Güclü sanksiyalar, NATO-nun 5-ci maddəsi və... - Rusiya üçün SAATLAR QALDI

Güclü sanksiyalar, NATO-nun 5-ci maddəsi və... - Rusiya üçün SAATLAR QALDI

Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripalın naməlum maddə ilə zəhərlənməsi onsuz da soyuq olan London-Moskva münasibətlərini daha da gərginləşdirdi.

Publika.az xəbər verir ki, Londondan təhdid xarakterli növbəti bəyanat xarici işlər naziri Boris Consondan gəlib.

“Keçən həftə də parlamentdə söylədiyim kimi, Rusiyaya cavabımız mütənasib, amma güclü olacaq. Rusiyaya gecə yarısına qədər vaxt verdik. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatından (KSQT – Haaqada yerləşir) tam açıqlama istəyəcəyik. Bunlar olmasa, tətbiq edəcəyimiz əhəmiyyətli qərarlar var”, - xarici siyasət idarəsinin başçısı bildirib.

İngilis KİV-inin yazdığına görə, Moskvaya qarşı bir sıra addımların atılması nəzərdən keçirilir. İlk addım ölkədəki rus diplomatlarının deportasiya edilməsi ola bilər. İngiltərə 2006-cı ildə keçmiş rus agenti Aleksandr Litvinenkonun zəhərlənərək öldürülməsindən sonra da eyni addımı atmışdı. İngiltərə həmin vaxt rusiyalı səlahiyyətlilərə viza məhdudiyyətləri də tətbiq etmişdi.

“Maqnitski siyahısı”nın ingilis versiyası

Həmçinin İngiltərədə varidatı olan rusiyalı milyarderlərə qarşı məhdudiyyətlərin tətbiqi də nəzərdən keçirilə bilər. “Maqnitski siyahısı”nın ingilis versiyası İngiltərə parlamentinin müzakirəsində olan Sanksiyalar və Çirkli Pulların Yuyulması ilə Mübarizə Qanununa əlavə edilə bilər. Qanuna görə, adları sui-istifadə və insan hüquqlarının pozulmasında hallanan Rusiya vətəndaşlarının bank hesabları dondurula və səyahət məhdudiyyətləri tətbiq oluna bilər.

Qeyd edək ki, “Maqnitski siyahısı” 2012-ci ilin dekabrında ABŞ insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı tətbiq olunur. Bunun hazırlanmasına səbəb 2009-cu ilin noyabr ayında Moskvada “BOZDUR” investisiya fondu və “Hermitage Capital Management”lə əməkdaşlıq etmiş və təşkilatdan vergi ödənişindən boyun qaçırmaqla yüzlərlə milyon rubl mənimsədiyi deyilən auditor Sergey Maqnitskinin ölümüdür. Auditorun ölümü Qərbdə də ictimai rezonans doğurub. Ardınca Amerika senatoru Bencamin Kardin “Maqnitski siyahısı”sını tətbiq edərək Rusiya məmurlarını bura daxil edib.

Xarici işlər naziri Boris Conson isə daha da irəli gedərək İngiltərə milli komandasının bu ilin yayında Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etməsini təklif edib.

“Russia Today” telekanalının İngiltərədə yayımının dayandırılması da bir başqa variant olaraq dilə gətirilir. Ölkədə mediaya nəzarət üzrə məsul qurum olan “Ofcom” Baş nazir Tereza Meyin sabah edəcəyi çıxışından sonra Rusiya telekanalının lisenziyasının gözdən keçirilə biləcəyini bildirib.

İngiltərə KİV-inə görə, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi maliyyə sanksiyalarının genişləndirilməsi də gündəmə gələ bilər. Ancaq, bəzi analitiklər hesab edir ki, Macarıstan, İtaliya və Yunanıstan kimi üzvlər bu sanksiyaların yumşaldılmasının tərəfdarı olduğundan, İngiltərənin bu mövzuda Avropa İttifaqından tam dəstək alacağı inandırıcı görünmür.

5-ci maddə ehtimalı

Mövzunun NATO-nun gündəminə daşınması da ehtimallar arasındadır. Rusiyanın İngiltərə torpağında “qeyri-qanuni güc tətbiq etdiyi” tezisi irəli sürülərək MATO-nun 5-ci maddəsinin tətbiq edilməsi gündəmə gətirilə bilər.

NATO-nun üzvlərindən birinə edilən hücumun bütün üzvlərə hücum kimi qiymətləndirilməsini nəzərdə tutan 5-ci maddə ittifaqın tarixində yalnız 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ-ın tələbiylə tətbiq olunub.

Rusiyaya qarşı mümkün sanksiyaların baş nazir Tereza Meyin sabah parlamentdə keçirəcəyi həftəlik “Baş nazirə suallar” adlı iclasda elan etməsi gözlənilir.

Qeyd edək ki, Tereza Mey dünən parlamentinin İcmalar palatasında çıxışı zamanı bildirmişdi ki, Sergey Skripalın zəhərlənməsi işi üzrə Rusiyadan iki gün ərzində izahatları gözləyir. Tereza Mey rəsmi Moskvanı Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində əli olmaqda ittiham edib.

“Artıq aydındır ki, cənab Skripal və onun qızı Rusiyada istehsal edilən sinir iflicedici maddə ilə zəhərləniblər”, - baş nazir bildirib.

Sergey Skripalın zəhərlənməsi

Xatırladaq ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

“Sky News” kanalı daha əvvəl bildirmişdi ki, əgər Britaniya müstəntiqləri bu işdə “Kremlin əli”ni aşkar etməyi bacarsalar, bu onsuz da sərin olan Moskva-London münasibətlərinə ciddi zərər verə bilər.

Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.

Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.

Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.

BC-nin təhlükəsizlik məsələləri üzrə müşahidəçisi Qordon Korera hesab edir ki, hadisə 2006-cı ildə keçmiş Rusiya agenti Aleksandr Litvinenkonun zəhərlənməsini xatırladır.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi