YAP İlham Əliyev üçün İMZALARI toplayıb qurtardı

ABŞ səfirindən seçki ilə bağlı şərt kimi açıqlama; Sərdar Cəlaloğlu: “İsa Qəmbər seçkidə iştirak etmədikdən sonra özüm qatılmaq qərarımı rəsmiləşdirim”

İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün Yeni Azərbaycan Partiyasının (YAP) yerli strukturları tərəfindən həyata keçirilmiş imzatoplama kampaniyası başa çatıb.

YAP-dan APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərti ilə toplanmalıdır. Partiya isə mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib. İcra Katibliyində toplanmış imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.

Prezident seçkisində iştirak etmək istəyənlərin sayı isə ADP sədri Sərdar Cəlaloğlunun namizədliyinin irəli sürülməsi ilə 15-ə çatıb. Fevralın 20-də ADP İdarə Heyətinin növbədənkənar iclası keçirilib. İclasda növbədənkənar prezident seçkilərində ADP-nin iştirak etməsi məsələsinin müzakirəsi davam etdirilib. Müzakirələrdə İdarə Heyətinin bütün üzvlərinin bu məsələ ilə bağlı fikir və rəyləri bir daha dinlənilib. Ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət, həmçinin regionda və dünyada gedən proseslərin ölkənin gələcəyinə mümkün təsirləri dəyərləndirilib, bu seçkilərdə ölkənin müxalifət partiyalarının dağınıqlığının vahid müxalifət mövqeyinin formalaşmasına imkan vermədiyi qeyd edilib. Seçkilərin xalqın siyasi aktivliyinin artırılmasında rolunu, partiyanın ölkənin indiki durumdan çıxarılması ilə bağlı ideyalarının seçkilər zamanı xalqa çatdırılması imkanlarını, partiyanın son on ildə izlədiyi siyasi dialoq və konstruktivizm siyasətini, demokratikləşmədə iştirakçılıq prinsipinin mühüm əhəmiyyətini nəzərə alaraq ADP-nin 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində partiyanın sədri S.Cəlaloğlunun namizədliyi ilə iştirak etməsi barədə qərar qəbul olunub. Bu məsələ ilə bağlı prosedur addımlarının atılması ilə bağlı partiyanın müvafiq strukturlarına göstərişlər verilib...

Qeyd edək ki, növbədənkənar prezident seçkisi təyin olunandan sonra Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında seçkidə iştirak etməyin tərəfdarı olduğunu, maliyyə problemini həll edəcəyi halda şəxsən özünün seçkidə iştirak edəcəyini demişdi.

Fevralın 21-də isə Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, indi kimlərinsə onu seçkiyə qatıldığı üçün ittiham etməsi məntiqsiz və əsassızdır: “Növbədənkənar seçki təyin olunduqdan sonra təxminən 10 müxalifət partiyasının sədri yaranmış vəziyyəti müzakirə etmək üçün bir araya gəldik. Müzakirələr zamanı bəlli oldu ki, toplaşanların əksəriyyəti seçki ilə bağlı qərarlarını artıq veriblər və bundan sonra birgə qərarın verilməsi, vahid mövqenin ortaya qoyulması mümkün deyil. Sonra mən Pənah Hüseynlə birlikdə getdim İsa Qəmbərlə görüşdüm. Onda hələ Müsavat Məclisi son qərarını verməmişdi. İsa Qəmbərə dedim ki, mən nə qədər çətin durum olsa da seçkidə iştirak etməyi seçkini boykot etməkdən daha düzgün hesab edirəm. İsa Qəmbərə bildirdim ki, namizədliyinizi irəli sürün, mən və rəhbərlik etdiyim partiya sizi dəstəkləyəcəyik. İsa bəy də seçkidə iştirakın demokratiya uğrunda mübarizə üçün vacib olduğu fikri ilə razılaşdı və seçkidə iştirak etmək tərəfdarı olduğunu gizlətmədi. Mən ona görə İsa bəyin dəstəklənməsinin tərəfdarıyam ki, Azərbaycanda bütün qüvvələri öz ətrafında birləşdirə biləcək yeganə həqiqi namizəd İsa Qəmbər ola bilər. Bu gün İsa bəy namizədliyini versə, mən namizədliyimi geri götürərəm. İsa Qəmbər Azərbaycan ictimai rəyinə uyğun həqiqi prezidentliyə namizəd liderdir. İsa bəy prezidentliyə layiq adamdır. İsa Qəmbərlə görüşdən sonra mən İrana səfərə getdim. Müsavat Məclisi də seçkidə iştirak etməmək qərarını verdi. Mən artıq İsa Qəmbərin namizədliyinin olmamasını, həm müxalifətin seçki ilə bağlı vahid mövqe ortaya qoymamasını, həm də bəzi dostların seçki kampaniyası üçün cüzi də olsa maliyyə yardımı edəcəyini nəzərə alıb seçkilərdə iştirak etməyə qərar verdim. Partiyanın İdarə Heyəti də bu barədə rəsmi qərar qəbul etdi. İndi bəri başdan dəqiq bir söz deyə bilmərəm ki, hakimiyyət bizim seçkidə sonadək iştirakımıza imkan verəcək, yoxsa verməyəcək. İmzaları toplayıb başa çatdırıb-çatdıra bilməyəcəyimiz haqda da dəqiq nə isə deyə bilmərəm”.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

