyük sülh yaxınlaşar. Çünki dəfələrlə deyildiyi kimi, münaqişə tərəflərindən birinin - işğalçı Ermənistanın “ipi” Kremlin əlindədir. 

Lavrovdan az öncə isə Kremlə yaxın politoloqlardan olan Sergey Markov bildirmişdi ki, Rusiya bu il Qarabağ məsələsi ilə məşğul ola bilməyəcək, çünki Qərbin təzyiqlərini dəf eləməyə başı qarışacaq. Ayrıs sözlə, Rusiya-Qərb (ABŞ) qarşıdurması bu il də Qarabağ ixtilafının çözümü ilə bağlı prosesə neqativ təsirini göstərəcək.

İlgili resim

Nəhayət, hər necə olmasa, öz havadarlarına güvənən Ermənistanın məsələdə maksimalist mövqe tutmaqda davam eləməsi də sülh prosesi irəli aparmağa əngəl olan başqa mühüm faktordur - hansı təxribatçı mövqe ki, son olaraq Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iki gün öncəki qış toplantısında Xocalı hərbi canisi prezident Serj Sərkisyan tərəfindən bir daha ortaya qoyuldu.

*****

“Ancaq demək olmaz ki, Sərksiyan AŞ PA-dakı çıxışında yeni nəsə dedi. Məsələ ondadır ki, Dağlıq Qarabağ konfliktinin nizamlanmasına həsr olunmuş bütün çıxışlarında Ermənistan rəhbərliyinin mövqeyinin bir az da radikallaşdığını müşahidə edirik. 1996-cı ildə ATƏT-in Lissabon sammitində ”Dağlıq Qarabağ əhalisi öz müqəddəratını Azərbaycanın tərkibində müəyyən edə bilər" fikri deyiləndən sonra, - hansı ki, faktiki surətdə beynəlxalq birliyin bu münaqişənin həllini hansı çərçivədə gördüyünü ortaya qoyub, - yaranmış vəziyyət Ermənistanı qane etməməyə başladı “.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov işğalçı ölkə başçısının AŞ PA-dakı çıxışını rusdilli Vesti.az saytına şərh edərkən söyləyib. Onun sözlərinə görə, belə bir çərçivədən çıxmaq üçün Ermənistan bütün bu illər ərzində hər vasitədən istifadə edir ki, bunun əksini sübut eləsin: “Yəni guya Dağlıq Qarabağ Azərbaycan ərazisi deyil və erməni əhali heç vaxt Azərbaycan dövləti tərkibində yaşamayacaq. Ancaq beynəlxalq birliyə ünvanlı bu təkrarlamalar illər öncə müəyyənləşmiş reallığı dəyişməyə yönəlik uğursuz cəhdlərdir. Ermənistanın siyasi elitası tərəfindən Qarabağ mövzusunda səslənən çıxışlar Azərbaycan ərazilərinin ilhaqını əsaslandırmağa hesablanmış mövqeyi daha da sərtləsdirməklə yanaşı, Azərbaycan və Türkiyə ilə konfrontasiyanın artırmağa yönəlib. Ermənistan üstəlik, işğal altındakı ərazilərdə müxtəlif hərəkətlərlə, obyektlər tikməklə və mahiyyət etibarilə Ermənistanın işğalçı administrasiyası olan ”DQR" məsələsini mütəmadi şəkildə qabartmaqla Azərbaycanı təxribata çəkməyə çalışır".

