“CƏMİL Həsənlini siyasətə BİZ GƏTİRMİŞİK..." - TURAL ABBASLI

Seçki yaxınlaşdıqca ölkədəki siyasi atmosfer də aktivləşir. Prezidentliyə namizədlərdən biri, Ağ Partiya başqanı Tural Abbaslının bu günlərdə hurriyet.org saytına verdiyi müsahibədə səsləndirdiyi iddialar ciddi müzakirə yaradıb.

Musavat.com xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənlinin seçkilərə qatılan partiyaları müxalifət düşərgəsinə xəyanətdə ittiham etməsi T.Abbaslının bir çox məqamları açıqlamasına səbəb olub.

T.Abbaslı bildirib ki, rəhbərlik etdiyi partiyada təmsil olunan şəxslərin əksəriyyətini siyasi arenada artıq 10 illərdir, tanıyır. Hazırda Ağ Partiyanın rəhbərliyində beynəlxaql təşkilatlar, “Amnesty International” tərəfindən tanınmış 4 vicdan məhbusu var.

“Biz təsadüfi adamlar deyilik” deyən T.Abbaslı C.Həsənli barəsində sərt fikirlər bildirib: “Cəmil Həsənlini isə heç vaxt siyasətçi kimi qəbul etməmişik. Hətta 2013-cü ildə biz Milli Şuranın sədrliyinə onun namizədliyini verərkən Azərbaycanın siyasi arenasında Cəmil Həsənlinin adı heç bir məna kəsb etmirdi. Yalnız 2005-ci ildə partiyanın qərarına tabe olmayıb, parlamentdə oturduğuna görə partiyadan qovulan orta statistik tarixçi, alim kimi yadda qalırdı. O, nəinki Biləcəridən, hətta yaşadığı ərazidən - Yasamaldan o tərəfdə tanınmırdı. O zaman mən Müsavat Partiyasının Divan üzvü, Milli Şuranın təsisçilərindən, kampaniyasını sıfırdan başlayan Cəmil Həsənlinin vəkili idim. Əslində Müsavat, AXCP və Milli Şura olaraq onu siyasətə biz gətirmişik. Həmin dönəmdə Cəmil Həsənli bizim qarşımızda öhdəlik götürmüşdü ki, əgər seçilərsə, o zaman 2 il müddətinə parlament seçkiləri keçirəcək və daha sonra prezidentlikdən istefa verəcək. Eyni zamanda, siyasətdən birdəfəlik gedəcəyinə dair öhdəlik də götürmüşdü, heç bir partiyanın üzvü belə, ola bilməzdi. Qeyd edim ki, Cəmil Həsənli Milli Şuranın sədri postuna siyasətçi kimi deyil, sırf bitərəf ziyalı kimi seçilib. Bildiyiniz kimi, o zaman Milli Şurada Müsavat-AXCP maraqları, qarşıdurması vardı. Buna görə də Cəmil Həsənli Rüstəm İbrahimbəyovun dublyor aktyoru kimi Milli Şuraya sədr seçildi. Sadəcə olaraq, o, bu rola o qədər aludə oldu ki, artıq özünü böyük siyasi xadim hesab edir. Əgər bununla bağlı bir sorğu keçirilsə, onda Milli Şura Cəmil Həsənlini namizəd elan etdiyi günə qədər cəmiyyətdə onun adının xatırlanmadığını müəyyənləşdirmək olar”.

