“DÖVLƏT QULLUĞU təkcə kreslo tutmaq deyil” - PA RƏSMİSİ

“Dövlət qulluğu təkcə kreslo tutmaq deyil”

“Dövlət qulluğu bəzilərinin düşündüyü kimi, təkcə kreslo tutmaq, geniş səlahiyyətlər əldə etmək kimi başa düşülməməlidir. Əksinə, dövlət qulluqçularının çiyninə ağır yük düşür və bunu hər kəs gündəlik təcrübəsində görür və hiss edir”. 

Bunu Prezident Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov bildirib. 23 iyun dövlət qulluqçularının peşə bayramı günü ilə bağlı yazdığı məqalədə S. İsmayılov qeyd edib ki, ilk baxışda dövlət qulluqçularının sayı çox görünsə də, əslində, belə deyil: “2018-ci il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfərdir ki, onların 28,8 faizini qadınlar təşkil edir. 

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 44 ildir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir.

Ümumilikdə ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı heç də çox deyildir. Respublikada fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçuları Azərbaycanın məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir”. 






Fikirlər