Keçmiş diplomata görə, Ermənistan rəhbərliyinin ikinci vəzifəsi nə yolla olur-olsun, Rusiyanı hərbi əməliyyatlara cəlb eləməkdir: “Bu addımlarla o, Azərbaycana qarşı duruş gətirmək istəyir. İrəvanın apardığı faktiki formal danışıqlar beynəlxalq müşahidəçilərdə də bu qənaəti gücləndirir ki, konflikt zonasında hərbi əməliyyatların qızışması ehtimalı çox realdır. Lakin vasitəçi dövlətlər, xüsusən də Rusiya bundan ciddi şəkikldə qaçmağa çalışır. O Rusiya ki, Azərbaycanla Ermənistan arasında seçim qarşısında qalmağı arzulamır. Bu reallıqlardan çıxış edərək, düşünürəm ki, sülh prosesinin Rusiya XİN başçısı Sergey Lavrovun ermənipərəst mövqeyi ilə bağlı olan imitasiya mərhələsi bitəndən sonra heç şübhəsiz ki, Rusiya siyasi elitasında Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərin heç olmasa bir hissəsini yoluna qoymaq zərurəti yaranacaq. Söhbət ilk növbədə işğal altındakı ərazilərin bir qismini azad eləməklə gərginli azaltmaqdan gedir. Fikrimcə, proseslər məhz bu istiqamətdə gedir. Lakin bunun nə vaxt baş verəcəyini söyləmək çox çətindir. Minsk Qrupunun həmsədr ölkələrinin Ermənistana təzyiqi olmadan İrəvanın radikal mövqeyini dəyişmək mümkünsüzdür”, - deyə Tofiq Zülfüqarov əlavə edib.

Eks-diplomatın son fikrinə nəsə əlavə eləməyə lüzum qalmır. Bircə bundan savayı ki, işğalçı ölkəyə tək bircə həmsədr dövlətin - Rusiyanın təzyiqi də yetərlidir. Moskva isə buna tələsmir. Ancaq istənilın halda - müharibə oldu-olmadı, o, Azərbaycanla Ermənistan arasında nə vaxtsa seçim eləmək zorunda qalacaq. Proseslər həm də buna doğru gedir.

*****

İqor Popov ile ilgili görsel sonucu

Bu arada həmsədrlərin regiona növbəti, lakin bu il üçün ilk səfərinin vaxtı dəqiqləşib - fevralın birinci on günlüyü.

“Regiona səfərimiz zamanı prezidentlərin görüşü barədə müzakirələr aparacağıq”. Bunu Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov APA-ya müsahibəsində deyib.

“Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ötən ilin oktyabrında İsveçrədə keçirilən sammitdə danışıqlar prosesinin aktivləşdirilməsi və qoşunların təmas xəttində gərginliyin azaldılması istiqamətində əlavə tədbirlərin görülməsi barədə qərar qəbul olundu. Buna müvafiq olaraq, sammitdən sonra amerikalı və fransalı həmkarlarımla, eləcə də ATƏT sədrinin nümayəndəsi səfir Kaspşiklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə seriya məsləhətləşmələr apardıq. Eləcə də nazirlərə onların iki görüşünün təşkil edilməsinə köməklik etdik. Belə görüşlərdən axırıncısı Krakovda keçirildi. Bu görüşdə əsasən münaqişə zonasında ATƏT müşahidə missiyasının tərkibinin genişləndirilməsi də daxil olmaqla, hərbi risklərin azaldılması ilə bağlı məsələlər müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər. Müşahidə missiyasının genişləndirilməsi mexanizmi işə düşməzdən öncə bir sıra texniki detalların razılaşdırılması isə hələ qalır”, - deyə Popov vurğulayıb.

Rusiyalı həmsədr Krakovda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair daha mürəkkəb aspektlərin müzakirə olunduğunu da qeyd edib: “Danışıqlarda eləcə də münaqişənin nizamlanması ilə bağlı daha mürəkkəb, nizamlanma prosesinə maneə olan aspektlərin müzakirəsi davam etdirildi. Bu aspektlər yeni deyil, status məsələsinin həlli və ərazi bütövlüyü məsələsinin nizamlanması ilə bağlıdır. Regiona nəzərdə tutulan səfər zamanı və Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərimiz çərçivəsində tərəflərin mövqeyini dəqiqləşdirməyə ümid edirik”.

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı konkret təkliflər və ya qərarlar varmı? Gələn ayın əvvəlində regiona səfəriniz zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gündəmdə olacaqmı” sualına rusiyalı həmsədrin cavabı belə olub: “Vasitəçilər kimi biz yüksək səviyyədə siyasi dialoqu davam etdirməyin tərəfdarıyıq. Bununla belə, yalnız tərəflərin özləri siyasi iradə ortaya qoyaraq, həlli gecikən bu münaqişəyə son qoyacaq kompromisli qərara gələ bilərlər. Öz tərəfimizdən Bakı və Yerevana onlara sərfəli olan variantlar təklif etməyə səy göstəririk”.






Fikirlər