S.Cəlaloğlu bildirdi ki, müxalifət partiyalarının seçkiyə qatılmaması tamamilə yanlışdır. Nəzərə almaq lazımdır ki, keçən seçkilərlə bu seçkilər arasında heç bir fərq yoxdur. Onsuz da müxalifət hər seçkidə fövqəladə vəziyyətdə işləməyə məcburdur. İmzaların toplanması, qeydiyyatda, görüşlərin keçirilməsində, seçki günü proseslərdə həmişə çeşidli problemlər olur. İndi də eyni problemlər qalır: “Yəni indi seçkini boykot etməyin heç bir məntiqli izahı yoxdur. Digər tərəfdən, seçkini boykot edən qüvvə bütün müxalifətin eyni addımı atmasını istəyirdisə, məntiqlə hamı ilə danışıq aparmalıydı. Lakin Milli Şura prezident növbədənkənar seçki təyin edəndən bir-iki saat sonra boykot qərarı verdi. Heç bir müxalifət partiyası ilə müzakirə aparmadan, vahid mövqe ifadə olunmasına cəhd edilmədən tələm-tələsik qərar verilməsi təəccüb doğurmaya bilməz. Biz qərarımızı müstəqil olaraq verdik. Özü də yuxarıda xatırlatdığım görüşlər və müzakirələrə getdikdən sonra qərar verdik. Odur ki, heç kim bizi bu qərarımıza görə ittiham edə bilməz. Eşitdim ki, bəzi adamlar sosial şəbəkədə vay-şivən qoparıblar, mənim seçkiyə qatılmağıma ağıllarına gələn donu geyindirməyə çalışırlar. Bütün bunlar həmin adamların məlumatsızlığından qaynaqlanır. İkincisi, sonuncu parlament seçkilərində hamı seçkiyə getdi, lakin biz qatılmadıq. İndi məni seçkiyə qatılmaqda suçlayan adamların biri o zaman demədi ki, ADP sağ olsun, hamı seçkiyə getdi, o getmədi. İndi biz seçkiyə gedirik deyə bizi tənqid edirlər. Bizim siyasi fəallığımız bəzi adamları narahat edir. Mən hansı qərarı versəm sosial şəbəkədə mənim əleyhimə təbliğat aparan bir kiçik qrup var. O ki qaldı həmin qrupun ”Sərdar Cəlaloğlu hakimiyyətdən işarə gözləyirdi, aldı" kimi fikirlərinə, əvvəla, ADP 2007-ci ildə konstruktiv müxalifət siyasi xəttini qəbul edib. Biz o xətdən imtina etməmişik. İkincisi, indiki halda onların dediyi düzdürsə belə, bu bizim partiyanın qərarına uyğundur. Amma belə bir şey yoxdur. Olsa da belə, o bizim partiyanın qərarından irəli gələn məsələdir. Biz həmin qərarımıza uyğun olaraq gedib iqtidarla danışıqlar da apara, ölkə üçün taleyüklü məsələlərdə əməkdaşlıq da edə bilərik. Mən seçkinin hansısa mərhələsində seçkidən geri çəkilsəm, onda mənə qarşı həmin ittihamları səsləndirənlər nə deyəcəklər? Hər halda, onda da deyəcəklər ki, hakimiyyət geri çəkilmək işarəsi etdi. Odur ki, o adamların hansısa fikirlər ortaya atmasının heç bir mənası yoxdur".  

Robert Sekuta ile ilgili görsel sonucu

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində ABŞ tərəfdən müşahidəçilərin olub-olmayacağı barədə suala cavabında dünən belə deyib: “Biz hələ bu işin ilkin mərhələsindəyik. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin Azərbaycana gələcəyi barədə məlumatımız var. ABŞ dövlət katibinin köməkçisinin müavini Bricet Brinkin bu yaxınlarda Azərbaycanda səfərdə olarkən seçkilərlə bağlı müəyyən fikirlər səsləndirdi. Mən isə dövlət katibi Reks Tillersonun Misirdəki seçkilərlə bağlı fikirlərinə istinad etmək istəyirəm. O bildirib ki, ABŞ bütün ölkələrdə olduğu kimi, Misirdə də şəffaf və nəticəsinə inanıla bilən seçkilərin keçirilməsinin tərəfdarıdır. Elə bir seçkilər ki, orada hər bir vətəndaşa öz seçimini, öz mövqeyini ədalətlə və azad şəkildə ifadə etmək imkanı yaradılsın. Biz bu məqamlara diqqət yetirərək fikrimizi açıqlayacağıq”.

Prezident seçkilərində namizədlərdən sənəd qəbuluna fevralın 20-də start verilib. Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərini MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq. Bu isə o deməkdir ki, ən azı 40 min imzanı martın 12-dək toplayıb MSK-ya təqdim etmək lazımdır. Namizədliyi irəli sürülənlərdən hələ ki bir nəfər (İlham Əliyev) üçün imzatoplama kampaniyası yekunlaşıb. Digərləri kampaniyanı davam etdirir. Bəzilər isə hələ MSK-dan imza vərəqələrini götürməyiblər.

 AzerTaym.az






Fikirlər