T.Abbaslı eyni zamanda C.Həsənlinin hazırda eyforik vəziyyətdə olduğunu deyib. Onun sözlərinə görə, C.Həsənli artıq kiməsə müxalifət lisenziyası verə biləcəyini düşünəcək qədər bir atmosferə salınıb: “O, elə zənn edir ki, kimisə müxalifət saya və ya kimisə saymaya bilər. Guya ki, onun fikri kimlər üçünsə önəmlidir. Qeyd etdiyim kimi, mən 18 ildir ki, siyasətlə məşğulam və bu illər ərzində beynəlxalq təşkilatlarla, Azərbaycan hökumətinin nümayəndələri ilə də görüşümüz, debatımız olub, siyasi partiyaların rəhbərləriylə, digər dövlətlərin siyasiləri ilə diskusiya aparmışıq. Lakin buna rəğmən, heç bir halda asmosferə girməmişik, daim yerimizi, həddimizi, hüdudumuzu bilmişik. Adam iki gün bir gecə iki ingilis, bir fransızla görüşüb, indi elə bilir ki, bütün dünyanın nəzəri Cəmil Həsənlidədir və artıq müxalifət lisenziyası paylayır. O, öz keçmişini, 5-6 il öncə nələrlə məşğul olduğunu unudub. Onun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin hüquqlarını müdafiə komitəsinin rəhbəri kimi redaksiyalara pul daşımasından, parlamentdə mövcud hakimiyyətin təhsil sisteminə verdiyi töhfələrin tərifindən tutmuş, yazdığı kitabların ön sözündə nazirlərə təşəkkürünədək "qəhrəmanlıq"ları var. Buna rəğmən, o, ömrünü müxalifətçiliyə qoyan şəxslərə deyir ki, onlar bizi satıblar. Mən Cəmil Həsənli adda adamı ilk dəfə "Azadlıq" radiosunda bizi Rəsulzadənin ad günü ilə bağlı canlı efirə dəvət edərkən gördüm. Onu verilişə alim, məni isə Müsavat Partiyasının gənclər təşkilatının rəhbəri kimi çağırmışdılar. Həmin vaxt mən Rəsulzadədən, o isə Zərdabidən danışırdı. Rəsulzadənin adını belə, çəkməyə cəsarət etmirdi. Deyəsən, o zaman deputat idi. Yəqin ona görə ehtiyat edirdi. Buna görə də bu adamın dediklərini ciddiyə almıram. Təəssüf edirəm ki, biz vaxtikən gəncliyimizi fəda edib, belələrini tanıtmışıq. Əgər biz zamanında belələrini yox, özümüzü tanıtsaydıq, bu gün bu məsələləri diskussiya etməzdik. Ümumiyyətlə, bu gün Azərbaycan siyasəti adından danışanları - Cəmil Həsənli və hakimiyyətdə təmsil olunan bəzi Hadı Rəcəbli kimiləri, yaxud da siyasəti söyüş səhnəsinə çevirən mühacirləri gördükdə təəssüf hissi keçirməmək mümkün deyil. Siyasət bu deyil. Siyasət hər cəmiyyətin elitar peşəsidir, burada səviyyə, qırmızı xətlər, norma və dəyərlər olmalıdır. Siyasətdə "Atam mənə kor deyib, gələni-gedəni vur deyib" prinsipi olmamalıdır”.

Ağ Partiyasının sədri həmçinin C.Həsənlinin siyasi analiz, dəyərləndirmə keyfiyyətlərinin olduğuna inanmadığını deyib:O, tarixçi adamdır. Arxivlərdən tarixi faktları toplayıb, bir kitab kimi çap edə bilər. Ancaq siyasi səhnəni analiz edib, situasiyanı dəyərləndirmək, vəziyyətə uyğun addımları müəyyənləşdirmək, yeni fikirlər demək qabiliyyəti yoxdur. Lakin yenə də seçkilərə gedənlərlə bağlı ifadələri Cəmil Həsənli səsləndirdiyinə görə, belə qəbul edək ki, onun fikridir. Diqqət yetirin, bu gün seçkiyə gedənlər satqın adlandırılır. Halbuki Cəmil Həsənli deputat olduğu dönəmdə də eyni iqtidar və eyni Mərkəzi Seçki Komissiyası idi, indi də eynidir. 2005-ci ilə qədər seçki kampaniyasının müddəti uzun idi. 2005-ci ildən sonra isə 6 aylıq seçki müddətini 3 aya endirdilər. Təbliğat-təşviqat kampaniyası 60 gündən 23-24 günə düşdü. Məhz həmin vaxt, yəni 2000-2010-cu illərdə Cəmil Həsənli deputat olub. Adam iki dəfə deputat kreslosunda əyləşib, indi isə seçkiyə qatılanları ittiham edir. Odur ki, boykotçuların mövqeyində heç bir arqument yoxdur. Məsələn, 2008-ci ildə seçkiləri boykot edənlər 2013-cü ildə seçkiyə qatılıb, 2018-də yenidən boykot edirlər. Bu, məntiqsizdir. Çünki eyni şərtlərlə keçirilən prosesdə gah iştirak, gah da boykot edirlər. Seçki həmin seçki, onu keçirən həmin qurumdur, deməli, sənin özün üçün nəsə fərlidir, problem səndədir. Ümumiyyətlə, bu halda ortaya maraqlı sual çıxır. Görəsən, bu gün prezident seçkilərini boykot edənlər parlament seçkilərində iştirak edəcəklər? Məntiqlə parlament seçkilərinə də qatılmamalıdırlar. Gözləyək, görək nə olacaq. Lakin indidən sizi əmin edirəm ki, hamısı deputatlığa namizədliyini irəli sürəcək”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi